Yeni il Bayramı

Yeni il Bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Yeni il nə vaxt olur?

Görəsən, planetimizdə neçə Yeni il bayramı var? Bu, heç də asan sual deyil.
Əvvəlcə, Yeni ili, ənənəvi olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qarşılayanlardan başlayaq: bunlar MDB məkanı ölkələri, Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya, Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələrdir. Bunun ardınca Yeni il yanvarın 14-də Yunanıstana qonaq gəlir və Müqəddəs Vasili günü adlanır. Uşaqlar çəkmələrini səxavətli Vasilinin onların içinə hədiyyə qoyacağı ümidi ilə sobanın yanına qoyurlar və arzularına çatırlar.
Sonra Ay təqviminə uyğun Yeni il gəlir. Onun dəqiq tarixi yoxdur, çünki yazın ilk təzə Ayı (hilal) çıxanda qeyd olunur. Ay təqvimi ilə Yeni il bayramını Çində, Malayziyada, Vyetnamda, Sinqapurda, Koreyada, Monqolustanda və Asiyanın digər ölkələrində, habelə buddizmə sitayiş edənlər keçirirlər.
Müsəlmanların Hicri təqvimi ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər il dəyişir.
Sonra hər il gecə ilə gündüzün bərabərləşdiyi gün — martın 21-dən 22-nə keçən gecə qarşıladığımız sevimli Novruz bayramı gəlir. Novruz Əfqanıstan, İran və Pakistanda, Orta Asiya respublikalarında və ölkəmizdə qeyd olunur. Növbəti gün, martın 22-də Yeni il Hindistanı haqlayır. Qeyd etmək lazımdır ki, Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var. Aprelin 1-də — zarafatlar və oyunlar günündə Yeni ili Odessada və Birmada qarşılayırlar. Aprelin 13-də Yeni il Şri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir. Mayya tayfaları Yeni ili iyulun 16-da qeyd edirdilər. Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada sentyabrın 1-də, Efiopiyada sentyabrın 11-də,Qambiyada oktyabrın 7-də, Yəməndə noyabrın 18-də, Okeaniyada və Havay adalarında noyabrın ortalarında qarşılayırlar. Yəhudilər Yeni ili (Roş xa-Şana) Tişrey (sentyabr) ayının1-ci və 2-ci günü qeyd edirlər.
Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin (Samayna) adı ilə məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və Men adasında qarşılayırlar.

Yeni ili nə vaxt bayram etmək başlıca şərt deyildir. Əsas odur ki, qarşıdan gələn hər Yeni il insanlara xoşbəxtlik bəxş etsin!

Müellif : Afaq Şıxlı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı TARİH içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.