Məmməd İSMAYIL – BAYAT – Povest

Məmməd İsmayıl6

Əvvəllər yer üzündə heç nə yoxdu, vaxt da boş-boşuna gəlib keçirdi. Dünyanın nə ağacı-daşı vardı, ilişib yaşıl yarpağını saraltsın, qayasını üyüdüb quma döndərsin, nə insanı vardı, cavan ömrünü qoca etsin… Sonra dünya dünya oldu, ağacı-daşı və bu ağaca-daşa “mənimdi” deyən insanı yarandı, beləcə, zamanın iş görmə zamanı gəldi…

* * *

…Doğrudanmı bu onun xarakteri idi? Yoxsa bilərəkdən özünü sovet höku­mətinin kağız üzərində qalan, həyata keçməyən şablonuna uyğunlaşdırırdı. Amma o, belə idi. Atasız, köməksiz, kimsəsiz, gözüqıpıq böyümüşdü. Bəlkə sahibsizliyin, kimsəsizliyin, köməksizliyin qorxusundan gələn təmizlikdi bu? Bəlkə arxası, köməyi, dar gündə əlindən tutanı olsaydı, o da şeytan əməlinə uyar, halalına haram qatar, rüşvət də alar, hələ bir az o tərəfə də keçərdi. Heç təmizlik, saflıq haqqında düşünməzdi də… Kim bilir? Bunu hər halda ekstremal hadisələr ortaya çıxarır. Hələ ki, xarakterini sınaqdan çıxarmaq üçün belə bir qeyri-adi hadisə ilə qarşı-qarşıya gəlməmişdi də…
Özünə normal bir ev tikdirmək istəyirdi, kənddə çoxlarından seçiləcək, fərqli, hətta adını tarixə sala biləcək bir ev. Bu ev ehtirası beyninə hardan düşmüşdü, özü də bilmirdi. Bəlkə tək bacasından gündüzlər günəşin, gecələr ayın işığı düşən daxmada dünyaya gəldiyindən, gözəgörünməz bir əl onun başına bu zamansız ev sevdasını salmışdı? Sovet hökuməti bəylərin, xanların, ağaların axırına çıxsa da onların adlarının axırına çıxmamışdı, çıxa bilməmişdi. İçində dünyanın ən gözəl meyvə ağacları olan kolxoz bağlarından birinə hələ də “Ağalığın bağı” deyirdilər. O ağalığın bağı ki, armudlarının adı çəkiləndə uzaqdan-uzağa adamın ağzı sulanırdı. Çiçəklər uzaqdan tozlandığı kimi meyvələrin də uzaqdan-uzağa ruha qanad verməyi, maddiləşməyi vardı. Yaşlı adamlar hələ sovet hökumətinin kəsə-kəs vaxtında da kəndin bütün evlərindən seçilən kolxoz idarəsinə “Allahyar bəyin imarəti” deyirdilər… O da elə ev tikdirəcəkdi ki, “Ağalığın bağı”, “Allahyar bəyin imarəti” kimi tarixə düşsün… Amma nə ilə, hansı pulla? İçində gözəgörünməz qüvvəyə elə böyük inam vardı ki… Hayandansa qarşısına bir təsadüf çıxacaq və bu təsadüf ömrünün axarını dəyişəcək, yetim arzularının həyata kəçməsinə yardım edəcəkdi. Edəcəkdimi? Bu sualı onun özünə versən, özünün də cavab verəndə dili topuq çalardı. Adəti idi, hər zaman əzilənin yanında yer alar, hətta döyülsə, söyülsə də haqqın tərəfini tutardı. Orta məktəbdə oxuyanda belə davranışlarına görə az təzyiqə məruz qalmamışdı… Bağlı qapıları açacaq dayısı, pulu olmadığından, onun Allaha sığınmaqdan başqa bir çarəsi də yoxdu… İçində elə böyük arzuları vardı ki?! Bir gün bu arzuların onu gerçəklik dünyasına aparacağına adına inanan kimi inanırdı. Bəlkə də dünyada ən böyük iş arzulamaqdır. Hər kəsin arzusu olsa da, hər kəsin arzusu yerinə yetmir ki?! Yalnız inadlı canatımlar insanı arzularına qovuşdurur. Bayat da arzu dağarcığıydı… Görəsən, arzuların mənbəyi hardadır? – deyirdi. Hardan gəlib qəlbimizi ünvan seçir? Bizmi arzuları seçirik, yoxsa o da bir vəhy kimi Allah tərəfindən içimizə doldurulur?.. Hərdən Bayata elə gəlirdi ki, arzuların birbaşa Allahla əlaqəsi var… Və insanı doğan, yoğurub yapan, nəhayət, uğura ulaşdıran atadan, anadan əvvəl arzulardır.
Yəqin dünyaya gələn hər kəsin fərqlənmək, seçilmək ehtirası var. Bu dəli ehtiras Bayata da yad deyildi. Anası hər dəfə falçıya baxdıranda qulağının ucuyla da olsa bu deyilənlərin ümidli, inamlı sözlərini seçib yaddaşının ən qayım yerinə həkk edərdi. Falçılar isə elə bil bir-birinin qulağına pıçıldamışdılar, elə hey anasına ümidli sözlər deyərdilər:
– Yaman günün ömrü azdır, bax, inşallah, görəcəksən, oğlunun axırı yaxşı olacaq, hamı gələcəkdə ona küvənəcək, bax, görərsən.
Əslində, falçıların sözü bir bəhanə idi, elə Bayatın özü də özündən möcüzə gözləyirdi. Bəlkə, elə Allah insanlar dünyaya gəlməmiş, onların içinə özündən də bir şeylər qoyur, bu, Allaha, möcüzəyə inam hissidir. Biriləri o dünyanın bu dünyaya gələn əzab yolunda o hissi itirir, bu dünyaya gətirə bilmir, biriləri, Bayat kimiləri də o hissin içinə harda dolduğunu, kimin doldurduğunu bilmədən ona inanır, ondan gözəgörünməz ümid kəndiri kimi yapışır. Bayat inanırdı ki, elə nağıllardakı kimi ona da gecələrin birində mələklər tərəfindən badə içiriləcək və elə işlər görməyə qadir olacaq ki, hamı onu barmaqla göstərəcək, hörmət edəcək, hörmət yox ey, pərəstiş edəcək. Amma ona badə içirildiyini hardan biləcəkdi? Buna görə də öz-özünü sınaqdan çıxarmağı qərara almışdı. Doğrudur, bu sınaqlar o qədər də çətin sınaqlar deyildi. Hərdən gözünü yumub qarşıda uzanan yolun bir hissəsini gözüyumulu getmək istəyirdi, görsün çaşıb eləmir ki? Əgər çaşmırdısa, bələdlədiyi yerə gözüyumulu çata bilirdisə, deməli, yavaş-yavaş ona badə içirilməkdə idi. Ya da yaz, yay aylarında çayın qabağını kəsib düzəltdikləri göldə tay-tuşları ilə birlikdə suyun altında nəfəs almadan nə qədər qala biləcəklərinin bəhsinə girişərdilər. O, bu yarışda da birinci olardı. Əgər ona vergi verilməmişdisə, burada Allahın əli yoxdusa, o zaman niyə məhz o, hamıdan çox suyun altında qala bilir? Bəlkə hamıdan çox bunu vərdişə çevirdiyindən? Yox, əşşi, guya o biri uşaqlar səndən az çalışır suyun altında çox qalmağa.Yox, burda həqiqətən də qeyri-adi nəsə var. Bunu demək asandır, amma bu “nəsəni” hamıya sübut etməli idi. Onu tay-tuşları arasında fərqləndirəcək işlər elə də böyük işlər deyildi ki, kəndə səs salsın.
– Niyə darıxırsan, – deyirdi, – Allahın köməyi ilə bu gün-sabah onlar da olacaq! Kəndi dolaşan və hər birində də Allah sirri gizlənən özünü sınaqdan çıxarmaq üçün o qədər əfsanələr vardı ki?! Payızın çənli, çisəkli havalarında pələş yarpaqlarının sarılığı elə bu payız çənindəcə göz qamaşdıran ceviz ağaclarının altında ceviz falına baxardı: -Ağ daş, qara daş, buna bir yoldaş! Hərdən ayın-ilin qismətinə düşən nadir bazar günlərinin birində anası ilə rayon mərkəzinə bazara gedəndə şəhərin qoşa qolları kimi uzanan dəmiryol relsinin üstü ilə yerimək cəhdləri də olurdu. Ürəyində özü-özü ilə şərtləşirdi ki, işdi, bax, burdan o biri döngəyədək bu relsin üstü ilə getsə, gedə bilsə, sinəsini göynədən arzuları mütləq həyata keçəcək, mütləq. Yadında qalmışdı, bir dəfə qara paravozların tüstüləyə-tüstüləyə çəkib apardığı eşalonların əvəzinə relslərin üzərindən süd rəngli bir qatarın keçdiyini görmüşdü… Bəlkə də heç görməmişdi, camış sürüsü kimi arxa-arxaya düzülən görüntüsündən qaramat yağan yük qatarlarına baxmaqdan bezdiyindən belə bir süd rəngli qatar görməyi xəyal etmişdi, elə o xəyalların, arzularla dolu süd qoxulu yuxularının yaratdığı bir qatardı bu. Bu dünyada başqa bir dünyanın da olduğuna, bir gün bu maddi dünyanın da xəyal dünyası olacağı haqqında Tanrı işarəti idi gördüyü yuxular…
Müqəddəs yuxular görmək onun uşaqlıq vərdişidir. Amma gördüyü nə idi, görəsən, hamımı belə yuxular görür, yoxsa bunlar onun elə gündüzlər fikirləşdiklərinin gecələr yuxusunda əksidir, bilməzdi. Kəndin tozlu yolları onun xəyalpərəst ruhunu o qədər sıxmışdı ki, yuxuları kəndlərini şəhərə çevirirdi. Niyə rayon mərkəzində yaşayan uşaqlar hər gün keçən, aranı dağa, dağı arana daşıyan qatarları, asfalt küçələrdə şütüyən bir-birindən yaraşıqlı minik maşınlarını görə bilir, istədikləri zaman bazara gedib nə istəsələr ala bilirdilər, onlar- kənd uşaqları yox? Adi bir şey almaq üçün durub pay-piyada önbeş kilometr yolu rayon mərkəzinə bazarlığa getməli idilər? Onların – kənd uşaqlarının o şəhər uşaqlarından nəyi əskik idi ki? Niyə onların qismətinə elə, bizim qismətimizə isə belə yerdə yaşamaq düşməlidir ki?! Bu bölgünü kim aparıb? Bölərkən heç bizim fikrimizi nəzərə alıbmı? Və bəlkə bütün bunların hayıfını o, yuxularından alırdı. Nə yaxşı ki, yuxular vardı və yuxuların aşkarda heç zaman gerçəkləşməsi mümkün olmayan möcüzələri vardı. Bir də, niyə gerçəkləşməsi mümkün olmayan deyəsən ki? Nə fərqi gecə yuxuda gördüklərini gündüzlər aşkarda görmürsən, görə bilmirsən? Ömrümüzün yarısı yuxuda keçmirmi? Yuxu, gecələr də ömürdən deyilmi? Qışda bahar arzusuyla yaşamaq hissi kimə yaddır ki?! Baharı görmədən bahar arzuları ilə yaşamaq! Qışda baharın olmaması o demək deyil ki, bahar gəlməyəcək. Yuxularda gördüklərinin bir gün bahar kimi Kəmərin yamacından boy göstərməyəcəyini hardan bilirsən? Və beləcə bir dəfə yuxusunda gördü ki, qəbiristanın yoxuşundan üzü kəndlərinə tərəf bir paravoz gəlir. Və qəribəsi də odur ki, sanki bu qatarın polad təkərlərinə relsli, şpallı hazır dəmir yolu sarınıb, lokomotiv irəlilədikcə onun təkərlərinə sarılmış hazır dəmir yolu yumaq kimi açılıb öküz arabalarının, yük maşınlarının gediş-gəlişindən çala-çuxur olan torpaq kənd yolunu mazut qoxusu verən təzə dəmir yoluna çevirir.Və dəmir yolunun kənarında qırağı yamyaşıl ağaclarla çevrəli tər-təzə şüşə kimi parlayan asfalt yol da qalır. Bu yolun isti, hamar asfalt qucağında bardaş qurub beşdaş oynamağın ləzzəti başqa olacaqdı… Bayat bu yuxunu elə canlı görmüşdü ki, möcüzənin həqiqət anını görmək üçün, səhəri yerindən duran kimi daxmalarının dalındakı kənd yoluna qaçmışdı. Amma heyif ki, yağtikanların hörümçək torunda sırsıra bağladığı çiskinli payız səhərində yol elə həmin qərib və yazıq görkəmində idi. Hətta Bayata elə gəldi ki, onun yuxusunun gerçəkləşməsinə yol da xəcalət çəkir. Yoxsa canına bir bu qədər qəriblik çökməzdi ki?! Bayat kənd yolunu heç zaman belə yetim və qərib görməmişdi. Bəlkə yuxusundakı yolla müqayisə etdiyindən gercəkdəki kənd yolunun əyri duruşundan yetimlik yağdığının fərqinə varmışdı… Bayat özünə söz vermişdi ki, böyüyüb əli çörəyə çatanda mütləq dəmir yolu çəkdirə bilməsə də, bu kəndə o yuxusundakı asfalt yolu çəkdirəcək, kənd yolunu bu qərib görkəmindən qurtaracaq. Bəlkə elə gördüyü o yuxu da bunun bir işarəti idi.Yuxusunu kimə yozduraydı ki? Kimə danışsa ona güləcəkdilər. Amma yarıkönül olsa da bu dəfə də içinə damanların bir gün mütləq gerçəkləşəcəyinə inanaraq yaşamağa davam edəcəkdi. O qaranlıq illərdə gündüzün bomboz həqiqətlərindən azad olmaq üçün yaxşı ki, gecələrin elə işıqlı yuxuları vardı, onlar da olmasaydı, günü necə keçərdi?

* * *

…Kürqırağı meşələrdən başlayan otçəkən duman səhərdən üzüyuxarı-yayla­ğa qalxan qoyun sürüsü kimi dərin dərələrdən zirvələrə doğru sürünür. Bu sis-duman çəkilib getdikdən sonra şehli yamaclarda otun bir quzuqırpımı qalxdığı görünür. Danaqıranlar, bənövşələr, nərgizlər ilahi gücün səssiz “oyan” əmrini duymuş olduqlarından beləcə gözəllik sərgisi açıblar. Amma daha bu sərhəd kəndində məktəb uşaqları yazın gəlişinə əvvəlki illərdə olduğu kimi sevinmirlər. Çiçəkləri boy göstərər-göstərməz dərib yaxalarına taxmırlar, çünki zaman güllük, çiçəklik deyil. Bayatın uşaqlıq xatirələrində də müharibə vardı, onu babasız qoyan, vücudu ilə yaşadığı, tarix kitabından oxuduğu müharibə. İkinci dünya müharibəsi! Onda müharibə uzaqlarda gedirdi, çox uzaqlarda . O zaman müharibənin nəfəsi kəndin seyrələn cavanlarının bir-bir yox oluşunda hiss edilirmiş… Top-tüfəng səsi yalnız bir-birinin ardınca kənd evlərinin çürümüş taxtalı qapısını döyən “qara kağızlar”ın ölümlü-qanlı xəbərindən gəlirmiş… Bu kəndin yenə qara günüdür, bu kənd üçün yenə müharibə gedir. Təkcə bir fərq var, əlli il öncə qara kağızlardan eşidilən top səsləri indi kəndin başının üstündən gəlir. Və indi kəndi əhatə edən uca zirvələrin başını ot çəkən duman bürümür, düşmən tərəfdən atılan top mərmilərinin, qrad raketlərinin çıxardığı tüstü zirvələri görünməz edir… Müharibədəndi, ya nədəndi, daha bu kəndin yazını maral heliyi bəzəmir. İldə bir dəfə o nəydi gələn? Maral heliyi nə olan şeydi? Bir bilən vardımı? Bir də görərdin havada hansı rüzgarın qanadıylasa ağ-ağ liflər uçuşur, önünə çıxan qayaya-daşa, dala-budağa ilişib qalır, dişlərini ağardır. Uşaqların ilk maraq yeri olardı haradan gəldiyi məlum olmayan bir günlük gözəgörümlü uçuş. Uşaq suallarının tək bircə cavabı vardı: Maral heliyi! Nə uşaqlar soruşa bilərdi, axı nədir bu maral heliyi, haradan gəlib, haraya gedir? Nə böyüklər özlərinə əziyyət verərdi bu cavabı bilinməyən sualları cavablandırmağa. Bəlkə bir zamanlar onların da uşaq sualları böyüklər tərəfindən cavabsız qalmışdı, kim bilir. Maral heliyi! Bəlkə bu, Allah tərəfindən olan milyonlarla gözəgörünməzlərin bir-iki gözə görünən möcüzələrindən biri idi. Allah insanlara beləcə ip ucu verirdi, onu dərk etmək üçün. Amma fikrin tənbəli insanlar, bu möcüzəyə bir zamanlar kimdənsə eşitdikləri başaldadan, canqurtaran “Maral heliyi” cavabını verməklə işlərini bitmiş hesab edirdilər. Bu qədər maral hardaydı ki, onların da bir bu qədər heliyi olaydı? Kəndin başının üstünü alan qəfil müharibə maral heliyi ilə bərabər onun yaratdığı bir günlük möcüzəvi havanı da yox etmişdi…
Uşaqlar artıq atalarının yolunu arandan- rayon mərkəzindən gələn yolda gözləmirlər. Çünki sərhəd kəndinin uşaqları artıq özləri neçə ildir gedən savaşın birbaşa iştirakçılarıdır. Bu kəndin adamları dünyanın çeşidli yerlərində gedən müharibələrə nə qədər maraq göstərirdisə, indi dünya da bu kənddə gedən savaşa eyni həssaslığı göstərir, yəni göstərmir. Onda kimsənin ağlına gəlməzdi ki, çiçəklər uzaqdan tozlandığı kimi, o müharibə uzaqlığı beləcə yaxın olacaq, uzaq olaylar bir gün sizə də yaxın gələcək və bir zaman sizin etdiyinizi bu dəfə də dünyanın başqa yerlərində yaşayan insanlar edəcək, başınıza gətirilənlərə çiyinlərini çəkməklə cavab verəcək. Kəndləri ermənilərin Çinari kəndi ilə sərhəddir. Tərs kimi kəndin adı da heç erməni adı deyil: Çinari. Sondakı “i” hərfini götürsən hər şey aydınlanacaq. Bayatgilin kəndləri ilə Çinar xurcun tayıdırlar, tərəzinin iki gözü kimidirlər; Şəhmir dağının sağ dərəsində Çinar, sol dərəsində isə Əsrik yerləşir. Bu kəndlərin hər biri bir çay boyuna, bir dərəyə sığınıb. Sovet illərində bu kəndlərin bir-biri ilə gediş-gəlişi kəsilməzdi… Bayatgilin kəndindəki ən gözəl evləri Çinardan gələn erməni ustaları tikərdi, həm də yerli ustalardan daha ucuz qiymətə… Ev tikdirənlər bu erməni tamahsızlığını, səxavətini anlamazdı. Heç özləri də öz-özlərinə soruşmazdı ki, ey dili-qafil, bu erməni ustaları nəyə görə belə səxavətlə iş görür. Niyə də fikirləşməli idilər ki? Axşamdan sabaha kəndin ortasındakı Caqqulunun hardansa alıb gətirdiyi batareya ilə işləyən pələş-təvərə radio cihazından “Qardaş olub Hayastan, Azərbaycan” mahnıları oxunmurdumu? Həm də xaçpərəst ermənilərlə türk müsəlmanları birləşdirən başqa cəhətlər də yox deyildi. Bu da kirvəlik məsələsi idi. Kirvəlik deyəndə ki, bu yaxınlıq üçün bir bəhanəydi… “İşinin xatirinə erməniyə dayı deyir”, atalar misalı da yəqin ki, başqa bir kənddə yox, elə Bayatın dost-doğmaca Əsriyində uydurulmuşdu. Kəndin varlı-hallı adamları uşaqlarını sünnət etdirəndə kirvə üçün baş sındırmaq gərəkməzdi. Hazırca Çinarın Qarsevəni, Arşağı, Ersüni kirvə olmaq üçün fürsət gözləmirdilərmi? Kirvəlik isə ən yaxın qohumdan da daha şirin olurdu. Zarafat deyil, bir xaçpərəst erməninin qucağında bir türk oğlu müsəlman olurdu. Və bu türk uşağının pülüyündən axan qan dostluğu az qala qohumluğa çevirirdi. Bu qohumluqda isə hər iki tərəfin öz karı vardı. Erməni hazırca iş yeri qazanırdı, kəndin inşaatında söz sahibi olurdu. Türk oğlunun atasının isə öz fəlsəfəsi vardı. Çinarda erməninin tut arağından vurub keflənmə, keflənmədən də özünü kefli göstərib marqolara göz qırpma imkanı yaranırdı. Beləcə, nə şiş yanırdı, nə kabab. Qazan örtülü qaynayırdı. Çinara tez-tez gedib – gəlmələr kişilərdə şübhə doğursa da, qadınlarda doğurmurdu. Əsas olan da bu idi… İndi Çinardan – o kirvələrin kəndindən atılan qrad mərmiləri sanki marqoların gecikmiş qisasına bir işarət idi. Bayat başının üstündən uçan qrad mərmilərinin tükürpərdici vıyıltısı şimşəkdən, qartal qıyından başqa bir səs eşitməyən dağların dərə qulaqlarında əks-səda verdikcə keçən günləri xatırlamaya bilmirdi. Şəhmirin Çinar aşacağında qırmızı puf daşından tikilmiş ermənilərin “vəng” deyə adlandırdıqları qədim bir kilsə vardı. Vəngin yan-yörəsi toyuq, xoruz tükü ilə çevrələnərdi. Sanki vəng binası xırman yeri idi, çevrəsindəki tüklər isə xırmandan ətrafa yayılan saman çöpləri. Ermənilər dini bayramlarında nəzir dedikləri xoruz və toyuqları qurban kəsərdilər… Həqiqətən də vəngin təlqinedici bir görkəmi vardı. Ən azından Əsrikdə buna bənzər bir tarixi abidə yoxdu. Axtarsan, kənd evləri də bambaşqa idi. Çinarın evləri daha görkəmli-qumundan, sementindən tox evlərdi. O zaman hayandansa Bayatın ağlına gəlirdi ki, başqa necə ola bilər ki, əlbəttə, erməni ustaları özləri üçün tikdikləri evləri daha gözəl tikəcəkdilər. Sonralar Bayat bir həqiqəti də özü üçün kəşf etmişdi; bizimkilər marqoların xatirinə hər şeyindən keçəndə erməni ustaları kirvə-kirvə oyunu oynaya-oynaya təkcə qazanc üçün deyil, bu türk kəndinin evlərini gizli, uzaqgörən niyyətləri ilə başdan-başa erməni-xristian tərzində tikirdilər. Evlərin pəncərə və qapı tağları xaç şəklində hörülürdü.
Vəngdən baxanda Çinar kəndi ovuc içi kimi görünür. Vəng ona “zəng” sözünü anımsadır. Bunun səbəbi hərdənbir kilsədən yüksələn zəng səsləri olmalıydı. Yaşıllıqlar, bağ-bağatlar içindən görünən evlərin qırmızı kirəmitləri qızılgül qönçəsinə bənzəyirdi. Kənd, çay yatağı kimi dərələr boyunca elə dərələrin axarına uyğun şəkildə qıvrılan mavi gölü andırırdı. Ən vacibi isə o zamanlar hətta Bayatgilin rayonlarında su-elektrik stansiyası olmayanda, Çinar axşamları yerli elektrik stansiyasının işıqları ilə çıraqban olurdu.
May ayında Çinar kəndinin məktəbliləri ilə Əsrik kəndinin şagirdləri arasında vəngin ətrafında müxtəlif yarışlar keçirilərdi. Bu yarışlarda çox zaman Əsrikli uşaqlar qalib gələrdi… O zaman Bayat uşaq ağlıyla bunun səbəbini öyrənməyə çalışardı. Bu, bəlkə də erməninin qanına, canına hopmuş türk qorxusunun təsiri idi, bəlkə də yox, hər halda Əsrikli uşaqların yarışlardakı hər dəfəki qələbəsi hansı sirli bir gücünsə gözəgörünən işarəti idi. Başına gəlmiş bir hadisə də onun bu qənaətini gücləndirmişdi…
Qonşuları Məmmədəli kişi ilə Çinara səfərlərini xatırlayırdı… Hardasa, on yaşı olardı. Qonşuları Məmmədəli kişi Çinara balta və dəhrələrini itilətməyə gedirdi. Bundan xəbər tutan Bayat da ağaca-daşa döyəcləməkdən korşaltdığı baltasını qoltuğuna vurub Məmmədəli kişiyə qoşulub Çinarın yolunu tutmuşdu. Bu, Bayatın Çinara ilk gedişi idi. Vəngdən baxanda, kilsə yamacında yaşıllıqlar içində mavi göl kimi cilvələnən Çinar bir başqaydı, içinə girdiyi Çinar bir başqa. Əsrikdən fərqi çoxdu. Doğrudur, Çinarın sən deyən küçəsi, səliqə-sahmanı yoxdu. Amma içini itburnu kolları dolduran ağac şivlərindən çəkilən çəpərlərin arxasından görünən evlər daha düzənli və gözədəyəndi. Bacalardan burula-burula, yorğun-arğın qalxan tüstülərdən burnuna alışıq olmadığı qoxular gəlirdi. Bu yad qoxu Bayatın içinə dolur, başını gicəlləndirir, ürəyini bulandırırdı. Yoldan evlərə burulan cığırların kənarlarında gərmə yığını gözə dəyirdi, gərmənin çevrəsi püşqarışıq üzüm, tut, alma cecəsi ilə dolu idi. Çinarın samaqonu-meyvə arağı adnan söylənirdi. Doğrudur, Bayatın bu erməni matahından bəhrələnən yaşı deyildi. Amma axşamlar Əsrikdəki evlərdən eşidilən qalmaqaldan bu evə davanın araq üstə düşdüyü bəlli idi. Nə olub? – sorusuna:
– Başı batmış, yenə erməninin samaqonundan içib başını itirib, – cavabı gələrdi.
– Köpək uşağı bizim kişiləri də özlərinin gününə salejaxlar.
O biri səs cavab verirdi:
– Azz, bu kənddə bu qədər erməni ustası işləyib, heç görübsən biri içib ağlını itirsin, onu de bizimkilərə, itin qursağı yağ götürməz ki? Erməni o andır qalmışını elə bizim başıboşlar üçün belə sərt çəkir də.
Bayat bunları düşünə-düşünə fikirləşirdi ki, yəqin bu başını xarab edən qoxu zəhirmar, elə o cecələrdən gəlir.
– Cecəsi belə baş dumanlandıranda indi gör arağı nə təhərdir?
Kəndin ən gözədəyəni isə süd dolu məmələri az qala yerlə sürünən, çevrəsində 10-15 çoşkası nırçıldayan anaş donuzlar idi; iyi almış kimi dağ yolundan gələnlərin buralar adamı olmadığını anladıqlarından da uzun, ətli xortumlarının altından xosunlaşırdılar. İki çəpərin arasına sıxışmış dar yol Bayatgili dəyirmana doğru aparırdı. Çaydan yamaca qaldırılan dəyirman arxı iki tərəfindən də çevrəsinə söyüdləri alıb aşağıya, donuzluğuna doğru irəliləyirdi. Əsrikdə dəfələrlə eşidib bir anlam vermədiyi bu “dəyirmanın donuzluğı ” deyimi burada lap yerində səslənirdi. Arxdan kənarlara sızan qaçaq su bərabərində əvəlikli, lilparlı bir halə yaratmışdı. Dəyirman arxı eyni zamanda kiçik elektrik stansiyasının da pərlərini hərəkətə gətirirdi. Çinarda elektrik enerjisi ilə işləyən dəyirman vardı, bunu Bayat əvvəlcədən də bilirdi. Dəyirmanın sağ əlində çardağın altında ev alətlərini itiləmək üçün kiçik bir sex də vardı. Dəyirman arxından bir az aşağıda sahili yamyaşıl ot və mamırla çevrələnmiş dağ çayı üfüqdən aldığı yaz günəşinin sönük şəfəqlərini də sularına qatıb arana tərəf qoşmağında idi…
Məmmədəli kişi ilə yol getməyin də ayrı bir aləmi vardı. Yol boyu dodağının altında elə hey qımqımı çalıb-oxuyur, gümüldənirdi:

Payız aylarında bu vaxtı məni,
Unutdu dostlarım, buraxdı məni.
Qəza pis yerimdə nə yıxdı məni,
Eyləyin toyunuz mübarək olsun.

Bayat Məmmədəli kişinin özündən söz qoşduğunu bilirdi. Onu da bilirdi ki, kəndə toy keçirməyə gələn aşıqlar bəlkə elə Məmmədəli kişiyə görə çəkinə-çəkinə gəlirdilər. Necə olsa, kənddə sazdan, sözdən bu qədər anlayan, anlamağı bir yana dursun, söylədiyi qoşmaları dillərə düşən bir el ağsaqqalı var. Əslində, kənddə şeir qoşan təkcə Məmmədəli kişi deyildi ki? Kimi qurdalasan şeirlə cavab verirdi. Qoşanı məlum olmayan həcv və “poxlamalar” kəndi ağzına götürərdi. Söz qoşan bir deyil, iki deyildi ki, yaxasından yapışaydın, ona görə də hər kəs bir-birindən şübhələnərdi. Amma Məmmədəli kişi bir başqaydı. Onun öz yeri, öz ağırlığı, sözünün çəkisi vardı. Bayatın da bu kənd dalğasında içində ilham qığılcımları közərməyə üz tutmuşdu, o da kimsəyə göstərməsə də şeir cızmaqaralamağa başlamışdı. Həm də özünü Məmmədəli kişiyə bənzətmək istəyirdi. İndi bu səfərdə balta, dəhrə itilətmək bir bəhanə idi, əsas Məmmədəli kişi ilə belə bir səfərə çıxmaq və bəlkə ondan sözün sirrini öyrənməkdi…
Məmmədəli kişi Çinara bəlkə başının tükü sanı gəldiyindən bu yerlərin hər qarışına bələd idi.Və çardağa çatar-çatmaz:
– Mıkırtıç kişi, ay Mıkırtıç kişi, – deyə çağırmağa başladı. Bayat belə bir erməni adını ilk dəfədi ki, eşidirdi, içində öz-özünə:
– Ad qoyan, atana lənət, belə də ad olarmı, ə? Bütün samitləri elə bil qəsdən bir yerə yığıblar ki, birdən ayrı düşüb itərlər…
Qarşıdakı tox evin zirzəmi qapısının cırıltısı eşidildi. Sanki cavab verən Mıkırtıç kişi idi, səs də ondan gəlirdi. Amma Bayatın düşüncəsinin əksinə his basmış qapının arxasından elə onun yaşda bir erməni dığasının başı uzandı. Dodağının altında ermənicə nəsə söylədi. Sifətindən zəhirmar tökülürdü. Bayata elə gəldi ki, bu erməni uşağının onun ürəyindən keçənlərdən xəbəri var, yoxsa niyə Məmmədəli kişiyə yox, ona belə qanlı-qanlı baxırdı: mən ona nə eləmişəm ki? Sanki Məmmədəli kişi də onun dilini anlamış kimi, yamsılayaraq:
– Ara, a dığa eli, Mıkırtıç kişi evdəmi? Onunla bu günə vədələşmişdik, bizim kəsərləri itiliyəcəkdi…
Dığa başının işarəsiylə “Yoxdur” dedi və içəri girməyi ilə çıxmağı bir oldu. Bayatgilin dilini anladığı, amma qəsdən danışmaq istəmədiyi hər halından bəlli idi. Bir şey söyləmədən özünü çardağın altına verdi… Düyməni basmağıyla çarx işə düşdü, hirsli-hirsli Məmmədəli kişinin alətlərini itiləməyə girişdı. Onsuz da qara olan sifəti bir az da qaralmışdı. Dodaqları kəlbətin ağzı kimi kilidlənmiş, gözləri fırlanan daşla dəhrə tiyəsi arasında qalmışdı. Dığa Məmmədəli kişinin kəsərlərini itilədikdən sonra, növbə Bayatın alətlərinə çatmışdı. Amma dığa o yanlıq deyildi, düyməni basıb motoru dayandırdı. Məmmədəli kişi ağzına su alıb susan, altdan-altdan baxan dığaya üzünü tutub: — Ayə, ay Allahın ermənisi, niyə matoru söndürdün, bə bu uşağın baltası nə olsun?
Məmmədəli kişi hirsləndiyindənmi, ya nədənsə bu dəfə ermənicə yamsılamağa da ehtiyac duymamışdı. Kişinin inadı faydasız idi. Erməni dığası Bayatı göstərib:
– “Türke dığa”, “türke dığa” deyə-deyə özünü çıxdığı yerə- qarşı binanın zirzəmisinə təpdi. “Dığa” sözü Bayatın yadına kənddə oynadıqları uşaq oyunlarını, təkərləmələri saldı: “A dığa, dığa, şan dığa, səni göndərim pamığa”. Ya da ilk dəfə erməni bənnalarının bir-birinə işarası söylədikləri anlamı bilinməz: Hires, hires manqiles, burnotu bol, bol kəses, köhnə kaşa yeqala” misraları beynində gümüş zəncirə dönüb cingildəməyə başlamışdı. Yarıtürk, yarıerməni sözqarışımından qoşulan bu sözlərdə onsuz da erməniyə qarşı bir sevgi də yoxdu. Buna görə onların tam mənasını öyrənmək Bayatın indiyə qədər heç ağlına belə gəlməmişdi. Bəlkə birindən soruşub öyrənə bilərdi.. Bəzən anlamadıqlarımız anladıqlarımızdan daha vacib olur. Və Bayat uşaq ağlı ilə anlayırdı ki, insanın ruhunda elə bir şey var ki, eşitdiyini tamı tamına anlamadan da keçinə bilir. Bu mübhəmliyin həzzi bir başqadır. Və “Türke dığa” sözcüyünün arxasında da başa düşülməyənin başa düşə biləcəyi bir kinin olduğunu Bayat indi anlamışdı. O, hardan biləydi ki, ağıl çox zaman ruhun qapalı dünyasındakı sirri anlamaqdan aciz olur. Bayatın o zamana qədər nəyin pis, nəyin yaxşı olması haqqında bir elə təsəvvürü də yoxdu, belə yerdə demirlərmi nə evlərində bişmişdi, nə qonşularında görünmüşdü. Doğrudur, anası yeri gələndə nəyin yaxşı, nəyin pis olması haqqında ona bəzi şeylər söyləyirdi, amma məktəbdə keçdikləri cansıxıcı dərslərdə bu xüsusda bir şey öyrənmək mümkün deyildi… Həqiqətin harda, yalanın harda olduğunu öyrədəcək bir kitab da yoxdu. Çətini bir yalanı danışana qədərdi, sonrası gəlir, bir dəfə uydurduğun yalanı sonra həqiqət kimi orda-burda danışırsan. Çünki uşaq xəyal dünyası yalanlar, mübaliğələr uydurmağa acdır, edə bilmədiklərini edə bilmiş kimi göstərmək uşaqların köhnə adətidir. Bayat ən azından bunu bilirdi.
Nə Bayat, belə görünür, nə də Məmmədəli kişi ermənicə bilmirdilər. Onu denən ermənilərə. Çinar kəndinin Əsriyə işləməyə gələn bütün erməniləri türkcə bıdır-bıdır ötürdülər. Bir də Əsriyə yalnızca bənnalar gəlmirdi ki? Əsriyin taxıl zəmilərini çox zaman ermənilər biçərdi. Başlarına yaylıq, bellərinə şal bağlayan erməni biçinçiləri kəddə hətta qəlibləşmiş bir deyimə də dönüşmüşdü: “Nə belini erməni biçinçisi kimi bağlayıb gəzirsən”.
Dığa türkcə bilirdisə də danışmaq istəmirdi, istəmədiyindən də özünü zirzəmiyə vermişdi, yəni babam mənə sənin kəsərlərini deyib, daha bu türk dığasınınkını yox. Bunu bilməyə nə vardı ki?! Erməni dığasının bomboz üzü sözə ehtiyac yeri buraxmamışdı.
Kor-peşman geri qayıdırdılar, gələndə yol eniş olduğundanmı, yoxsa baltasını itilədə biləcəyindənmi qov kimi yüngül idi. Dönəndə işinin avand getmədiyindənmi, yoxsa kəsəri qoltuğunda küt qaldığındanmı, ya nədənsə yoxuşu çıxmaqda çətinlik çəkirdi.Yol sanki baltasının küt ağzı kimi yomrulmuşdu. Onun ta ilk uşaqlıq çağlarından gələcək hadisələrin içinə dalmağı vardı. Bir də görürdün səbəbini bilmədiyi bir hal onun əhvalını dəyişir, canı sıxılırdı. Səbəbini tapana qədər də beləcə davam edirdi. Bu hal onu hələ uzun zaman qarabaqara izləyəcəkdi… Kəndlərindən səhərin tülküdurmazından Çinara yola düşdükləri zaman da qanı qara idi. Yol boyu Məmmədəli kişi ayından-oyundan söz açıb onu danışdırmaq istəsə də, Bayat “hə”, “hı” ilə canını qurtarmışdı. Halbuki, kəndin söz ustası Məmmədəli kişi ilə uzaq yola çıxmaq onun Allahından idi. Bəlkə girəvə tapıb ucundan-qulağından şeirdən, sənətdən də bir şey öyrənə bilərdi. Bu dünənki arzusu idi. Bu gün isə…
Hələ kəndin çıxacağına çatmamışdılar ki, qarşıdan üstünə ot şələlənmiş bir eşşək gəldiyini gördülər. Az keçmədən eşşəyin yükünün arxasından yosma boylu, 55-60 yaşlarında üz-başını çallaşmış tük basan bir adam göründü. Adam görünər-görünməz Məmmədəli kişi sanki canlandı:-Ay səni Mıkırtıç kirvə, adə evinə qonaq çağırıb özün də bizim Qurbanəli bəy kimi sıpxıb aradan çıxmısan, bizi əl boyda bir dığanın umuduna buraxırsan, adə, bə belə də iş olar?
Onların qənşərində ayaqları yerə mıxlanan eşşəyin burun pərləri açılıb-örtülməyə başladı, sanki qarşısına çıxanların kim olduqlarını qoxularından bilmək istəyirdi. Ağlı bir şey kəsmədiyindən, ya nədənsə, qarşısını kəsən bu iki qaraltıyla sahibinin başının söhbətə qarışdığını görüb fürsət bu fürsətti deyib, yük altında canı sıxılsa da, yolun kənarında ağac kimi böyümüş itburnu kollarının tikənli yarpaqlarının dodağını dalamağına əhəmiyyət vermədən, hardan gəldi ordan qırpıb həzmi-rabidən keçirməyində idi. Yeni biçilmiş ot ətri cecə qoxusuna qarışıb başqa bir ətir yayırdı. Mıkırtıç kişi onları görüb çaşmışdı, bilmirdi özünə necə bəraət qazandırsın, ikidə-bir əlini cod saqqalına çəkir, sanki bununla da qarşısındakılara verəcəyi cavabı fikirləşmək üçün vaxt qazanırdı. Və birdən Bayatın ağlına gəldi ki, yalnız qarşısında dayanan bu Mıkırtıç deyilən kişi deyil, indiyə qədər gördüyü bütün ermənilər saqqallı idi, elə bil hamısı yas içindədir, kiminsə yasını tuturlar. Doğrudur, Əsrikdə də saqqallı kişilər vardı, amma onlar daha çox gününü görüb, dövranını sürmüş ixtiyarlar, ya da yaslı olanlardı. Bayatı xəyaldan qarşısındakı saqqallının ciy-ciy səsi oyatdı:
– Ara, eli, man sani ahşama gözlüyordum, na tez geldin, bu dığa kimin, səninmi, öyünüzü dikəndə hiç gözümə dəyməmişti…
Məmmədəli kişi Mıkırtıçın sözünü ağzında qoydu:
– Arə, ay imansız, dinsiz erməni, arə, bə sənin Allahın, bəndən yoxmu, bir dığanı da bağlamısan yerinə, o da nə bəndə tanıyır, nə Allah.
– Arə, o bənim navəmdi dayna. Bə it küçüyünə eli, sənin gələcəyini söyləmiştim, demiştim işti, bir az gec kalaram gəlan kimi sanin işini görsün və man gələnə kadar da səni bırakmasın. İmdi bahdım patlanı, dəhrəni ülgüc kimi etmiş, daha nə istəyirsən eli, ha man, ha navəm. Ha o başka şey ki səni evdə tutmamış, imdi kulağını çəkəcəyəm o it küçügünün.
– Ara, sən mənim baltama, dəhrəmə baxma, bu, bizim qonşunun oğlu, onun baltasına bax. Yaradanı yanılmış nəvənin erməniliyi tutdu, itiləmədi uşağın kəsərini…
Mıkırtıç kişi:
– Vah, it küçüyü, vah, bir gör da onun başına nə uyun açacam.
Yenidən kepkası sökük çardağın altındaydılar. Mıkırtıç kişinin qışqırığından “it küçüyü” də yeraltı zirzəmidən gün işığına çıxmışdı. Mıkırtıç kişinin səsi kəndi başına götürmüşdü, öz dilində söyür-söyür söylənirdi. Erməni dığası matoru işə salmışdı, dodağının altında bir şeylər söyləyirdi: Türke dığa, türke dığa!

Bu dəfə də Mıkırtıç kişi başlamışdı, həm də Azərbaycan dilində:
– Qancıktan doğulan, nə “Türke dığa”, “türke dığa” salmısan, o kəndin adamları olmasaydı, Osmanlıdan gələn əskərlər babanı da, dədəni də qurşuna düzərdi, onda sənin kimi it küçüyü də dünyaya gəlməzdi.
Yenə ermənicə bir şeylər söylüyürdü. Söyüşün biri bir qəpik olmuşdu. Sözlər adındakı samit cingiltiləri ilə lopa bığlarından görünməz olan çürük dişlərinin arasından çörək qırıntıları kimi ətrafa yayılırdı. Doğuşdan türklərə nifrət edən it küçüyü, deyəsən, babası Mıkırtıç kişinin söyüşlərindən sonra özünə gəldi. Dodağının altında zingildəyə-zingildəyə hirsli-hirsli Bayatın baltasını alıb fırlanan daşa toxundurdu. Daşla dəmirin toqquşmasından ətrafa qığılcımlar saçılmağa başladı. Heç Məmmədəli kişinin kəsərləri itilənərkən bir bu qədər qığılcımlar saçılmamışdı. Bəlkə də saçılmışdı, Bayat indi fərqinə varırdı. “Qancıktan doğulan nə “Türke dığa”, “türke dığa” salmısan, o kəndin adamları olmasaydı Osmanlıdan gələn əsgərlər babanı da, dədəni də qurşuna düzərdi, onda sənin kimi it küçüyü də dünyaya gəlməzdi” sözlərinin anlamını hələ uşaq ağlı kəsməsə də Bayata elə gəldi ki, bu qığılcımlar daşla dəmirin toqquşmasından yox, erməni dığasının onlara olan nifrətindən, kinindən çıxır və alovlanmağa fürsət axtarır… Və bu səksəkə onun içinə on yaşından düşəcəkdi, içinə dolanların gerçəkləşməsini isə o, çoxdan sınamışdı…
O balta zaman içində korşalacaqdı… Amma Çinarda başına gələn hadisəni onun dəmir yaddaşı hər zaman capcanlı saxlayacaq və ona rahatlıq verməyəcəkdi… Buna səbəb bəlkə heç Bayatın yaddaşı da deyildi. Ermənilər özləri özlərini unutturmağa qoymurdular.
Orta məktəbdə oxuyurdu. Müəllimlər bir-birinin ağzına tüpürmüş kimi sadəcə dərs kitablarındakı mövzuları tutuquşu kimi əzbər söyləyir, şagirdlərə də əzbərlədirdilər… Sinifdəki şagirdlərin iç dünyası ilə maraqlanan kimdi? Bu yönüylə Bayat ağaclara, çiçəklərə, güllərə, onların ilahi yaşayışına həsəd aparırdı. İnsanlar arasında boğulan, əzbər dərslərdən canı sıxılan Bayat can rahatlığını bağlarda, meşələrdə tapırdı. Bağlar, meşələr ona başqa, Bayatın sirrinə vaqif ola bilmədiyi dünyalardan xəbər verirdi. Bəlkə Bayatın təbiətdən umacağı daha böyükdü, amma təbiət öz dilində ona çox şeylər söyləyirdi. Təbiət ona kitab yazası, sinif müəllimi olası deyildi ki? Kitablar susur, müəllimlər isə ya heç nə bilmir, ya da bildiklərini söyləmirdilər… Dərs kitabları da bir bu qədər cansıxıcı olarmı? Hələ üzərinə “Ana dili” yazılmış kitab?! Bir dəfə valideynlər iclasında müəllimlər ondan – Bayatdan anasına şikayət etmişdilər,- dərslərdə fikri dağınıq olur, ağlı sanki ovda-quşdadır, əvvəllər yaxşı oxuyurdu, son zamanlar buna nə oldu, birdən-birə zəiflədi, gerilədi… Bayat Çinarda başına gələn hadisədən bir xeyli sonra belə olmuşdu. Müəllimlər bu şikayətlərində haqsız da deyildilər. Bayat o “türke dığa” olayından sonra böhran içərisində idi, nə yediyini, nə içdiyini, nə yazıb-pozduğunu bilmirdi, ağlı başında deyildi. Erməni dığasındakı ona olan nifrətin səbəbi üstündə baş sındırır, bir cavab da ala bilmirdi. O hadisədən sonra Məmmədəli kişinin də ağzını bıçaq kəsmirdi, yenə ucundan-qulağından bir söz desəydi, dərd yarı idi. Bayat ha eləmişdi ki, kişidən bir şey qoparsın, heç nə alınmamışdı. Yaxşı, şeirdən, sənətdən söz açmır açmasın, bəs bu erməni məsələsindən niyə bir kəlmə kəsmir? Yoxsa Bayatı ağzı südlü uşaq sayır? Elə bil ermənilər kişinin dilini, ağzını bağlamışdılar. Yoxsa, kim olsa yola körpü salmaq üçün ermənilərin qarasına deyinər, içini tökərdi. Amma Bayat gözləsə də kişi sanki bir söz söyləməyəcəyinə, sirri açmayacağına and içdiyindən ağzına su alıb susacaqdı. Bayat üçün bu böyük sirr də açılmamış qalacaqdı. Amma daxmalarının yaxınlığında torpağa basdırılan başdaşı kimi ucalan daşları Dəlləkli kəndinin adamları qırıb ev tikməyə aparanda Məmmədəli kişi onların qarasına deyinmişdi:
– Qəbir daşlarını da qırarlarmı, ay tanrıtanımazlar. Başdaşından tikilən divar ayaqda qalarmı, vallah, günün birində çat verib dağılacaq. Erməni olanda nə olar, erməninin ruhu yoxdumu, ölülərin ruhunu dərbədər salırlar.
Bayat anasından o daşların nə daşları olduğunu soruşmuşdu. Anası da:
– Bə görməmişdinmi o daşların üzərində xaç çəkilmişdi. Deyirlər, vaxtiylə ora erməni qəbiristanlığı olub. Nə bilim, ay bala, kimin qəbiristanlığı olur-olsun, məzara əl vurarlarmı? Günahdı, vallah. Bizim adamlar günahın nə olduğunu bilmirlər ki? Bilsələr, heç elə qələt elərlərmi? Nolsun o qəbirlərin sahibi yoxdu, görmür, Allah kı, var. Bəs Allahın gözləri?! Onlardan haraya yayınacaqsan, onlar ki, hər əməlimizi görür. Allahın ayrıca xəbərçı mələkləri var, oğul, insan doğulandan onun başının üstə iki mələk də doğulur, xeyir və şər mələyi… Ta ölənəcən bizi qarabaqara izləyir, xeyir, şər, hər əməlimizi can dəftərinə yazır? Ölüm günündə hesab sormaq üçün; dünya boşuna deyil ki? Xeyir əməllilərin yeri cənnətdi, şər-şəbədə ilə ömrü keçirənlər cəhənnəm odunda yandırılacaqdır.
O zamandan Bayatın canına vəlvələ düşmüşdü. Deməli, onun da şər əməlləri ömür dəftərində yazılır. Şər deyəndə ki, kolxoz bağlarına şıldır yığmağa getməyindən, bir də Allahqulunun fitnəsinə uyub qara Mələyin qazını oğurlayıb Qızıl qayanın altında kabab çəkmələrindən başqa nə bəd əməli vardı ki?! Bunlar bəd əməl deyil məgər?! Tərs kimi qaz sahibinin adı da Mələkdi. Anası bu sözləri gərək ona lap uşaqlıqdan başa salaydı, iş işdən keçəndən, günaha batandan sonra yox. Amma günahın yarısından qayıtmaq da xeyirdir, demirlərmi? Özünə söz verəcəkdi ki, bir də heç zaman harama əl uzatmayacaq…
Bayat çox sonra biləcəkdi ki, – Dəlləklilərin qırıb ev tikdikləri daşlar erməni yox, alban qəbir daşları imiş və Dəlləklilər də çöldə-bayırda sürü kimi yatışan daşları qoyub, qəbir daşlarını elə üzərindəki xaça görə – izi itirmək üçün sındırmışdılar. Amma erməni ustalarının əliylə sınan qəbir daşlarının yerinə kənd evlərinin qapı və pəncərə tağları xaça çevrilirdi. Əsas qorxulası şey də bu olmalı idi… Amma gözləri yumulan kənd adamları nədənsə uzun müddət buna əhəmiyyət verməmişdilər. Həm də üzərində xaç olan qəbir daşları çox zaman elə erməni ustalarının gözü qabağında sındırılırdı, bu qəbiristanlıq ermənilərin olsaydı, çoxdan ona sahib çıxmaq istəyərdilər! Amma Bayat özünü hələ o daşlar qırılarkən və o daşların ermənilərə aid olduğunu öyrənərkən dərbədər ruhların bir gün qısas alacağına inandırmışdı. Bəlkə, elə o “Türke dığa” kini də o daşların qisası idi, kim bilir? Bayat istəmişdi ki, müəllimlər onun ürəyindən keçən suallara o soruşmadan cavab versinlər. Bu erməni-müsəlman davası nədir, osmanlılar kimdir və onlar nə zaman buralara gəliblər və Əsrik kəndinin adamları nə təhər erməniləri osmanlıların qəzəbindən qurtara bilib? Türk kəndində erməni qəbiristanlığının nə işi var? Varsa, dəlləklilər niyə qəbir daşlarını sındırırdılar, qəbir daşına da əl qaldırılarmı? Niyə bu mövzularda kimsə heç nə demir? Niyə Azərbaycanın çiçəklənməsi haqqında hər gün şuarlar deyilir, amma Çinarda su-elektrik stansiyası var və gecələr ermənilərin kəndləri çil-çırağban olur, onlarınkı yox? Niyə orada balta və dəhrələri itiləyən sex var, onlarda yox, niyə onların evlərini erməni ustaları tikir? Niyə? Niyə? Yenə atası olsa idi nə vardı, yeri gələndə bu sualları ona verərdi, atası çoxdan ölmüşdü, hardasa Bayatın dörd yaşı olanda. Bayat atasının üzünü, qalan yeganə şəklinə baxaraq çətinliklə xatırlayır. Dörd yaşlı uşağın yadında nə qalasıydı ki, bundan artıq. Bayat evin, ev yox ey, qozbel daxmanın yeganə övladı idi. Yenə özündən böyük bacı, qardaşı olsaydı, dərdini onlarla bölüşərdi. Bir anası vardı. Gücü ona çatırdı…
“Qancıktan doğulan, nə “Türke dığa”, “türke dığa” salmısan, o kəndin adamları olmasaydı, Osmanlıdan gələn əsgərlər babanı da, dədəni də qurşuna düzərdi və onda sənin kimi bir it küçüyü də dünyaya gəlməzdi.” Bu sözlər qayalara dəyib qayıdan səda kimi qulaqlarından beyninə dolur, onu haldan-hala salırdı…
İndi valideynlər iclasından sonra anası onun üstünə düşüb:
– A yaradanın yanılsın, səni mala-qoyuna göndərmirəm, yer əkdirib su sulatmıram, başqa uşaqlar kimi oduna da getmirsən, peşəyin adı nədir, pis oxuyursan, hə?
Sualı sual üstən verəndə Bayat çaşıb-eləməmişdi:
– O kitabda yazılanları yaxşı başa düşmürəm, belə birtəhər yazılıb ey,- deyə dodaqaltı mızıldanmışdı…
– Nəyini başa düşmürsən? Bu da sənə fizika, kimya, cəbrdi, nədi, başa düşməyəsən? Mən də səni başa sala bilməyəm. Belə, səndən əvvəllər bu dərslərə görə şikayət edirdilər, indi ədəbiyyat müəllimi də şikayət edir. Buna sözün nədi, hay?
Bayatın əlinə firsət düşmüşdü:
– Azz, bax, bu “Ana dili” kitabıdır, hə, bax, bax nejə olur ki, sənin- anamın dediyi sözləri başa düşüm, amma “Ana dili” kitabında yazılanları yox. Belə qağamın canı üçün, bu kitabın dili ilə sənin danışdığın dil eyni deyil, bunun daha harası “ana dilidir”, mən ki ondan heç nə anlamıram. – Bilərəkdən belə deyirdi, əslində isə Bayat sinifin yaxşı oxuyanları arasında idi.
Anasının dilini anlayan, “Ana dili” kitabının dilini anlamayan Bayat çox şeylərin dilini anlamadığını hələ çox sonralar biləcəkdi və bunun səbəbləri qarşısında baş sındıracaqdı…
Yaşı on yeddiyə çatıb orta məktəbi bitirəndə Bakıya oxumağa gedəcəkdi… Və ona elə gələcəkdi ki, qatardan günəş pilləkənləri ilə enəndə Bakı onun ayaqları altına xalı döşəyəcək. Bəs necə, elə o bəyənmədiyi “Ana dili” və “Ədəbiyyat” kitablarında Azərbaycanın paytaxtı Bakı haqqında, sahilində qərar tutduğu Xəzər haqqında nə təriflər oxumamışdı ki? “Xəzər bizim dənizimizdir, Bakı bizim paytaxtımızdır” Bu beş-altı sözdə ürəyə ilham, arzuya qanad verən elə böyük işıqlı vədlər vardı ki… Bayat on yeddi il uzun qış gecələri aranın ilğımlı yolundan fit səslərini eşitdiyi qatara minib Bakıya getməyi nə qədər xəyal etmişdi. Aran yollarıyla Bakıdan Tiflisə keçən qatarlar gözəgörünməz xoruz buraxan kal səsləri ilə onu harayasa bitib-tükənməyən uzaq bir genişliyə səsləmişdi. Xəyalında bəlkə min dəfə getmişdi də… Amma dağ havasından nəsibini alan ciyərlərinə o qatarın “obşi” vaqonunun üçüncü qatının boğazına yad bir oxlov kimi girən boğanaqdan qan-tər içində boğulanda özünə də nifrət edəcəkdi, getdiyi Bakıya da, görəcəyi “mavi Xəzər”ə də. Bəlkə başqaları kimi o da “plaskartda”, “kupedə” getsəydi, gedə bilsəydi, heç o “obşi” vaqonun cəhənnəm istisini görməz, Bakıya da, “mavi Xəzərə” də nifrət etməzdi… Bəlkə elə “obşi” vaqonlar ona görə icad olunmuşdu ki, imkansızların Bakı arzusunu gözündə qoysun, xəyalını yerlə bir etsin.Yoxsa hər yerindən duran Bakıya rahatca gəlsə və Bakı da ona ana kimi qucaq açsa, onda Bakıda Bakılıq qalmazdı ki?!
Bakı da, “mavi Xəzər” də onu yad kimi qarşılayacaqdı.Yolda-izdə, küçədə, meydanda bir doğmalıq işığı axtaracaqdı. Əvəzində hər yandan ona yad baxışlar dikiləcəkdi. Və burada o, kənddə oxuduğu “Ana dili” kitablarının dilinə də şükür oxuyacaqdı. Çünki Bakı onunla onun dilində danışmaq istəmirdi. Küçələrdə onun dilində danışan birinə rast gəlmək müşkül işdi. Hələ idarələrin qarşısındakı rusca yazılan yazılar… Qəbul olmaq istədiyi məktəbin ünvanını güc-bəla ilə tapacaqdı. Amma imtahanların hamısını versə də qəbul olunmayacaqdı. Kəndlərindən gələn uşaqların çoxu kəsilib getmişdi, axıra qalan bir-iki nəfərdən biri də Bayat idi… Hamı elə bilirdi ki, o da qəbul olunacaq, Ələkbərdən başqa. Hər imtahana girdikcə və biletinə bildiyi suallar düşdüyünə sevinsə də tanrıtanımaz müəllimlər sualı sual üstündən yağdırıb onu çaşdırmağa çalışacaq və axırda da hay-küyünə, çığır-bağırına məhəl qoymayıb:
– Nə haqq, ədalət deyirsən, al bu da sənə tramvay altda qalan bir üç yazırıq, çəm-xəm eləsən onu da yazmarıq, Allahına şükür elə ki, onu da veririk ki, kəsilən, gözü çıxan qardaşlarını görmürsən, çıx bayıra, sürüş buradan, – deyə onu imtahan otağından qovurdular. Elə Ələkbər də öz təcrübəsinə dayanaraq bunu deyirdi:
– Əyə, ay Allah evini yıxsın, əyə, sən nə qanmaz adamsan, hələ də qəbul olacağına inanırsan. Öyün yıxılsın, boşuna gözünü kor etmə, qəbul olmaq üçün rüşvət vermisən? Yox! Pulsuz kimsə səni bu inistuta yaxın buraxmaz, bildin? Keçən il öz başıma gəlib, ondan bilirəm. Bu il lələşin bu ittərin ağzına tula payını atıb, bə görmürsən necə dördləri, beşləri nəqqaş kimi yan-yana düzüblər. Keçən il imtahanlara bundan on dəfə yaxşı hazırlaşmışdım, “bilmirsən” deyib çıxarırdılar bayıra. Bu il isə heç birinci sualı oxumamış, deyirlər keç ikinci suala. Anası ölsün pulun, bə nə bilmişdin, loxma boğmadır, demirlərmi? Hələ sən Allahına şükür elə ki, elə birinci imtahandan bir yağlı iki alıb kənddə biyabır olmadın.

* * *

“Hörmətli, istəkli, mənimçün hər şeydən əziz olan qardaşım Oqtaya məktub!”
Bu onun Bakıdan kəndə ilk məktubu idi. Əslində, heç məktub yazmağın qaydasını da düz-əməlli bilmirdi. Ona məktub yazmağı kimi öyrətmişdi ki, o da öyrənəydi. Amma içini dağıdan dərdi, bir Allah bəndəsi ilə bölüşməli idi. Uşaqlıq dostu Oqtaydan yaxşı bir Allah bəndəsini hardan tapası idi ?! Bəlkə heç məktub yazmağa da ehtiyac yoxdu, onsuz da üç-beş günə kəndə qayıdasıydı. Amma beş-üç günə səbri çatanı mənə göstər deyirdi öz-özünə.Və məktubuna davam edirdi:
“Qardaşım, məlumun olsun ki, dörd imtahandan 14 bal topladım, iki üç aldım, iki dörd! Üçləri tarix və rus dilindən, dördləri isə ədəbiyyat yazı və şifahidən. Kaş mənim barmaqlarım sınaydı, o üçləri almayaydım, kaş mən öləydim, ədəbiyyat yazı və şifahidən dörd almayaydım. Nə isə qardaş, insanın­kı gətirməyəndə gətirmir… İndi mən qarşıma çıxan haqsızlığın öhdəsindən gələ bilmədim. Lakin bir şeyin, yalnız bir şeyin öhdəsindən gələ bilməyəcəyəmmi? Öz gələcəyimə də mənim gücüm çatmayacaqmı? Çatacaq! Ya namusla, vicdanla, şərəflə yaşayacaq, elm, sənət yollarında saçlarımı ağardacağam, canımı bu yolda fəda edəcəyəm, ya da…Yox, yazmıram. Yox qardaşım, cavabsız məhəbbətim də, gənclik qüruruma toxunan və qələmlə yazmaq mümkün olmayan, ürək ağrıdan hisslər də, bütün həyat, gözəllər… qardaşım hamısı, hamısı mənə “Oxu!”, “Oxu!”, “Sənətkar ol” deyə səslənirlər. Olmalıyam! Olmalıyam! Həyat sinəmə dağ çəkdi, mən də həyata dağ çəkəcəyəm, ölməsəm… Ölməyəcəyəm!!! Yaşayacağam, öz yerimi tutacağam!..
Qardaşım Oqtay! Sənə yazdığım bu məktub kimi indi öz şəxsi həyatım da ziddiyyətlidir. Lakin “rədd olsun tərəddüd!” Mən inkişaf etməliyəm!

Bizi istəyənlərin hamısına salam de. Tezliklə görüşənədək. Hörmətlə, qardaşın Bayat. “Sən Allah, bu sayıqlamaları lovğalıq əlaməti sayma. Həyat məni yandırıb kül edibdir…”

* * *

Ələkbərin dedikləri düz çıxacaqdı. Avqustun sonlarına doğru Bakının asfaltı muma döndərən cırhacırında “konkursa düşəcək” və kəndə anasının yanına əli ətəyindən uzun qayıdacaqdı. Kənddə onu yaxşı bir şey gözləməsə də dönəcəkdi. Suyu süzülə-süzülə anasının yanına, kəndə qayıdacaqdı. Yazıq arva­dın üzünə necə baxacaqdı? Bir aydı Bakıdan kəndə gedənlər onu ümidlən­dirmişdilər:
– Bayat, maşallah, imtahanları bir-bir verir, inşallah, qəbul olunacaq.
Anası bir ayı ümidlə, dualar edərək gözləmişdi. Kaş elə birinci imtahandan hamı kimi o da kəsiləydi, nə anasını boşuna ümidləndirəydi, nə də onun sələmə borc aldığı pulu boşuna küləyə sovuraydı, nə də havasından alov yağan Bakının köhnə dalanlarının birində, içində qarafatmalar vız vuran pəncərəsiz otağın cəhənnəm xəfəsində beş adamla birlikdə səhəri diri gözlə açaydı. Belə gecələrdən sonra insan ayaqda güclə dayanır, o ki qalsın gedib imtahandan beş almaq ola. Asfaltı əriyib muma dönən şəhərin neft, mazut, tər, zir-zibilqarışıq qoxusu Bayatın burun pərələrindən boğazını dalaya-dalaya içinə dolur, sərin dağ havasına öyrəncəli ciyərini yaxıb yandırırdı. O zaman Bayatın ağlına da gəlməzdi ki, bu universitet, inistut deyilən xəyanət yuvalarında əkəbəkə professorlar nəfslərinə görə necə millətin gələcəyini kor qoyurlar. O, sonra biləcəkdi ki, ali məktəblərə qəbul olanların yox ey, olunanların yüzdə doxsanı ya rüşvətlə, ya da böyük-böyük vəzifələrdə çalışan dayılarının hesabına daxil olunurmuşlar… Arada-sırada təsadüfən qəbul olunanlar isə bu çıxılmaz tordan təsadüfən çıxa bilənlərdi… Elə o zaman onun gənc və təcrübəsiz ağlına bir fikir də gəlmişdi: Bizim toplum min ildi nəfsinə imtahan verir və hər dəfəsində də kəsilir… ona görə də bir yana çıxa bilmir. Avqustun sonlarına doğru adını instituta qəbul olunanların siyahısında görməyib suyu süzülə-süzülə anasının yanına – kəndə qayıdacaqdı. Amma onun bir ay əvvəl böyük ümidlərlə qoyub gəldiyi kənd heç elə bil o kənd deyildi… Dünənə qədər qarlarla örtülən yamaclar bir gecənin içində boz ayın ilıq nəfəsindən əriyib yox olduğu, qar altından qar bənövşələrinin çıxdığı, danaqıranların boy göstərdiyi yazın gəlişini insanlara xəbər verdiyi günlərə bənzəyirdi bu dəyişim. Onda bu dəyişim “kasıb dostu” yazın insanlara gətirdiyi bəxtiyarlıqla yadda qalırdısa, indi onda suyu soğulmuş dəyirmanın hüznü vardı. Sanki bu kənddə gözəl nə vardısa boz ayın ilıq boz çalpoyundan buxarlanan qar kimi buxarlanmışdı. Bəlkə də belə deyildi, ona-Bayata belə gəlirdi. Allah, o, bu yerlərdən nələri xəyal edib getməmişdi. Doğrudur, onun o romantik xəyalları kəndin nasiranəliyi ilə uyuşmurdu. Əslində kəndin nasiranəliyi demək, heç də doğru deyil, kənd adamlarının desək, bəlkə daha doğru olardı. Kənd isə Qızıl qayası, Kəmərilə, çayı, bulağı, gülü, çiçəyi ilə elə həmin kənddi. Onun romantik xəyallarına əngəl olan ondan min qat təcrübəli, bic və hiyləgər dünyanın insanlar vasitəsi ilə qarşısına çıxması idi. Hər insan, hətta pis ata və anadan doğulanlar da dünyaya pak və təmiz gəlir və nə yazıq ki, gəldiyi dünya onu olduğu kimi qarşılamağa, yaşatmağa qadir deyil. Bayat da bu yönü ilə gəlib getmiş milyardlardan biri idi. Kənd sovetindən yaşadığı yer haqqında arayış alana qədər, onunku ona dəymişdi, arayışı vermirdilər, vermək istəmirdilər, get, sonra gələrsən deyirdilər. Bayat bunların səbəbini sonra biləcəkdi. Kənd sovetində işləyənlər 4-5 sinif oxumuş adamlardı, istəmirdilər ki, kənddən kimsə gedib Bakıda oxuya bilsin. Oxuyub qurtarandan sonra onların yerinə göz dikəcəkdilər. İkinci gizli bir səbəb isə yuxarıdan onlara tapşırılmışdı ki, hər yetənə pasport almağa arayış verməyin, hamı oxusa, kolxozda kim işləyəcək? Sonra o, zorla aldığı arayışla birlikdə rayon mərkə­zinə pasport almağa gedəcəkdi. Anası kənd sovetində katib işləyən qohumundan xahiş edəcəkdi ki:
– Əmisi, Bayata rayonda pasport almağa kömək edərsən. – Kənd sovetinin katibi də Bayatı pasport şöbəsinin qapısı ağzında buraxacaq – gözlə, içəridə adam var, çıxan kimi gir, sənədlərini təqdim et, onsuz da pasportu həmən yazıb vermirlər, bir də hazır olanda gəlməli olacaqsan,-deyib Bayatın cavabını gözləmədən çıxıb getmişdi.
Bayat otağın önündə içəridəki adamın çıxmasını gözləmişdi, amma adamın biri çıxmamış, o biri girmiş, heç Bayata məhəl də qoymamışdılar, dili tutub deyə də bilməmişdi ki, ay əmilər, dayılar, axı, növbə mənimdir. Aradan yarım saatmı, bir saatmı keçmişdi, kənd sovetinin katibi geri qayıtmış və Bayatı otağın önündə görəndə əsəbiləşmişdi:
– Ayə , ay öyü yıxılmışın oğlu, hələ girməmisənmi?
Bayat:
– Yox! Mən neyliyim ki, adamın biri girir, biri çıxır, – deyə dodaqaltı mızıldanmışdı. Kənd sovetinin katibi:
– Ayə, bə sənin dilini pişikmi yiyib, bə deyəmmirsənmi növbə mənimdir. Ağzı ottu heyvansan, vallah, – deyib sənədləri Bayatın əlindən alıb tüstü kimi içəri təpilmişdi… Kənd sovetinin katibi kəndə qayıtdıqlarında elə Bayatın yanındaca anasına:
– Ay evi tikilənin qızı, bu nə uşaqdı böyütmüsən, bu ki, ağzı ottu heyvandı, bunun nəyini Bakıya göndərirsən, gedib orda əl-ayaq altda qalacaq. Onsuz da lütün birisən, havayı yerə borc-xarc eləyib bunu oxumağa-zada göndərmə, mən ölü, sən qalı, bundan heç nə çıxmayacaq, ara yerdə sələmə aldığın pulların batacaq, – demişdi. Amma anası gözünün ağı, qarası bircə balasını nəyin bahasına olursa-olsun oxutmaq istəyirdi. Bəlkə on adamdan sələminə pul alıb onu Bakıya arzularının arxasınca elə böyük ümidlərlə göndərmişdi ki… Və o, Bayat bu Bakı deyilən, yeddi dərənin suyunun qarışdığı qurdlar şəhərindən onun ucbatından saçının birini ağ, birin qara edən, gənc ömrünü şam kimi əridib çürüdən anasının üstünə nə üzlə qayıdacaqdı? Qayıda biləcəkdimi? Qayıtmayıb nə edəsi idi ki? Gedəcək başqa bir yerimi vardı? Yenə o biri uşaqlar kimi elə ilk imtahandanca kəsilib qayıtsaydı, nə vardı. Düz bir ay dəmirçi körüyü kimi közərən Bakı avqustunun qorabişirənində qalmaz, təsadüfi bir “Allah kərimə” ümid bağlamaz, anasının yüz and-minnətlə yığdığı sələm pullarını sağa-sola xərcləməzdi. Sağa-sola xərcləməzdi deyəndə ki, əslində bu pulun çoxu suya gedirdi. Bura kəndləri deyildi ki, hər daşın altından bir bulaq qaynayaydı.Burda hər tində, köşədə su satılırdı, həm də od qiymətinə satılan buz kimi soyuq su.Yox, bu, kəndlərindəki diş donduran bulaq suyu deyildi, buzla soyudulan su idi. Bayat da hamı kimi bu buzlu, süni şəkildə soyudulmuş sudan içmək məcburiyyətində idi. Onun buna öyrəşməyən mədəsi nə qədər alışmaq istəsə də bir şey çıxmır, halı pərişan olurdu… İndi, avqustun sonunda bütün bunların boşuna olduğunu hiss etdikcə içi od tutub yanırdı. Amma elə, ya belə geriyə dönmək zorundaydı: Şöhrət cığırları şəhərdən keçər, ehtiyac yolları dönər kəndlərə! O da geri dönməyib nə edəsi idi ki? Onu böyük ümid və sevgi ilə Bakıya yola salanlar indi ona gəlin otağından baxtı bağlanıb çıxan bəyə baxan kimi baxırdılar. Və sanki o, heç orta məktəbdə də yaxşı oxumamışdı, attestatındakı qiymətlər də onun deyil, bir başqasınındı. Anası elə o qiymətlərə görə müəllimlərlə dava da eləmişdi:
– Niyə mənim balamı yetim görüb qiymətini kəsirsiniz, mənim balam sinfin ən yaxşı oxuyanlarındandır. – İndi az qala anası da attestatında olan qiymətlərə şübhə ilə baxırdı. Bəlkə ürəyində müəllimlərlə boşuna dava etdiyinə indi peşman idi… Sevdiyi, gözaltı elədiyi, amma rədd cavabı aldığı qıza da yaxınlaşa bilmirdi… Nə üzlə yaxınlaşaydı ki?! Əslində elə o qızın acığına ali məktəbə qəbul olunmaq istəmirdimi? Ali məktəbə qəbul olunacaq və özünün necə sevib sevilməyə layiq olduğunu o, özünübəyənmiş qıza və onun pulgir ailəsinə sübut edəcəkdi. Edə bildimi? Arzuları ilə imkanları üst-üstə düşməzliyin faciəsi idi bu!
Borclular qapıya dirənmişdi. Uşaqlıqda təpədən toplayıb dığarladıqları qar, aşağı endikcə qalınlaşdığı kimi, anasının gün keçdikcə borcları da artırdı. İndi, indi fikirləşirdi ki, anasına sələmə borc pul almağa imkan verməməli idi. Axı, anası nəyə arxayın olub bir o qədər borcun altına girmişdi? Bu qədər borcu nəyi satıb geri qaytaracaqdı?Anasını da qınamaq olmazdı, gözünün ağı, qarası bircə oğlunu da oxutmayıb, kimi oxudası, onun yolunda da borca girməyib kimin yolunda borca girəsi idi? Anası yəqin ilahi qüdrətin köməyi ilə oğlunun mütləq instituta qəbul olunacağına inanırdı. Oğlunu o boyda instituta qəbul olmağa kömək edən gözəgörünməz qüvvə onun yolunda edilən borcun ödənilməsinə də bir yolla kömək edəcəkdi. Yoxsa, o boyda borcun altına girərdimi? Bu xasiyyət anasından ona da keçmişdi, bir işi görməyə bütün can-dillə əlləşirdi, alınmasa onun mütləq gözəgörünməz qüvvə tərəfindən alınacağına özünə inanan kimi inanırdı. Və çox zaman elə belə də olurdu…
Amma bu dəfə anasının düşündüyü kimi olmamışdı, oğlu sələmə alınan pul­ları Bakının küçələrində yelə sovurmuş, kəndə əli ətəyindən uzun qayıtmışdı… İndi boynuburuq qaldığı kənddə yenidən anasına yük ola bilməzdi…
Bayat anasından xəlvət fəhlə toplayan idarəyə müraciət etmişdi, vaxtı çatan kimi Bakıya işləməyə gedəcəkdi. Bir il Bakıda fəhlə işləyəcək, həm özünü dolandıracaq, həm də borc içində boğulan anasına pul göndərəcəkdi… Ələk­bərin institut müəllimləri haqqında dediyi sözlərə nə baxırsan, dünya elə pis adamlardan ibarət deyil ki? Bəlkə bu dəfə qarşısına insaflı müəllimlər çıxacaq? İçindən keçən bu düşüncələr hərdən onu elə riqqətə gətirirdi ki, sevincdən uçum-uçum uçunurdu. Yenidən hazırlaşacaq, sənədlərini bu dəfə də universitetə verəcəkdi…Tanımadığı, bilmədiyi həyatın bomboz üzüylə hər dəfə qarşı – qarşıya gəlib məğlub olsa da, ümidini heç zaman itirməyəcəkdi, məchul gələcəyə elə böyük ümidləri vardı ki?! Yaşın onsəkkizi ona yeni kəşflər də gətirmişdi. Çevrəsində nə vardısa onunçün doğma və əziz idi. Bəzən bir qönçənin açımına, ya da deyək ki, tanımadığı bir qızın uzaqdan yerişinə durub dalmağı vardı. Doğan günəşdə, yağan yağışda, üfüqlərin açılan, ya da tökülən qaşqabağında elə bir şairanəlik vardı ki, bu şairanəlikdən ruhu riqqətə gələr, vücudu titim-titim titrəyər, içinə dolan mənbəyini bilmədiyi həzdən bədəni böyük bir ürəyə dönüb döyüm-döyüm döyünər, əsim-əsim əsərdi. Özünü və dünyanı dərk etdiyi, kainatın şairanəliyini hiss etməyə başladığı zamanda Bakıya yol görünmüşdü.
Dostu Oqtaydan üç manat borc pul alıb özü kimi Bakıya ümidin arxasınca gedən on-on beş cavanla birlikdə qatarın qulpundan yapışıb Bakıya gedəcəkdi. Bakının o yay kəsafətinin qorxusu canından çıxmamışdı, yenə nə üzlə gedirdi oraya? Amma indi yay deyildi, payızdı, kənddə olduğu kimi, yəqin Bakıda da sərin küləklər daşı-divarı yalamağa başlamışdı. Onunla fəhləliyə gedənlərin heç birisini tanımırdı. Tanısa da fərqi yoxdu, hər kəs öz xəyalında, öz can hayında idi. Gecənin sükutunu aşağıda dəmir relslərə nələrsə pıçıldayan təkərlərin taqqıltısı, içində isə ürəyinin döyüntüsü pozur, onu yatmağa qoymurdu. İstəyirdi ki, o təkərlərin taqqıltısına qulaq versin, bəlkə o təkərlər onun taleyindən də bir şeylər söyləyirdi polad relslərə? Ya bəlkə düşdüyü bu sevdanın, getdiyi bu yolun dönüşü olmadığını öz polad diliylə qoynunda ümidinə sığınıb məchul gələcəyə can atan bu gəncə nəsə söyləmək istəyirdi? Demək istəyirdi ki, qəzetlərin birinci səhifələrini dolduran, dərs kitablarının ilk səhifələrindən gözünə çarpan, qulaqlarının radiolardan döşürdüyü şuarların hamısı boş şeydi, o şüarlarla bu yaşadığın həyatın arasında hər hansı bir əlaqə yoxdur, olsa, olsa o şüarlar səni kimi yetim oğlanları aldadar. Aldanma, bala, aldanma! Bakının necə paytaxt olduğunu kor olmuş gözlərin görmədimi? Yenə ona ümid bəsləyirsən? Ümid ancaq yerdə özünə, göydə Allaha qalıb… İçindəki döyüntü­lər buraya bir “anana” sözünü də artırmaq istəyirdi, amma Bayatın fikrindən keçənlər dilinə gələ bilməzdi. Ümidi anasına qalsaydı, elə kənddə anasının yanında qalıb yaşayar, ona həyan olardı. Ali məktəbə qəbul olmaq ümidini gələn ilə bağlayar, imtahanlara hazırlaşardı.Və yenicə canbir olduğu, hər ağacında – daşında bir ilham qaynağı gördüyü kəndin şairanəliyində gününü gün edərdi. Heç boz üzünü daş görmüş Bakıya da getməzdi. Kənd də uzaqdan-uzağa şirin olur, bunu Bakıda qorabişirən ayın üz-gözünü qarsıyan bürküsündə hiss etmişdi. (İçində yaşayıb qarında, palçığında ümidsizliyin girdabında çırpınanda isə kəndin üzünü görmə…)
Onsuz da anası borc içində boğulurdu. Sələmə aldığı pulu necə, nəynən qaytaracaqdı? Kənddə qalıb ona yük olmaqdansa, gedib şəhərdə başını girləmək daha yaxşı olmazdımı? Heç olmasa dərdini, yetimliyini bəlkə şəhər tünlüyündə azıda bilərdi. Kənddə qalıb nə edəsi idi ki? Boynuna döyüb kolxoz işinə aparacaqdılar. Anası bircə balasını kolxozda yox, heç öz məhəllələrində işləməyə qoymazdı. Başqa uşaqlar analarının, atalarının yerinə kolxoz işinə gedəndə anası buna imkan verməzdi, – “Ölərəm, bircə balamı kolxozda quru muzda işləməyə qoymaram, – deyərdi. Mən işlədim, əlim bala batdı, indi də oğlum işləyə əli yağa bata.”
Kənddə hətta məhəllələrində anasına kömək etməyi, yer belləməyi özünə ar bilən Bayat, Bakıda şəhər qarqaşasında fəhlə işləməyi, işləyə bilməyi toy-bayram kimi düşünürdü. Bütün bunları düşündüyündən, Allahdan, bəndədən tək sığınacağı anasına fəhlə işləməyə gedəcəyini deməmişdi, yazıq arvad evə gəlmədiyini görüb dəliyə dönəcəkdi. Yaxşı ki, Oqtaya demişdi, elə üç manat borcu da ondan almışdı. Oqtay hərdən yağlı cevizlərindən poçt yolunun (nədənsə rayondan gələn tozlu-torpaqlı el yolunu kənddə çoxları belə adlandırardı) qırağında satdığı qəpik-quruş yığdığı pulu dostuna peşkəş etmişdi:
– Sən elədiyini mən eləyəmmərəm, Bayat, halaldı sənə, get, özünə gün ağlaya bilsən, məni də unutma, bu üç manat da sənə peşkəşdir, mən nə də olsa kənddəyəm, yenə yağlı cevizdən satıb özümə əyin-baş ala bilərəm, bu pul sənə daha çox lazımdır, qərib ellərə gedirsən, – demişdi. Oqtaya tapşırmışdı:
– Qoyma anam nigaran qalsın, sabah məsələni ona de, mən də Bakıya çatıb yerbəyer olduqdan sonra məktub yazacam.
Bayat indi qatar təkərlərinin aramsız taqqıltısında və ürəyinin döyüntü səsləri altında bütün bunları fikirləşirdi. Bakıda isə onu məchul bir gələcək gözləyirdi. Amma Bayat o məchulluqdan qorxub eləmirdi, ilan vuran ala çatıdan qorxmaz ki…

Onsuz da günün birində anasından ayrılmalı idi. Başqa bir səs isə – buna anasından ayrılmaq yox, qaçmaq demək olar, adam anasından beləmi ayrılar? – deyirdi. Elə ya belə, artıq ayrılmışdı və istəsə də geriyə dönə bilməzdi. Bundan sonra hər şey bambaşqa olacaqdı, bambaşqa. Səhəri Bakıda idilər. Fəhlə toplayan idarədən onları Bakıda Bayatın tanımadığı bir yerə gətirmişdilər. Burada onları ayrı-ayrı sahələrə işə göndərəcəkdilər… Kənddə deyilən “qoyunu qoyun, keçini keçi ayağına” deyimi burada başına gəlirdi. Gözü eynəkli adam, Öksürüklü Qara demişkən, gələnlərin bir “bazburutuna”, bir də sənədinə baxıb qarşısındakı kağıza qeydlər edirdi. Kimi Neft daşlarına, kimi Keşlə maşınqayırma zavoduna göndərilirdi… Ən sona onu – Bayatı saxlamışdılar, əslində belə də olmalı idi. Çünki gələnlər arasında ən çəlimsizi, “canı cibində” olan Bayatdı. Nəhayət, onun da çalışacağı yer bəlli oldu. Bayatı Bakı Baş Tikinti İdarəsinin 6 saylı tikinti idarəsinə göndərdilər. Bayat o zamankı Lenin adına stadionun idman kompleksinin tikintisində fəhləliyə başlamışdı.Yataqxanaları Səməd Vurğun küçəsiylə tramvay yolunun kəsişdiyi yerdə idi. Bir otaqda 4 kişi idilər. İkisi azərbaycanlı, üçüncüsü isə “Derbatya” dedikləri yaşlı bir rusdu.
Xam atın əhliləşdirilməsi nədirsə, onun da ilk fəhləlik günü elə başlamışdı. İş görməmiş, işləməmiş əlləri, ayaqları zoqqum-zoqqum zoqquldayırdı. Qarnı ac olmasaydı, bəlkə işləmək onu bir bu qədər üzüb əldən salmazdı… Heç çörək almağa belə pulu yoxdu, ac qarınla təcrübəsiz bədən necə belə, öyrəşmədiyi, ağır işə davam gətirəydi? Həm də çoxdan işin istisinə, soyuğuna öyrəncəli fəhlələr zəif, nərmənazik bədəninə baxıb onunla məzələnirdilər. Dağıstandan mövsümlük işləməyə gəlmiş boylu-buxunlu ləzgilər xərəyə bəzən iki yerinə 4-5 mişar daşı yükləyib sərt nərdivanlarla yuxarı mərtəbələrə daş daşıyırdılar. Həm də xərəyin ön tərəfini ona verirdilər. İki günün içində əlləri qabar bağlamışdı. Bir söz demirdi, canını dişinə tutub işləyirdi.Yenilmək onun adəti deyildi. Nə deyə bilərdi ki. Desəydi nə çıxasıydı. Deməzdilərmi biz sənə daşı təkmi daşıdırıq? Bir tərəfindən sən tutursan, o biri tərəfindən birimiz, daha nə çəm-xəm edirsən? Hətta kəndə anasına məktub yazmağa da həvəsi yoxdu. Amma Oqtaya məktub yazacaqdı. Həm də burda iş yerində başına gələnlərdən kəlmə kəsmədən:
“Hörmətli qardaşım Oqtay, sənə küləklər şəhərindən, onun “Qız qalasından”, ürəklərə öz söz sənətləri ilə yol tapmış Füzulinin, Vurğunun tunc heykəl­lərin­dən, ən nəhayət, sənin səmimi qardaşın olan Bayatdan külli miqdarda salamlar! Qabarlı əllərin – fəhlə sinfinin, kirli-tərli paltarların, lakin nə də olsa, şirin arzuların, fikirli insanların atəşli salamlarını qəbul et.
Mənim qəlbimdə uşaqlıqdan bir sirr var… Bu sirri hətta mən səndən də gizli saxlamışam. Yetimlik, nökərçilik, fəhləllik bu sirri qəlbimdən çıxara bilmədi. Onsuz da sən həssas qəlbə maliksən, bu sirri mən sənə deməsəm də, sən bilirsən. Hətta bir dəfə sən mənə dedin: “Sən ucalmaq arzusu ilə yaşayan adamsan”. Bəli, mən ucalmaq arzusuyla yaşayan adamam. Lakin siyasi sahədə yox! Yalnız və yalnız sənətkarlıq sahəsində. Amma bilmirdim hansı sənət sahəsində. Uşaqlığımın yetimlik çağlarında kənddə toylara “çağrılanda” gözəl çalğı aləti olan saz mənim qəlbimə yol tapırdı. Gizlinə çəkilib ağlayırdım… Nə üçün? Oqtay! Oqtay! Sən duyğusal adamsan. Biz uşaqlıqda da dərdli olmuşuq. Bəlkə də dərin fikirlərə görə indikindən daha bilikli olmuşuq…! Qardaşım, mənim əlim yer tutmayıb. Bəlkə də tutacaqdır. Bu iş tarixindir. Yaşayacağıq, görəcəyik. Anam amanatdı. Tez-tez onun yanına get, onu mənə görə dərd çəkməyə qoyma. Cavab yazmağı unutma. Mənim dilimə gəlməyib ürəyimin dərinliyində olandan da yaz.
Hamıya səmimi salamlarımı yetir.
Hörmətlə, qardaşın Bayat”.
Məktubda ümidli sözlər yazsa da, həyatda çəkilməz dərdlər içində boğula-boğula qalmışdı, doğulduğu, dünyaya gəldiyi günə nifrət edirdi. Kənddən anasından xəbərsiz Bakıya fəhləliyə gəldiyinə görə it kimi peşman olmuşdu… əlinə bir bəhanə düşsəydi, arxasına baxmadan kəndə qayıdardı. Tüpürdüyünü necə yalayaydı? Hətta əlinə bəhanə düşsə də, qayıda bilməzdi, nə ilə, necə qayıdaydı, cibində pul yerinə siçanlar oynaşırdı… Qalan sonuncu qəpiklərlə çay-çörək yeyəcəkdi, sabaha Allah kərimdi. Çayçıdan şirin çay istədi. Armudu stəkanın içinə iki qənd atıb qarışdırmağa başladı.Ya çay soyuq idi, ya qənd bərkdi, ərimək bilmirdi. Çay qaşığının arxası ilə zorla da olsa qəndi əritmək istədi. Qənd əriməsə bunun nəyi şirinçay olasıdır. Belə düşünürdü ki, qaşığın arxası stəkanı qırıb çölə çıxdı. Bir güc-bəla ilə əritdiyi şirin çay da nəlbəkiyə tökülüb şüşəqarışıq zəhər oldu. Bayat bu gözlənilməz hadisə qarşısında nə edəcəyini bilmədi. Süfrədəki pendir-çörəyə əlini vurmadan cibindəki son iyirmi qəpiyi stolun üstünə atıb tüstü kimi bayıra çıxmağı bir oldu…
İşdən sonra bəlkə tanış birini görüb borc alaram – düşüncəsiylə tanıdığı bazarları ələk-vələk etsə də, ümidi boşa çıxacaqdı.
İşləməyə gəldiyi vaxtdan hələ bir ay keçməmişdi ki, ona aylıq verəydilər. Alacağı aylıq da bir aylıq olmayacaqdı. Çünki iş yerində fəhlələrin “usta” dedikləri birisi vardı ki, Bayata göz verib, işıq vermirdi, bir an olsun belə, boş dayanmağa qoymurdu, gah o işə buyururdu, gah bu işə. Həm də çəlimsizin biri idi, boyu, buxunu Bayatdan da zəif idi. Bir dəfə əhəng söndürən adam işə çıxmamışdı. Usta Bayatı çağırıb:
– Bu gün əhəngi sən söndürəcəksən,- dedi. Bayat bu işin heç də asan bir iş olmadığını bilirdi. Gərək geyməyə çəkmən, əlcəyin olaydı. Bayatın isə nə çəkməsi vardı, nə əlcəyi. Yadına düşdü ki, belə yerdə Öksürüklü Qara: – Goru varmı, kəfəni də olsun, – deyərdi. Bayat ustaya – mənim nə çəkməm var, nə əlcəklərim, bu işi görə bilmərəm, – cavabını verdi.
Belə deyirlər ki, boyu qısa adamlar gündə yüz kərə Allahdan allahlıq umur. Usta da belələrindəndi:
– Alə, məə nə var, çəkmən, əlcəyin yoxdur, dedim bu işi sən görəcəksən, deməli görəcəksən, müftəxorun birisən, bir aydı burdasan, hələ fərri-başlı bir iş də görməmisən. Ya bu işi gör, ya da maaş görsən, budu bax, bu dirsəyimin ardını görərsən.
Bayatın onsuz da bu özündənrazı, çəlimsiz ustadan xoşu gəlmirdi, yetənə yetir, yetməyənə bir daş atırdı. İşçilər, görünür, öyrəncəli idilər, ona yaltaqlanır, o nə desə “başüstə” cavabı verirdilər. Sonralar görəcəkdi ki, fəhlələrin başqa çarələri də yoxdu, onların maaşını bu çəlimsiz usta yazırdı. Lap əvvəldən alacağı pulun ustadan asılı olduğunu bilsəydi də, Bayat yenə eyni hərəkəti edərdi. Onun öz ədalət ölçüləri vardı, birisi bu ölçüdən çıxdımı, dava salardı. Elə orta məktəbdə oxuyanda Oqtayın üstə neçəsi ilə dalaşmışdı. Oqtay uşaqlıqda ağır bir xəstəlik keçirmişdi, bəlkə buna görə də gözüqıpıq böyümüşdü, hamı gücünü, uzaq qaçsa belə, yenə onun üzərində sınayırdı. Bayat buna dözmürdü, Oqtayın yerinə özünü qabağa verir, özü döyüşürdü. İndi burda, Bakıda tikinti meydançasında əl boyda adamın dağ boyda adamların başına oyun açması Bayatın ilk gündən xoşuna gəlməmişdi, elə əvvəldən bu adamla qovğa etmək istəmişdi, amma bir “əstəğfürullah” kəlməsi ilə özünü hər dəfə sakitləşdirmişdi. Amma artıq görünür, bu gün davadan yan keçmək mümkün olmayacaqdı…Usta hirsli-hirsli tərəddüd içində düşüncələrə dalan Bayata:
– “Sənə demədimmi bu gün əhəngi sən yandıracaqsan, kimi gözləyirsən, ay çuşka?” – deyə çımxıranda Bayat “çuşka”nın mənasını bilməsə də, elə deyilişin­dən nəsə yaxşı bir söz olmadığını anlamışdı. Ona görə də ilk cavabı:
– Çuşka özünsən, mən də sənə dedim ki, əlcək, çəkmə ver, əhəngi söndürüm, -oldu.
– Alə, sən məə cavab qaytarırsan, heç kiminlə danışdığını bilirsən, ay kəndçi eşşəyi, sənə deyirəm gir əhəngi söndür, sən maa nə deyirsən?
Bayat cavabsız qalmadı:
– Belə eşşək də varsan, ondan o tərəfi də, canın çıxsın gir, özün söndür, söndürmürəm.
Ətrafdakı fəhlələr iş-güclərini buraxıb onların qoç döyüşünə baxırdılar, əllərinə fürsət düşmüşdü, dincələ bilərdilər… Anası demişkən, Bayatın beyni qızdımı, qurtardı, ağına-bozuna, irəlisinə-gerisinə baxan deyildi… Kənddə yaşıdlarına yox ey, özündən 3-4 yaş böyüklərə də gün verib işıq verməzdi, yaxaladığı ilə qaldırıb dizinin altına qoyduğu bir olurdı. Özünün kəşf etdiyi bir fəndi də vardı, bərkə düşəndə, qarşısındakı ondan güclü çıxanda o fəndi işlədərdi. İndi bu ustamı, nəmi, o kənd uşaqlarının yanında nəmənə şeydi, – deyə düşünüb, ona görə də onun qabağından qayıtmağa çəkinib eləmədi. Usta əvvəlcə əlindəki əhəngbulaşıq beli onun çiyninə endirmək istədi. Bayat ustanın fikrini qırımından anlamışdı, beli ustanın əlindən almağı ilə kənara atmağı bir oldu. Yaxasından yapışmağı ilə kənddə çətinə düşəndə işlətdiyi fəndini işə saldı, sağ ayağını ustanın sol ayağına dolayıb qanırdığı ilə arxası üstə yerə vurdu. Bunu nə usta gözləyirdi, nə də çörəkpuluna görə bu çəlimsiz ustanın qarşısında boğaz olan ləzgilər… Hamı çaş-baş qalmışdı. Beldən yuxarı əhəng içinə batan usta yerdə çabalayır, Bayatın əlindən qurtulmaq istəyirdi, çabaladıqca da bir az da əhəngə bulaşırdı. Bayatın qarşısındakını yendiyindən doğan bir qürurla kefi kökəlmişdi, amma başa düşdü ki, ustanı bir az da bu vəziyyətdə saxlasa, söndürülən əhəngin istisi üz-gözünü yaxıb yandıracaq, ona görə də tez üstündən qalxdı. Usta tərəddüd içində qalmışdı, gözlənilməz məğlubiyyəti qürurunu qırmış, işçilərin gözündən salmışdı, bəlkə buna görə də elə bil yerindən qalxmağa da tərəddüd edirdi. Amma az keçməmiş sanki hansı bir qüvvəsə ona kömək elədi, özünə gəlib yerindən fırladı. Onun bu laubalı davranışı Bayatı da çaşdırmışdı, usta qalxıb nə edəcəkdi, bəlkə yenidən onun üstünə cumacaq, hayıfını almaq istəyəcəkdi. Ehtiyatlı oğulun anası ağlamaz, – deyib bayaq ustanın əlindən alıb fırlatdığı beli yerdən qaldırdı. Amma bunu elə etdi ki, sanki işə başlamaq istəyirdi. Usta bağlandığı zənciri qırıb yolçunun üstünə cumub burnundan zərbə alan it kimi yerindən qalxıb dodağının altında zingildiyə-zingildiyə tikintidən aralıda dincəlmək üçün qurulmuş baraklara doğru götürüldü. Ustanı izləyən Bayat dörd divarı şumal taxtalardan olan, mavi rəngi odun sobasından çıxan tüstüdən his çəkən barakları sanki indicə görürdü. O baraklarda yalnız iş icracıları “prorab”, “desyatnik” və baş usta dincəlirdi. Əslində orası inşaatın beyin mərkəzi idi, işlər oradan yönəldilirdi, maaş orada hesablanır, aylıq oradan verilirdi. Usta barakın qapısından içəri girdikdən sonra bayaqdan donmuş vəziyyətdə olan işçilərin sanki donları açıldı, yeryerdən səslər çıxmağa başladı. Tərəfini tutan olmayacağını Bayat onsuz da bilirdi, sonun necə bitməsindən asılı olmayaraq, o bu qələbəsi ilə xərəyinə qəsdən 5-6 daş yükləyən ləzgi oğlanların da gözünün odunu almış, dərslərini vermişdi. Bir daşla iki quş vurmuşdu. Bəlkə bunu bildiklərindən də onlar öz aralarında:
– Elə bilir, qəhrəmanlıq elədi, sən görərsən, indicə necə mitilini bayıra atacaqlar, – deyirdi.
Bir başqası canyananlıq edirdi:
– Mitilini bayıra atmasalar da, ay başında aldığı maaşı heç yol pulunu ödəməyəcək…
Bayat öz-özünə fikirləşirdi ki, görən bunların hansı baş verəcək? Əgər bu ləzgi oğlanlarının dediyi kimi, mitilini atsalar, axır günü nə olacaq? Borc aldığı üç manat çoxdan xərclənmiş, hələ yataqxanadakı otaq yoldaşlarından da borc almışdı. Gələndə fəhlə toplayan idarənin hesabına gəlmişdi, qayıdanda nə ilə qayıdacaqdı. Lap deyək ki, qayıtmağa birtəhər borc-xərc pul da tapdı, kəndə nə üzlə dönəsiydi?.. Orada Bayatı nə gözləyirdi? Anasımı? İndi yəqin ki, borc içində boğulan anası da ondan üz döndərib. Keç görüm, həyat deyilən və hər anı gözlənilməz hadisələrlə dolu olan bu zəhrimarın arasından, necə keçirsən?.. Hər zaman içindən keçənlər yenə güclü bir axınla təkrarlanmaqdaydı. İnsan oğlu çiçəyə bənzəyir; çiçək nə qədər ki, tumurcuğun, qönçənin içindədir, dərdi yoxdur, elə ki, tumurcuqlar, qönçələr açılır, tumurcuğun, qönçənin çiçək ömrü başlayır. Bax, əsl çətinliklər də o zaman qarşıya çıxır. Zamanın sərt rüzgarları vaxt-bivaxt o güllərin, çiçəklərin ləçəklərini bir-bir yolur. Ana, ata qayğısında böyüyən uşaq da eyni taleyi yaşayır, nə qədər ki, körpədir, onu dövranın sərt səmt küləklərindən ana, ata qayğısı qoruyur. Bayat ata qayğısından da məhrum qalmışdı. Elə ki, körpə böyüyüb, müstəqil həyat yoluna başlayır, həyatın bomboz sərt sifəti ilə üzləşir bax, çətinlik o zaman başlayır. Bu keçid – həyat dönəmi, görünür, hamı üçün çətin olur. Başqa bir keçid yox, istəsən də, istəməsən də bu dar boğazdan keçməlisən. Bu yönü ilə həyat qum saatına bənzəyir, bir gözündən o biri gözünə keçmək üçün daş olsan da üyünməlisən. Bu düşüncələr axını beynindən elə-belə keçmirdi. Bayat da indi o dar boğazdan keçirdi. Anasının ondan üz döndərmiş olması da bütün bunlara görə ağlına gəlirdi. Lap döndərməsə də, onun ucbatından borca düşən anasına yenidən yük olmaq, yox, o, bunu bacarmayacaqdı. Ona görə də barakdan gələcək xəbəri səbirsizliklə gözləyirdi. Handan-hana barakın qapısı açılmış, usta ilə “desyatnik” qadın onlara tərəf gəlmişdilər. Bayat ölüm hökmünü gözləyən dustaq vəziyyətində idi. Dəymiş, sitip tökülən Ordubad əriyinə bənzəyən yanaqları ilə ilk gündən Bayatın diqqətini çəkən bu qadının ona bir pislik edəcəyinə nədənsə ağlı kəsmirdi. Gözəl qızlar ağacın ən yüksək, əlçatmaz budağındakı günəşin şəfəqlərindən yanıl yanaqları alışıb yanan meyvə kimidir, zamanında dərilmədi­yindən qalıb qurda-quşa yem olurlar… Ordubad əriyinə bənzəyən yanaqları ilə ilk gündən Bayatın diqqətini çəkən bu qadının taleyi necədir görəsən? Odamı qurda-quşa yem olub? Bu suallar beynini qurcalayarkən Bayat, özü öz düşüncə­lər axınına “dur” dedi:
– İndi sənin bunları düşünən vaxtındır?
Müqəddəsliklə murdarlığın arasında gedib-gələn insan nə olan şeydi, ilahi?! Hər dəfə ağlına gələn fikrini qarışdırırdı. Ağzına nemət kimi gələn vücudundan murdarlıq kimi çıxırdı. Bu insanda murdar olan nə var ki, müqəddəsi murdar edir… Adamın ağlından keçənlər dilinə gəlsə, gündə neçə yerdə ölüm-qan olar… İndi yanaqları Ordubad əriyinə bənzəyən qadın haqqında düşüncələrə dalarkən yenə ağlını eyni fikirlər qurcalayırdı.
O, gözəgörünməz qüvvələrin gücünə inanırdı. İnanırdı ki, deyək ki, hətta barakın içində onun işdən qovulması haqqında qərar çıxarılmışsa da, yenə oradan buraya -inşaat meydançasına gələnə qədər o gözəgörünməz güclər o qadının ürəyinə mütləq rəhm salacaq və o, ilk öncə, ustanın, sonra da hadisənin necə bitəcəyini dördgözlə gözləyən fəhlələrin təəccüblü baxışları altında bir yolla onu – Bayatı üzdə danlasa da, içərisində bağışlayacaq və elə edəcək ki, Bayatı işdən qovmasınlar. “Desyatnik”lə usta onlara yaxınlaşanda Bayat ürkək-ürkək qadının Ordubad əriyinə bənzəyən yanaqlarına oğrun-oğrun baxmağa fürsət tapdı. Sanki bunu, bu ani təması hiss etmiş kimi qadın, süni qəzəblə işsiz-gücsüz dayanan fəhlələrə, bir də Bayatın hələ bığ yeri yenicə tərləməyə başlayan sifətinə baxdı. Amma bu keçici ciddilik Ordubad əriyinin mehriban rəngini hələ soldura bilməmişdi və o rəng Bayata təsəlliverici bir hiss pıçıldayırdı. Qadın qarşısındakı bu adı kimi özü də qəribə, fərqli bir sifətə malik yeniyetməni başdan-ayağa süzdü. Solğun sifətində qara çatma qaşlarının altında içindən qəriblik yağan bir cüt gözlə qarşılaşdığından bir anlığa, sadəcə bircə anlığa duruş gətirə bildi. İçində – bu canıyanmışın nə nüfuzedici, iti baxışları var, – deyə düşündü. Və nədənsə bir anlığa gözündə ürküdülmüş cinlər oynaşan bu qəribə oğlanı başdan-ayağa soyundurub ona yaraşan paltar geyindirib, bir də yenidən ona müştəri gözü ilə baxmağa başladı. Belə birisinin, – aman Allahım, bu hisin-pasın, daşın-torpağın içində nə işi var, – deyə diksindi. İçindən o da keçdi ki, kaş yaşı yaşıma uyğun olaydı, heç nə deyəcəyini, necə deyəcəyini soruşmadan onu bu çıxılmazlığın əlindən alar, öz həyatını da, onun həyatını da qurtarardı. Adamın bir belə üzü üzlər, gözü gözlər görməmiş əri olsaydı, nə vardı ki? Kim bilir burada kimin əlinə düşəcək, başına hansı oyunlar gələcək, gətiriləcək? O da az qala belə bir həyat yaşamamışdımı, bu bic və hiyləgər dünya onun da başına oyun açmamışdımı, əldən-ələ salmamışdımı? Bayat, intəhası, onun oğlan variantı idi… Bəlkə bir belə təmiz, pak birisi ilə bir yastığa baş qoymaq onun da pərişan həyatını dəyişə bilərdi və o pak olan və onu da paklaşdıran bu insanın yolunda canından keçərdi. Keçərdi ki, heç olmasa bir insan, bircə insansa da bu kirli dünyada təmiz qala bilsin. Amma xəyalların içimizdən keçib gerçəklik qazanmasına imkan varmı? Kaş olaydı.
“Desyatnik”in onu belə mənalı-mənalı süzməsi Bayatı ürəkləndirsə də bu mənzərəni süzən fəhlələri, ən çox da ustanı haldan çıxartmışdı. Usta az qala qışqırmaq istəyirdi:
– Biz ağzıbirdə beləmi danışmışdıq? İndi nəyi gözləyirsən, niyə bu çuşkanın dərsini vermirsən? Sanki qadın da duyğularına bir anlığa da olsa əsir düşdüyünü anladı, birdən-birə halına, duruşuna yaraşmayan bir şəkildə:
– Sən kimsən axı ustanın sözündən çıxır, ona əl qaldırırsanə Bu tərbiyəsizliyi harda öyrəndin, evdəmi, məktəbdəmiə Adını da komsomolçu qoyub bunu kənddən Bakıya göndəriblər ki, işləsin, çalışsın, oxusun adam olsun. Bu gör gəlib burda nə edir, dünən şeş, bu gün beş. İndi necəsən milis çağırıb səni türməyə soxdurum, hə? Bir gör ətrafında neçə şahid var… Çıx, hardan gəlmisən oraya da vasil ol. İşdən qovuldun, aramızda səni kimilərə yer yoxdur.
Qadın bu sözlərin heç birisini Bayatın üzünə baxaraqdan demədi, bəlkə də deyə bilmədi. Üzü Bayata tərəf olsa da, danışdığı müddət bircə dəfə də başını qaldırıb onun üzünə baxmadı, baxa bilmədi. Sanki sözlər ona- Bayata yox, Bayatın ayağının altındakı əhəngli torpağa deyilirdi, torpaq da sanki buna görə hirsindən bomboz kəsilirdi. Bayat gözünün ucuyla yanaqları Ordubad əriyi kimi allanan “desyatnik”i süzdü. Və ona elə gəldi ki, eşitdiyi sözlər heç onun dilindən çıxmayıb, çünkü elə dodaqlardan belə sözlər çıxa bilməzdi. Bəlkə kiminsə səsidir vala yazdırıb oxudurdular . Bayat içinə damanların bu qədər yanlış olacağını ağlına belə gətirməmişdi. Amma ediləcək bir şey də yoxdu, artıq işdən qovulmuşdu. Qadın sözlərini bitirər-bitirməz dikdaban tuflilərinin parlayan rənginə əhəng tozu qonmasın deyə aram addımlarla inşaat meydançasından uzaqlaşdı. Bayatı burada saxlayacaq heç nə qalmamışdı, kor-peşman yataqxananın yolunu tutdu. Yol boyu bu olmuş hadisələri fikrində az qala yüz yol təkrarladı. Qadının ona mənalı-mənalı baxmağını, sonra qəzəbli sözlərini beşaçılan güllələri kimi bir-bir cərgələyəndə duruşu ilə sözlərinin uyğun gəlmədiyini fikirləşdikcə burada mütləq dərkiçətin bir şeylərin olduğunu düşündü. Yataqxanaya necə qayıtdığını çalışsa da xatırlaya bilməzdi. Adəti idi, həm cibində siçanlar oynaşdığından, həm də gah trolleybusa, gah da tramvaya minməli olduğundan, çox zaman işdən yataqxanaya yorğun-arğın olsa da, piyada qayıdırdı. Bu dəfə də piyada qayıdacaqdı. Əslində, yataqxanaya qayıdan ayaqları idi, fikri isə gah geriyə, kəndə, uşaqlıq xatirələrinin yanına, gah da irəliyə, hələ görmədiyi, görmək istədiyi məchul gələcəyə qanadlanırdı. Elə gələcəyi də yaşadığı, əli ilə tutub, gözü ilə gördüyü şirin xatirələr kimi xatırlayırdı. Bu onun adəti idi, gələcəyə o qədər böyük arzuları var idi ki? Bakı ilə ulduzu barışmasa da, onunla bağlı xatirələri də baş qaldırırdı…
Günəşin gözü təzəcə açılanda gecikmiş gecə qatarlarından Bakının səhər alatoranına düşmüşdü. Açılmaqda olan bu payız səhəri bürkülü qatar kupesinin cansıxıcı havasını canından çıxarsın deyə hələ maşın sürüsü yellənməmiş əyni çılvaq şəhərin küçələrini tək-tənha eninə-uzununa addımlamaq istəmişdi. Gecələrin tənhalığı, sükunəti divarlara dəyib qayıdan addım səsləri ilə pozulurdu. Bu səslər nigaran, həyəcanlı ürəyinin tappıltısı ilə yarışmaqda idi. Gündüzləri bu küçələri min dəfə o baş-bu başa ötsə də nə divara dəyib qayıdan ayaq səslərini, nə də könül çırpıntılarını eşidə bilmişdi. Bu şəhərin gündüzləri yalnız ayaq səslərini, ürək çırpıntılarını deyil, kimliyini də əlli-ayaqlı udur, əridir, bir də gözünü açırsan ki, gün axşam olub, ömrün-günün su kimi axıb keçdiyini hiss edirsən. Onda da gec olur, həm də çox gec… Nə yaxşı ki, ilk dəfə gecə qatarıyla gəlmiş və bu qaynar şəhərin sübh sükunətinə düşmüş, heç olmasa bir anlığa, bu qışı yazından seçilməyən şəhərdə bir dəfə, tək bircə dəfə də olsa öz addım səslərinə, könül çırpıntılarına qulaq asa bilmişdi. Bu addım səsləri, bu könül çırpıntıları ona unutduğu çox şeyi pıçıldayacaqdı, çox şeyi… Bayat əslində Bakıya Bakını fəth etmək üçün gəlməmişdi, o, Bakıda görəcəyi işlərlə mütləq özünü o kəndə də, o rayona da sübut edəcəkdi, mütləq. Bu necə olacaqdı, nə təhər olacaqdı, soruşsan heç özü də bilməzdi, bildiyi tək şey fikrindən keçənlərin bir gün həqiqət olacağına vərdişlə gələn inam idi. Nə yaxşı ki, bu gündən daha çox, lap acı da olsa yaşanmış keçmiş var, keçmişin payız rəngarəngliyini xatırladan dünyası var. Və nə yaxşı ki, hələ yaşanmamış, amma mütləq yaşanacaq gələcək var. Gələcəyin gətirəcəyi əsrarəngiz möcüzələr var. Gələcək yaşana-yaşana bu gün olmurmu? O, bu günü, bu günün çəkilməz qəhrini aradan kəsib götürmək, ya bir gün öncəyə qayıtmaq, ya bir gün sonraya keçmək olsaydı, bu günün taleyini dəyişəcək hadisəsindən qurtara bilərdi. Amma bu mümkünmüdür? Və beləcə bir də gözünü açacaqdı ki, yataqxanaya çatıb. Yolda hardansa qulağına Əkrəm Naibovun “Kirpi” jurnalında çap olunmuş, radioda verilən satirik şeiri çatacaqdı. Başqa zaman olsaydı bu şeiri dinləyə-dinləyə özünü onun yerinə qoyar, radionu öz şeirini dinlər kimi dinlərdi. Amma indi oralıq deyildi. Yaxşı ki, yataqxana vardı və yataqxanada otaq yoldaşları vardı. Heç olmasa başına gələnləri onlara danışacaqdı, bəlkə bu çənə söhbətindən sonra ürəyi yüngülləşəcəkdi. Axşam otaq yoldaşları Derbatya da, Kamil də gec gələcəkdilər. Bəlkə bu onun yataqxanada qalacağı son gecəsi idi, sabah işdən çıxarılmağı yataqxana komendantına çatacaq, o da onun mitilini, ləzgi iş yoldaşları demiş, çölə atacaqdı. Birdən o, min dəfə eşitsə də bu “mitil” sözünün mənasını ilk dəfə dərk edəcəkdi. Mitil yəni yorğan, döşəyin işlənməkdən mitili çıxmış içi. Bayatın mitili vardımı, onu da çölə ataydılar. Özünü küçəyə atacaqdılar, bu elə mitilin çölə atılmağı deyildimi? Bu düşüncələrdə ikən otağın qapısı bərk-bərk döyüləcəkdi. Dik atılacaqdı. Kimdi bu? Gələn bir yerdə çalışdıqları Mustafa idi. Çulunu sudan çıxarmağı bacaran Mustafa, atasına söysən də dişini ağardan, “bəli”, “bəli” deyən Mustafa. Mustafanı hansı rüzgar onun otağına atmışdı, görəsən? Həm də Mustafa hardasa başqa bir yataqxanada qalırdı. Bayatın qaldığı yeri hardan öyrənmişdi, buraya gəlməkdə məqsədi nə idi? Qapıdan içəri girər-girməz:
– Nə olub, – dedi, ə, – dəryada gəminmi batıb, sənə şad xəbər gətirmişəm, başın haqqı, “desyatnik” məni çağırıb tapşırdı ki, sənə deyəm, işdən çıxarıl­mayacaqsan, bundan sonra bizim briqadada işləyəcəksən. Bayat bilmirdi içində adını “güləyən” qoyduğu Mustafaya nə desin, durub qucaqlayıb öpsünmü? Yoxsa..
Bayatın içinə bir rahatlıq çökmüşdü, deməli, gözəgörünməz güclər lazım gələndə adama kömək eləyə bilir, yoxsa “desyatnik”in ürəyinə bu rəhm hardan gəlməli idi? Bayat əvvəl çalışdığı yerdən xeyli uzaqda başqa bir briqadada işə başlamışdı. Buradakı işin əvvəlki işindən yüngül olduğunu demək düz olmazdı. Amma heç olmasa ləzgi oğlanlarının xərəyindəki içi balıqqulaqlı Bakı kubiklərindən canı qurtarmışdı. İnşaat meydançasının kənarında böyük təkərliklərdə naqil sarıqları vardı. Onları qazıb yerin altına basdırmaq lazım idi. Bayat bu xınanın o xına olmadığını bilirdi, bu onun son fürsəti idi, burada da biri ilə dalaşsaydı, heç şübhəsiz, işdən birdəfəlik qovulacaqdı. Ona görə də can-dillə işləyirdi. Onlara birbaşa “desyatnik”in özü göstəriş verirdi. O hadisədən sonra ilk qarşılacaqları anı Bayat dördgözlə gözləmişdi. Görəsən, o yanaqları Ordubad əriyi kimi sarımtıl şölə saçan qadın onu niyə müdafiə etmişdi? Bəlkə… bəlkə ondan xoşu gəlmişdi. Ac toyuq yuxusunda darı görür, – deyə düşünmüşdü də. Nə iştaha düşmüsən bala, o hara, sən hara? Ağlını başına yığ.
İlk aylıq maaşını alanda Bayatın az qala gözəgörünməzlərə də inamı itəcəkdi. Ona inşaatda işləyən bir-iki qadınla bərabər maaş yazılmışdı. Görünür, usta ondan bu yolla qisas alırdı. Amma olsun, işdən qovulmaqdansa yenə buna da şükür, bu olmasa nə edəcəkdi ki? Ara sakitləşəndən sonra anasına məktub yazacaqdı:

“Əziz anam! İşimin çoxluğumu deyim, yoxsa hər dəfəki yalançılığımmı deyim, qabağımı kəsdi, sənə verdiyim vədə xilaf çıxdım. Sənə əlli manat pul göndərirəm. Bilirəm gileylənib deyəcəksən ki neynirəm, nəyimə lazımdır onun əlli manatı, mənə özü lazım idi, özü də gəlmədi. Nə deyim, ay ana. Deyimmi ki, düz demirsən. Allaha and olsun ki, mən səni elə gün olmur ki, xatırlamayım. Bir də bu ona görədir ki, Bakıya görünməmiş qar yağır və mən bilirəm ki, evimiz necə soyuqdur, siz necə vəziyyətdəsiniz… Yadıma kəndimizin qışı düşür, ana… Təkgöz pəncərəli qara damımız yadıma gəlir. Və uzun qış gecələrində diz-dizə ana-bala gəlmişdən-getmişdən danışdığımız günləri xatırlayıram. Düz o günlərdən bu günlərə, sənin də, mənim də arzuladığımız, niyyət elədiyimiz bu günlərə gəlirəm, ana. Qəlbimə dəli bir fikir gəlir. Bu həmin fikirdir ki, mən bunu sənə həsr etdiyim bir şeirimdə yazmışdım:

Oğullar kəndlərdən çəkilib gəlir,
Kəndlərdə nə qədər analar qalır…

Və sən də eşidib -“anan ölsün, niyə belə yazıbsan, oxuyanlar deməzlərmi ki, Bayat özü-özünü tənbeh edir”, – demişdin.
Hərdən elə dəli oluram ki, mənim bu haylı-küylü şəhərdə nə azarım vardı? Bəlkə də qarşıma çəpər çəkən yolun uzaqlığı, vaxt imkansızlığıdır, bilmirəm… Onu bilirəm ki, mən səni kənddəkindən də on qat artıq istəyirəm. Allah eləməmiş, sən olmasan, az qala, yaşadığım rayonu da, gözdən – könüldən uzaq, xatirə dumanında uyuyan doğulduğum kəndimizi də unudaram. Sənin həsrətin uşaqlıq xatirələrimi, kəndimizi, onun qəribə və əziz adamlarını yada salır, ana! Və mən burada-Bakıdakı insanların mədəniyyətini, qeyrətini, nəyini, nəyini onların tərəzisiylə ölçürəm…Özünə fikir ver, qağamın canı üçün, ilk imkan düşən kimi yanına gələcəyəm, darıxma. İmza. Oğlun Bayat. Öpürəm ağrıyan gözlərindən!”
Bozbulanlıq günlər bir-birini əvəz edirdi. Nə olsun ki, anasına başına gələnlərdən bircə kəlmə də yazmırdı. Niyə də yazaydı ki? Yazsa, nə olacaqdı qan qaraltmaqdan başqa… İçindəki özünə və arzularına inamı da, deyəsən, yavaş-yavaş sönməyə başlamışdı. Bunun səbəbi sadəcə az maaş almağı deyildi.

* * *

Otaq yoldaşı Kamil bir qıza vurulmuşdu. İşdən geri döndümü, üstünü-başını səliqə-sahmana salıb özünü sahil bağına verməyi vardı. Sevdiyi qız, demək olar ki, hər gün rəfiqələri ilə birlikdə sahil bağına gülşən seyrinə çıxardı. Kamil də qarabaqara o qızın arxasınca sürünər, amma qıza bir söz söyləməyə cəsarəti çatmazdı. Qızın şəhər qızlarında heç görünməyən uzun hörükləri kürəkləri aşağı şəlalə kimi axar, biçarə Kamili də arxasınca sürükləyərdi. Saçıkəsik qızlardan biri olsaydı, yəqin dost olmalarına baxmayaraq, Kamilə qoşulub qızın ardınca bir addım da atmazdı… Amma o qızın kürəklərinə axıb tökülən şəlalə hörükləri sehirli bir ilğım kimi onu da arxasına salıb süründürürdü. Yox, Kamilə göz xəyanəti etmək onun ağlının ucundan belə keçməzdi. Sadəcə, o da Kamil kimi təbiilik aşiqi idi. Həm də kənddə ilk eşqini daşlara çırpan qıza bənzədiyinə görə. Şərt deyil ki, gördüyün gözəlliyə könül bağlayasan, onu sevmək, qorumaq isə hər kəsin borcudur. Bu, fəlsəfənin nə olduğunu bilməyə-bilməyə Bayatın həyat fəlsəfəsi idi. Bayat aradabir Kamilə yol yoldaşlığı etmişdi. Əslində baxanda Kamilin Bayatın yoldaşlığına bir elə də ehtiyacı yoxdu. AZİ-nin axşam şöbəsində oxuyurdu, çevrəsində bir yığın tələbə yoldaşları vardı… Amma bəzən Kamil şəlalə hörüklərin arxasınca sürünməkdə yalnızbaşına qalırdı… Bu axşam da növbə Bayata çatmışdı. Qızın uzun hörüklərindən başqa, rayon adamlarına oxşar bir yönü yoxdu. Geyim-kecimindən varlı-hallı ailənin qızı olduğu anlaşılırdı… Hörüklü qızın özünəməxsus vərdişləri; axşamüstülərin sərinliyi başlayanda rəfiqələri ilə görənləri heyran buraxaraq nazlana-nazlana, Allahın verdiyi gözəlliyin əmin-arxayınlığı ilə sahil bağını o baş-bu başa ölçməyi vardı. Heyranları da bir-iki deyildi ki! Gəmi dəniz dalğalarını ikiyə yarıb üzdüyü kimi, hörüklü qız da bulvar qələbəliyini ikiyə bölərək irəliləyərdi… Adəti üzrə sonunda hardasa köhnə kinoteatrın yanında rəfiqələri ilə tramvaya minər, oradan beşmərtəbəyə qədər gələr və sonra beşmərtəbənin yanında tramvaydan enib həyət evlərindən birinə gedərdilər. Kamilə də qızı arxasınca qarabaqara izləməkdən, boynubükük baxmaqdan savayı bir şey qalmazdı. Öz dediyinə görə, bir-iki dəfə təklikdə qızın önünü kəsib söz demək istəmişdi. Qız onun könül harayına nə “hə” demişdi, nə “yox”. Kamili də cəsarətləndirən qızın bu qeyri-müəyyən cavabı idi. Ona görə də “bəlkə bir gün…” ümidiylə hər axşam işdən sonra özünü bulvara verərdi. Bayatın növbəsi çatdığı axşam vəziyyət bir az fərqli idi. Qoşa hörüklü qızı qarabaqara izləyən oğlanların sayı bu dəfə hər zamankından daha çoxdu. O zamanlar “vengerski kok” deyilən saç modeli dəbdə idi. Hörüklü qızı izləyənlər saçlarını bu dəbdə vurdurmuş, şəhərdə yenicə boy göstərməyə başlayan dörd-beş “stilyaqa” oğlandı… Bayatı çıxsaq, Kamilgil də dörd nəfərdilər; Kamilin institut yoldaşları idi. Bayat da onlara qoşulmuşdu. Bulvarı dörd dolandıqdan sonra qızlar adəti üzrə yenə köhnə kinoteatr döngəsində tramvaya mindilər. Bayatgil də qızların arxasınca tramvaya minmişdilər. Amma sahildə qızları izləyən stilyaqalar Kamilgili qabaqlamışdı. Fürsət tapıb onlardan qabaq tramvaya minmişdilər. Geyim-kecimlərindən “şəhər uşaqları” olduqları anlaşılırdı. Kamilin sevdiyi o adıbilinməz hörüklü qız “şəhərli oğlanlara” nə soyləmişdisə, ikidə-bir qanrılıb Kamilgil olan tərəfə baxırdılar. Qızlar bu dəfə adəti üzrə Beşmərtəbənin yanında enmədilər. Tramvay yavaş-yavaş üzü yoxuşa qalxırdı. Bu zaman gözlənilməz hadisə baş verdi, oğlanlarla Kamilgilin aralarında əl-ayaq davası başlamışdı. Bayat nə edəcəyini bilmirdi. Bu zaman arxadan bir nəfərin Kamili bıçaqla vurmaq istədiyini görəndə tələsik özünü aralığa verib burub bıçağı oğlanın əlindən aldı. Bıçağı almışdı ki, sağdan-soldan başına, gözünə zərbələr enməyə başladı. Bu zaman yumruqların çalpoyunda Kamilgilin tramvaydan küçəyə atıldıqlarını gördü. O da özünü tramvaydan yerə atmaq istədi. Amma arxadan ona təpik atanlar buna imkan vermədi, Bayat göz açmağa macal tapmamış özünü asfaltın üstünə yıxılan gördü. Ovucları, diz qapaqları qan içində idi… Amma işin pisi sonra ortaya çıxacaqdı. Zərblə yerə çırpılan sağ əlinin baş barmağı qırılmışdı… Onsuz da işdə vəziyyəti yaxşı deyildi, indi bundan sonra halı-günü necə olacaqdı? Doğrudur, Kamilgil başlarını götürüb qaçmamışdılar, onun köməyinə gəlmişdilər. Tramvay başıbəlalı hörüklü qızı və onu yumruqlayan adamları da aparıb getmişdi. Gecəni ağrılar içində qıvrılmış, səhəri dirigözlə açmışdı, – Allah, bu necə işdi, ilandan güllə çıxmadığı kimi ondan da bəla uzaq olmurdu. Bir adamın başına bu qədər də pis iş gələrmi, həm də köməksiz, kəsəksiz bir adamın… Səhəri özünü poliklinikaya güclə çatdırmışdı. Barmağını rentgenə salmışdılar, deyilənlər doğru çıxmışdı, barmağı qırılmışdı. Barmağı qırx gün gipsdə qalacaqdı. Nə yatmışdı ki, nə yuxu görəydi? Yenə iş stajı olsa nə vardı ki, xəstələndiyinə görə pul ödəyəydilər… Həm də axı barmağı işdə qırılmamışdı ki? Yaşının elə vaxtı idi ki, başına gələn bütün bu müsibətlərə məna verə bilmirdi. Başını sındırıb bütün bu uğursuzluqların səbəbini axtarırdı, axtarırdı, amma bir yana çıxara bilmirdi.Hansı bəd əməlin sahibi idi ki, başına bir bu qədər oyunlar gəlirdi? Tay-tuşları işində-gücündə, kefində-damağında olduğu vaxtda bütün bu dərdləri niyə o çəkməli idi? Xəlvətə salıb göz yaşlarını xısın-xısın axıtmağı vardı və əllərini dilsiz göylərə qaldırıb fəryad edirdi:
— A şükür kərəminə, niyə məni bu günlərə qoymusan, atamı əlimdən alıb məni yetim qoyduğun, anamı damların altında yalqız buraxdığın yetmir, hələ mənə bu zülüm-zillətləri də rəva görürsən. Yanında nə günah işləmişəm, hay? Əsəbdənmi ya nədənsə mədə ağrıları yenidən baş almışdı. Mədə yazıq ağrımayıb neyləməli idi ki?.. Uşaqlığı aclıq, qıtlıq içində keçmişdi, bəzən günlərlə yavan çörəyin üzünə də həsrət qalırdı. Yenə orası kənddi, nəyi yoxdusa da, təmiz havası, təmiz suyu vardı. Burda Allahın suyu da pulla verilir. İç görüm krantdan gələn suyu, necə içirsən? Amma Bayat içmişdi, bir də içməyib nə edəsi idi ki?! Hər gün suya veriləcək pulu hardandı? İçmişdi və mədəsi yenidən pozulmuşdu.Mədəsi pozulmuş adamın Bakıda yaşaması çətindi. Bir də görürdün küçənin ortasındaca mədəsində gurultular başladı… Düz-əməlli tanımadığın şəhərdə mədən səni təntidəndə gəl, bu darmacalda tualet axtar görüm haradan tapırsan? Bakı, kəndləri deyildi ki, özünü kolun-kosun arxasına verəydi…
Küçələrdən keçən maşınlar sanki yoldan deyil, onun mədəsindən keçirdi. Mədəsi ikinci ürəyə dönüb döyüm-döyüm döyünür, zoqqur-zoqqur zoqquldayırdı. Elə ümidsiz vəziyyətə düşmüşdü ki, ali məktəbdə oxumaq yox, heç olmasa traktorçu, ya da sürücülük kursuna yazıla bilsəydi, özünü xoşbəxt sayacaqdı. İndi bu kurslara da yazılmaq çətin olmuşdu. Bir tərəfdən də qırılan barmağı! Sonradan hadisələr elə gətirəcəkdi ki, qırılan barmağına şükür oxuyacaqdı. Nə vaxt idi ki, işə getmirdi, gedə bilmirdi. Getsə də qırıq barmağı ilə nə iş görəcəkdi ki? Həftədə bir dəfə poliklinikaya barmağını sarıtmağa gedirdi. Bu dəfə poliklinikaya gedəndə orada iki-üç cavanla qarşılaşmışdı. Onlardan biri heç Bayatın gözləmədiyi bir vaxtda:
– Səndəmi sağlamlıq kağızı almağa gəlmisən? – dedi. Bayat bu gözlənilməz sualın qarşısında bir müddət tutuldu, nə cavab verəcəyini bilmədi, handan-hana:
– Yox, mən barmağımı sarıtmağa gəlmişəm. – Qarşısındakı güləş sifətli oğlan:
– Allah şəfa versin, barmağına nə oluf ki,-dedi. Bayat tramvaydan yıxıldığını demədi, deyə bilməzdi də, yalandan zəhləsi getsə də müqəddəs bir yalan uydurdu, işdə yıxılmışam. Qarşısındakı oğlan sanki əvvəlcədən onun başından keçənləri yerli-yataqlı öyrənməyi qarşısına məqsəd qoymuş kimi:
– Harda işləyirsən?
“Tikinti idarəsində”. Könülsüz-könülsüz cavab verdi. Oğlan yenə sorğu-sualını davam etdirdi:
– Oxuyub eləyirsənmi?
Bayat söhbəti bitirmək üçün tək kəlmə ilə:
– Yox! – dedi.
– Mən də oxumuram, elə ona görə də işimi məktəbə vermək üçün sağlamlıq kağızı almağa gəlmişəm.
Bayat:
– İndi qəbul zamanı deyil ki?
– Qiyabi şöbəyə tələbə qəbulu mayda başlayır. İstəyirsən, sən də sənədlərini hazırla, işimizi birlikdə verək, Allah kərimdi, bəlkə tutdu. Bayatın içində ani bir dalğalanma oldu, hətta bu xəbərdən riqqətə də gəldi:
– Hansı şöbəyə iş vermək istəyirsən?
– Kitabxanaçılığa!
– Niyə kitabxanaçılığa?
– Çünki yalnız orada rus dilindən imtahan yoxdur, kəndçi babayıq, rus dilini hardan öyrənəydik? Orta məktəbdə ildə üç dəfə rus dili müəllimi dəyi­şilirdi…Keçən il də rus dilindən kəsildim…
– Doğru deyirsən. Heç mən də rusca bir şey bilmirəm.
– Soruşmaq ayıb olmasın, hansı rayondansan?
– Tovuzdan!
– Deyirəm axı, bayaqdan niyə suyun çəkir. Ayə, ay eloğlu, adın nə oldu?
– Bayat. Bəs səninki?
– Akif! Nə qəribə adın var. Bayatını bilirəm, amma Bayatı yox.
Bayat borclu qalmadı:
– Necə tovuzdusan ki, Bayatı bilmirsən? Mən öyrənmişəm, Bayat türk qəbilələrindən birinin adıymış.
– Nə yaxşı dedin, mən də öyrəndim. İndi de görüm sənədlərini hazırlayıb mənimlə birlikdə universitetə vermək istəyirsən yoxsa, yox?
Bayat elə oxumaq arzusuyla gəlməmişdimi bu xaraba Bakıya? Ona görə də əlüstü cavab verdi:
– Niyə istəmirəm. Sağlamlıq kağızından başqa daha hansı sənədlər lazımdır? Sağlamlıq kağızı deyəndə qeyri-iradi gözü qırılmış baş barmağına sataşdı, ona bu barmaqla belə bir kağız verərdilərmi? Akifdən soruşmağa da utandı, bir də o, bunu hardan biləsiydi ki? Beləcə, bu sağlamlıq kağızı məsələsi elə ilk addımındanca ona dərd oldu.
Akif lazım olan sənədləri bir-bir sadaladı, onların bəzilərini keçən ildən hazırlamışdı. Amma sağlamlıq kağızı kimi, iş yerindən arayış məsələsi də onun canını sıxmağa başlamışdı. Kim idi ona bu kağızı verən? Deməzdilərmi ki,-nə işləmişsən ki, sənə sağlamlıq kağızı da verək… Amma bütün bunları Akifə deyə bilməzdi ki? Desəydi faydası nə olacaqdı? Vədələşib yenidən görüşmək qərarı ilə ayrıldılar. Ümid yenə də gözəgörünməzlərə qalırdı, bağlı qapıları açan gözəgörünməzlərə. İndiyə qədər sınamışdı, nəyi çox istəmişdisə, çoxu baş tutmuşdu. İnşallah, bu dəfə də belə olacaqdı… Üzünə üz tutub ilk dəfə idi ki yanaqları Ordubad əriyinin mehriban rəngini yaşadan qadının yanına gedəcəkdi. Qadın barakların qarşısında Bayatı görəndə diksinən kimi olacaqdı, handan-hana püstə dodaqlarına ani kinayəqarışıq bir təbəssüm qonacaqdı:
– Ooo, səni hansı rüzgar biz tərəflərə atdı. Əvvəlcədən xəbərimiz olsaydı, ayağının altına atmağa xalıdan, xalçadan hazırlayardıq.
Bayat çəkinə-çəkinə:
– Mən… mən…
“Desyatnik” sözünün sonunu gətirməyə imkan vermədi.
– Hə sən, nə sən?
Amma Bayat verilən bu sualın arxasında qadının səs tonundan gizli bir marağın olduğunu da sezməmiş deyildi.
– Mən işləməyim haqqında arayış almağa gəlmişdim.
– İşlədinmi ki, arayış da alasan? – Sonra nə düşündüsə:
– Arayış nəyinə lazımdır, sənin?
– İşimi qəbul üçün məktəbə təqdim edəcəyəm, ora üçün lazımdır.
– Hansı məktəbə verəcəksən işini?
– Üniversitetə.
“Desyatnik” Bayatı ayaqdan-başa süzdü, onun burnu dirsilmiş ayaqqabılarına, sementqarışıq toz basmış şalvarına, nimdaş sətin köynəyinə baxdı. Oğlanın sızanaq basmış sifətindən ona elə göz baxırdı ki, içində baş qaldıran ironiyasını elə içindəcə öldürdü:
– Sənə bircə şərtlə arayış verərik, bax, o torpaq tığını görürsən, onu əl arabası ilə daşıyıb qarşı tərəfdəki quyuya tökəsən, özü də elə bu gün.
Bayat bir qırıq barmağına, bir də tərəddüdlə yanağı Ordubad əriyinin mehriban rənginini andıran qadına baxdı. Elə bil baxışıyla “mənim vəziyyətimi görmürsənmi, bu sarıqlı qırıq barmağımla o boyda toprağı mən necə daşıya bilərəm ki?” – demək istədi. Sanki yanaqları Ordubad əriyinin mehriban rəngini andıran qadın onun fikrindən keçənləri anlamışdı:
– Özün bil, işləmirsən işləmə, biz sənə işləməyə-işləməyə arayış verə bilmərik. Nə vaxtdır saçkavatlıq eləyib işləmirsən, heç olmasa idarəyə bir faydan olsun də…
Bayatın başqa bir seçimi qalmamışdı. Canını dişinə tutub işə başladı. Əvvəlcə kiçik bir torpaq topası kimi gördüyü yer, işlədikcə azalmaq yerinə sanki yavaş-yavaş artır, təpələnirdi. Bütün günü qan-tər içində işləyəcək, gecə gecədən keçənə gədər çalışacaq və axırda torpaq təpəsini əridəcəkdi. Amma torpaq təpəsi azaldıqca əlindəki suluq təpələri böyüdükcə böyüyür, sızım-sızım sızıldayırdı. O günü, günü yox ey gecəni, o torpaq tığının axırına çıxa bilməyəcəkdi. Az da olsa bir qismi sabaha qalacaqdı. Bütün günü arzusu uğrunda canını dişinə tutub ac-susuz işləyəndən sonra özünü yataqxanaya gecənin bir aləmində zorla salacaqdı. Onsuz da xəstə olan mədəsinin ağrısı başına vururdu. Ac qarın qılınca gələr demirlərmi, çörək qabındakı quruyub qaxaca dönmüş qırıntıları bir güclə gəvələməyə çalışdı… Sonra çarpayısına uzansa da, gözlərinə yuxu gəlmədi. Yuxu hardan gələydi ki, işdən yorğun-ağrın dönən, qarnını doyuzdurub yataqlarına girən otaq yoldaşları çoxdan uyumuşdular, indi Nəsib-Yusuf quşları kimi xorultuları bir-biri ilə ediləşirdi. Əvvəllər heç onların bir bu qədər xoruldadıqlarının fərqinə varmamışdı. İndi sanki onlar da Bayatın yorğun və ac olduğunu bilib onu bir az da yuxusuz qoymaq istəyirdilər. Amma o nə olursa olsun, sabah tezdən qalxıb işə getməli idi, son ümid yerinin-oxumağının taleyi sabah alacağı arayışdan çox asılı idi. Bir tərəfdən xorultular, hələ tam sağalmayan qırılmış baş barmağının zoqqultusu, o biri yandan xəstə mədəsinin aclıqdan başlayan ağrı və qurultusu Bayata yatmaq imkanı vermirdi. Və o istər-istəməz çarəni xəyallara dalmaqda, qayğısız uşaqlığını xatırlamaqda görürdü. Uşaqlıq hər kəsin ana vətəni deyilmi? Nə gözəl günlər idi o günlər… O aclığın, yoxsulluğun içində dərki çətin, xəyalı qanadlan­dıran nəsə də vardı…
Səhər oyanmaq istəməsə də oyanacaqdı, çünki işə getməyə hazırlaşan otaq yoldaşlarının gürültüsündən oyanmamaq mümkün deyildi. Onsuz da səksəkəli yatmışdı.Tələsik geyinib iş yerinə qaçdı…İş yenicə başlamışdı…İş icraçısı ilə “desyatnik” qadın barakların önündə durub söhbət edirdilər. Bayatı görəndə yanaqları Ordubad əriyinə bənzəyən qadın:
– Şərtə beləmi əməl edərlər, biz səninlə beləmi danışmışdıq?
Bayat dodağı­nın altında:
– Vallah, gecəyarıya gədər çalışdım, amma heç cür bitirə bilmədim. Bir-iki saata bitirəcəyəm.
– Bitir görək. Nəyi gözləyirsən, tez ol işinə başla, yoxsa bax, fikrimi dəyişərəm.
Bayata da elə bu lazım idi. Dünəndən, işi bitirə bilməyəcəyini gördükdən sonra içini gəmirən sualın cavabını qadının özü verdi. Deməli, onun verdiyi sözə əməl edəcəyinə şübhə etməyə dəyməzmiş.
Əllərinin qabarı ona istədiyi arayışı verəcəkdi. Arayışı alan kimi universitetin yolunu tutacaqdı. Sənədlərin qəbulunun bitməyinə bir gün qalmış işini könlü istəməyə-istəməyə kitabxanaçılıq şöbəsinə verəcəkdi, çünki Akif demişdi axı, orada rus dilindən imtahan yoxdu… Bir yerə on bir adam iş vermişdi, indi onbir adamdan biri ol görüm, necə olursan? Həm də ixtisası üzrə işləyənlər lap üç alsalar da qəbul olunacaqdılar. Bayat isə tam başqa bir sahədə işləyirdi, həm də 5-6 aya iş stajı da demək olmazdı…Qəbul imtahanlarına hazırlaşmağa imkan tapmayacaqdı. Keçənilki biliyi ilə bu il yenidən qismətini sınayacaqdı. Bəlkə gözəgörünməzlər bu dəfə onun baxtına yar olacaqlardı… Bəlkə…
İlk imtahan ədəbiyyat yazıdan idi. M.S.Ordubadinin “Dumanlı Təbriz” əsəri düşmüşdü. Bayat mövzunu görər- görməz sevinmişdi, bu, onun yaxşı bildiyi mövzu idi. Amma işin tərsliyindən sağ baş barmağı qırıq və “gipsdə” olduğundan xətti yaxşı alınmırdı. Amma yenə də yazılı imtahandan kəsilməyəcəyinə inanırdı. İkinci ədəbiyyatdan şifahi imtahan olmalı idi. Yazıdan kəsilənlərin siyahisi divara vurulmuşdu. Amma onların arasında Bayatın adı yox idi. Buna çox sevinmişdi, kəsilməmək sevindirici olsa da, hər halda, neçə aldığı da çox vacibdi… Şifahi imtahan çoxdan başlamışdı, içəridən adla çağırırdılar, axıra iki-üç adam qalanda içinə şübhə düşdü, niyə məni çağırmırlar, bəlkə mən də kəsilmişəm, sadəcə adımı siyahıya salmağı unudublar. İrəli durub qapının ağzındakı oğlandan çəkinə-çəkinə adının niyə çıxmadığını soruşdu. Cavan oğlan köntöy-köntöy:
– Mən nə bilim, niyə çıxmır, get, onu qəbul komisyonundan soruş ,- cavabını verdi. Əlacı kəsilən Bayat qəbul komissiyasından nəyi, kimdən soruşacağını götür- qoy edə-edə qapıdan uzaqlaşırdı ki, arxadan onun adını çəkdilər. Bir az əvvəlki oğlan idi, ən axırda onu çağırırdılar. İçəri girib içində “Ya Allah” deyə-deyə bilet çəkdi. Gözucu biletə baxanda üzü gülməyə başladı, biletdə olanların demək olar ki, hamısını əzbər bilirdi… Xüsusilə ilk sual: M.P.Vaqifin “Görmədim” müxəmməsi. Bu şeir onun həyatı və düşüncəsiylə o qədər yaxın idi, hətta hərdən ona elə gəlirdi ki, şeiri Vaqif rəhmətlik elə onun üçün yazıb. Biletə düşən bildiyi suallar onu cəsarətləndirmişdi:
– Müəllim, mən hazırlaşmamış cavab vermək istəyirəm, – dedi. Eşitmişdi ki, kim “eksterni”, yəni hazırlaşmamış imtahan verərsə, verə bilərsə, ona “beş” yazırlar. Beş ona, ona görə lazımdı ki, yazıdan bir “tramvay altında qalan üç almışdı.” Bu iki daşın arasında aldığı üçə təəccüblənirdi. Axı o, “Dumanlı Təbriz”i demək olar ki, əzbər bilirdi. İşləri korlayan qırıq barmağı olmuşdu. Bildiyi mövzunu ilan-qurbağa yazmışdı. Bu dəfə beş almasa işlər yaxşı olmayacaqdı. İmtahan götürənlər 4 nəfər idi. Bir yaşlı, ikisi orta yaşlarda, dördüncüsü isə yarından-yaraşığından, yaşından heç müəllimə oxşamayan gənc bir qadındı. Orta yaşlılardan biri onun tük basmış sızanaqlı sifətinə, cırıq-sökük əyin-başına baxıb :- Keç, fikirləş, sonra peşiman olmayasan,-dedi.
Ondan başqa sinifdə cavab verməyə hazırlaşan dörd adam vardı. Bir azdan:
– Kim gəlmək istəyir, – deyə müəllimlərdən biri dilləndi. Heç kim yerindən tərpənmək istəmirdi. Bu vəziyyət Bayatın könlüncə idi. Ürəyi qəfəsə salınmış quş kimi çırpınır, bir an öncə müəllimlərin önündə oturmaq, onları hazır­cavab­lılığı ilə heyrətləndirmək istəyirdi. Sanki müəllimlər onun bu hazırcavablığına sevinəcəkdi. Sevinəcəkdilərmi? “Nə yenə kəndçi sadəlövhlü­yünə salmısan, qaqaş, Ələkbərin keçən il dediyi sözləri nə tez unutdun?” Axırda bayaq onu fikirləşməyə göndərən müəllim:
– Sən gəl görək, bayaqdan dil-dil ötür, hazırlaşmamış cavab vermək istəyirdin.
Bayat biletini də götürüb müəllimlərin qabağında əyləşdi. Ondan əvvəl orta yaşlı biri imtahan vermişdi. İndi ona qiymət vermək zamanı gəlmişdi. O, müəllimlərə dil çıxarır, yalvarır:
– Müəllim, qurban olum, başınıza dönüm, evdə bir çətən külfətim var, oxumasam məni işdən qovacaqlar, çünki ixtisasım yoxdur, ac qalacaqlar, mənə beş verin, dörd işimə yaramır. Müəllimlər ona dörd vermək istəyir, o isə az qala müəllimin əlini tutub dörd yazmasına imkan vermirdi:
– Yenə sual verin, cavab verim, amma məni boynuburuq yola salmayın. Ermənistandan buraya min zülüm-zillətlə gəlmişəm…
Bayatın içindən ani bir hiss keçdi: “indi ona beş yazsalar mənim üçün çətin olacaq, dalbadal iki adama beş yazmazlar ki?” Sonra da öz düşündüyündən özü utandı, niyə başqalarının paxıllığını çəkirsən, sənin öz qismətin var, onun öz qisməti.

Bayatın başqa bir seçimi qalmamışdı. Canını dişinə tutub işə başladı. Əvvəlcə kiçik bir torpaq topası kimi gördüyü yer, işlədikcə azalmaq yerinə sanki yavaş-yavaş artır, təpələnirdi. Bütün günü qan-tər içində işləyəcək, gecə gecədən keçənə gədər çalışacaq və axırda torpaq təpəsini əridəcəkdi. Amma torpaq təpəsi azaldıqca əlindəki suluq təpələri böyüdükcə böyüyür, sızım-sızım sızıldayırdı. O günü, günü yox ey gecəni, o torpaq tığının axırına çıxa bilməyəcəkdi. Az da olsa bir qismi sabaha qalacaqdı. Bütün günü arzusu uğrunda canını dişinə tutub ac-susuz işləyəndən sonra özünü yataqxanaya gecənin bir aləmində zorla salacaqdı. Onsuz da xəstə olan mədəsinin ağrısı başına vururdu. Ac qarın qılınca gələr demirlərmi, çörək qabındakı quruyub qaxaca dönmüş qırıntıları bir güclə gəvələməyə çalışdı… Sonra çarpayısına uzansa da, gözlərinə yuxu gəlmədi. Yuxu hardan gələydi ki, işdən yorğun-ağrın dönən, qarnını doyuzdurub yataqlarına girən otaq yoldaşları çoxdan uyumuşdular, indi Nəsib-Yusuf quşları kimi xorultuları bir-biri ilə ediləşirdi. Əvvəllər heç onların bir bu qədər xoruldadıqlarının fərqinə varmamışdı. İndi sanki onlar da Bayatın yorğun və ac olduğunu bilib onu bir az da yuxusuz qoymaq istəyirdilər. Amma o nə olursa olsun, sabah tezdən qalxıb işə getməli idi, son ümid yerinin-oxumağının taleyi sabah alacağı arayışdan çox asılı idi. Bir tərəfdən xorultular, hələ tam sağalmayan qırılmış baş barmağının zoqqultusu, o biri yandan xəstə mədəsinin aclıqdan başlayan ağrı və qurultusu Bayata yatmaq imkanı vermirdi. Və o istər-istəməz çarəni xəyallara dalmaqda, qayğısız uşaqlığını xatırlamaqda görürdü. Uşaqlıq hər kəsin ana vətəni deyilmi? Nə gözəl günlər idi o günlər… O aclığın, yoxsulluğun içində dərki çətin, xəyalı qanadlan­dıran nəsə də vardı…
Səhər oyanmaq istəməsə də oyanacaqdı, çünki işə getməyə hazırlaşan otaq yoldaşlarının gürültüsündən oyanmamaq mümkün deyildi. Onsuz da səksəkəli yatmışdı.Tələsik geyinib iş yerinə qaçdı…İş yenicə başlamışdı…İş icraçısı ilə “desyatnik” qadın barakların önündə durub söhbət edirdilər. Bayatı görəndə yanaqları Ordubad əriyinə bənzəyən qadın :
– Şərtə beləmi əməl edərlər, biz səninlə beləmi danışmışdıq?
Bayat dodağı­nın altında:
– Vallah, gecəyarıya gədər çalışdım, amma heç cür bitirə bilmədim. Bir-iki saata bitirəcəyəm.
– Bitir görək. Nəyi gözləyirsən, tez ol işinə başla, yoxsa bax, fikrimi dəyişərəm.
Bayata da elə bu lazım idi. Dünəndən, işi bitirə bilməyəcəyini gördükdən sonra içini gəmirən sualın cavabını qadının özü verdi. Deməli, onun verdiyi sözə əməl edəcəyinə şübhə etməyə dəyməzmiş.
Əllərinin qabarı ona istədiyi arayışı verəcəkdi. Arayışı alan kimi universitetin yolunu tutacaqdı. Sənədlərin qəbulunun bitməyinə bir gün qalmış işini könlü istəməyə-istəməyə kitabxanaçılıq şöbəsinə verəcəkdi, çünki Akif demişdi axı, orada rus dilindən imtahan yoxdu… Bir yerə on bir adam iş vermişdi, indi onbir adamdan biri ol görüm, necə olursan? Həm də ixtisası üzrə işləyənlər lap üç alsalar da qəbul olunacaqdılar. Bayat isə tam başqa bir sahədə işləyirdi, həm də 5-6 aya iş stajı da demək olmazdı…Qəbul imtahanlarına hazırlaşmağa imkan tapmayacaqdı. Keçənilki biliyi ilə bu il yenidən qismətini sınayacaqdı. Bəlkə gözəgörünməzlər bu dəfə onun baxtına yar olacaqlardı… Bəlkə…
İlk imtahan ədəbiyyat yazıdan idi. M.S.Ordubadinin “Dumanlı Təbriz” əsəri düşmüşdü. Bayat mövzunu görər- görməz sevinmişdi, bu, onun yaxşı bildiyi mövzu idi. Amma işin tərsliyindən sağ baş barmağı qırıq və “gipsdə” olduğundan xətti yaxşı alınmırdı. Amma yenə də yazılı imtahandan kəsilməyəcəyinə inanırdı. İkinci ədəbiyyatdan şifahi imtahan olmalı idi. Yazıdan kəsilənlərin siyahisi divara vurulmuşdu. Amma onların arasında Bayatın adı yox idi. Buna çox sevinmişdi, kəsilməmək sevindirici olsa da, hər halda, neçə aldığı da çox vacibdi… Şifahi imtahan çoxdan başlamışdı, içəridən adla çağırırdılar, axıra iki-üç adam qalanda içinə şübhə düşdü, niyə məni çağırmırlar, bəlkə mən də kəsilmişəm, sadəcə adımı siyahıya salmağı unudublar. İrəli durub qapının ağzındakı oğlandan çəkinə-çəkinə adının niyə çıxmadığını soruşdu. Cavan oğlan köntöy-köntöy:
– Mən nə bilim, niyə çıxmır, get, onu qəbul komisyonundan soruş ,- cavabını verdi. Əlacı kəsilən Bayat qəbul komissiyasından nəyi, kimdən soruşacağını götür- qoy edə-edə qapıdan uzaqlaşırdı ki, arxadan onun adını çəkdilər. Bir az əvvəlki oğlan idi, ən axırda onu çağırırdılar. İçəri girib içində “Ya Allah” deyə-deyə bilet çəkdi. Gözucu biletə baxanda üzü gülməyə başladı, biletdə olanların demək olar ki, hamısını əzbər bilirdi… Xüsusilə ilk sual: M.P.Vaqifin “Görmədim” müxəmməsi. Bu şeir onun həyatı və düşüncəsiylə o qədər yaxın idi, hətta hərdən ona elə gəlirdi ki, şeiri Vaqif rəhmətlik elə onun üçün yazıb. Biletə düşən bildiyi suallar onu cəsarətləndirmişdi:
– Müəllim, mən hazırlaşmamış cavab vermək istəyirəm, – dedi. Eşitmişdi ki, kim “eksterni”, yəni hazırlaşmamış imtahan verərsə, verə bilərsə, ona “beş” yazırlar. Beş ona, ona görə lazımdı ki, yazıdan bir “tramvay altında qalan üç almışdı.” Bu iki daşın arasında aldığı üçə təəccüblənirdi. Axı o, “Dumanlı Təbriz”i demək olar ki, əzbər bilirdi. İşləri korlayan qırıq barmağı olmuşdu. Bildiyi mövzunu ilan-qurbağa yazmışdı. Bu dəfə beş almasa işlər yaxşı olmayacaqdı. İmtahan götürənlər 4 nəfər idi. Bir yaşlı, ikisi orta yaşlarda, dördüncüsü isə yarından-yaraşığından, yaşından heç müəllimə oxşamayan gənc bir qadındı. Orta yaşlılardan biri onun tük basmış sızanaqlı sifətinə, cırıq-sökük əyin-başına baxıb :- Keç, fikirləş, sonra peşiman olmayasan,-dedi.
Ondan başqa sinifdə cavab verməyə hazırlaşan dörd adam vardı. Bir azdan:
– Kim gəlmək istəyir, – deyə müəllimlərdən biri dilləndi. Heç kim yerindən tərpənmək istəmirdi. Bu vəziyyət Bayatın könlüncə idi. Ürəyi qəfəsə salınmış quş kimi çırpınır, bir an öncə müəllimlərin önündə oturmaq, onları hazır­cavab­lılığı ilə heyrətləndirmək istəyirdi. Sanki müəllimlər onun bu hazırcavablığına sevinəcəkdi. Sevinəcəkdilərmi? “Nə yenə kəndçi sadəlövhlü­yünə salmısan, qaqaş, Ələkbərin keçən il dediyi sözləri nə tez unutdun?” Axırda bayaq onu fikirləşməyə göndərən müəllim:
– Sən gəl görək, bayaqdan dil-dil ötür, hazırlaşmamış cavab vermək istəyirdin.
Bayat biletini də götürüb müəllimlərin qabağında əyləşdi. Ondan əvvəl orta yaşlı biri imtahan vermişdi. İndi ona qiymət vermək zamanı gəlmişdi. O, müəllimlərə dil çıxarır, yalvarır:
– Müəllim, qurban olum, başınıza dönüm, evdə bir çətən külfətim var, oxumasam məni işdən qovacaqlar, çünki ixtisasım yoxdur, ac qalacaqlar, mənə beş verin, dörd işimə yaramır. Müəllimlər ona dörd vermək istəyir, o isə az qala müəllimin əlini tutub dörd yazmasına imkan vermirdi:
– Yenə sual verin, cavab verim, amma məni boynuburuq yola salmayın. Ermənistandan buraya min zülüm-zillətlə gəlmişəm…
Bayatın içindən ani bir hiss keçdi: “indi ona beş yazsalar mənim üçün çətin olacaq, dalbadal iki adama beş yazmazlar ki?” Sonra da öz düşündüyündən özü utandı, niyə başqalarının paxıllığını çəkirsən, sənin öz qismətin var, onun öz qisməti.
Axırda o adama beş yazıb yola saldılar. Sıra Bayata gəlmişdi. O, ərəb, fars tərkibli sözləri çox olsa da, “Görmədim” müxəmməsini əzbər bilirdi. Bunun səbəbi təkcə şeirin onun ruhu hali ilə bağdaşması deyildi, axı arada, sırada özünün də şeir quraşdırmağı vardı. Hətta bir ay əvvəl Səməd Vurğunun Elmlər Akademiyası binasında keçirilən yubiley gecəsində iştirak etmiş və salondan rəyasət heyətinə məktub yazıb, fəhlə şair olduğunu, S.Vurğunu çox sevdiyini və ona həsr etdiyi şeirini oxumaq istədiyini söyləmiş və özü inanmasa da məclisin axırında bir möcüzə baş vermiş, fəhlə şair kimi ona da söz vermişdilər. O da ömründə belə salonlarda çıxış etməyin yox, hətta orada keçirilən tədbirlərdə iştirak etməyin nə olduğunu bilməyən biri kimi həyəcandan dili tutula-tutula şeirini oxumuş və alqış qazanmışdı… Bəlkə də bu alqış onun oxuduğu şeirə yox, S.Vurğunun ruhuna olan alqış idi. Ya da elə ona bu uğuru qazandıran S.Vurğunun bu salonda olduğuna özünə inandığı kimi inandığı ruhu səbəb olmuşdu. Səməd Vurğunun özü də bu yolu keçməmişdimi? Hələ uşaq yaşlarında məktəbə yazdırılarkən Firudin Bəy Köçərlinin önündə söylədiyi sözlər cəsarətin gözlə görünürlüyü deyildimi? İndi o da hardasa 50-60 ildən sonra eyni yolu keçmirdimi? Nigaran ruhların gözəgörünməz bir şəkildə özünəbənzərlərə kömək etdiyinə o, elə inanmaq istəyirdi ki?! Əslində, bu hadisə də onun ali məktəbə qəbul ola biləcəyi ümidlərini artırmışdı. Elə o boyda məclisdə, o tribunadan adlı-sanlı adamlarla bir yerdə ona da söz verilməsi və onun da şeir oxuması bəlkə ali məktəbə qəbuldan da vacib bir işdi. Bayatın gözlərində bu, elə möcüzənin özü idi. Hətta o zaman içindən belə bir hiss də keçmişdi ki, bəlkə, sabah məndən qəbul imtahanı götürəcək müəllimlərdən biri bu salondadır və onun oxuduğu şeirin necə alqışlandığını görmüşdür… İçindən keçənlərin təsadüf olmadığına elə inanmaq istəyirdi ki?! Qeyri-ixtiyari içimizdən keçənlər, bəlkə, heç bizim iradəmizdən asılı deyil. Bəlkə onları da bizim içimizdən keçirən var. Xəyalı gerçəyə çevirən o, hansı qüvvədir? Onunla üz-üzə gəlib təmənnidə bulunmaq mümkün olsaydı, dünya güllük-gülüstanlıq olmazdımı? Bəlkə içindən keçənlərdə də elə S.Vurğunun ruhunun bir iştirakı var, kim bilir? Bu ümidlə də Bayat “Görmədim” müxəmməsini başdan-ayağa əzbər deməyə başladı. Bu zaman yaşlı adam – yetər, – dedi, – oğlum, lap şeiri şair kimi oxuyursan. Bayata da elə bu lazım deyildimi?
– Müəllim, – dedi, – mən də şairəm. Yaşlı müəllimin ironiya və təəccüb­qarışıq cavabı gecikmədi:
– Yox, əşşi?!
– Hə, müəllim.
– Bir şeir oxu görək necə yazırsan?
Bayat həm akademiyanın salonunda sınaqdan keçirdiyinə, həm də S.Vurğuna görə, bəlkə, insafa gəlib bu müəllimlər ona yüksək qiymət verə bilərlər düşüncəsiylə:
– Səməd Vurğuna həsr elədiyim bir şeirim var, onu oxuyummu?
– Oxu!
Şeir bitdikdən sonra orta yaşlı müəllimlərdən biri:
– Niyə bizi aldadıb başqasının şeirini öz adına oxuyursan?
– Müəllim, vallah bu, mənim şeirimdir.
– Necə yəni sənin şeirindir. Bunu Səməd Vurğunun akademiyada keçirilən yubileyində bir fəhlə şair oxumuşdu, – dedi.
– O fəhlə şair, məndim də, müəllim.
Müəllim tərs-tərs Bayatın səliqəsiz əyin-başına, tük basmış üzünə baxıb:
– Yox, o, sən deyildin.
Bayat müəllimin onu müştəri gözü ilə süzməsindən demədiyi sözləri də anlamışdı.
– Müəllim onda… mən fəhlə yoldaşlarımın hərəsinin bir paltarlarını geyib yubileyə gəlmişdim, bəlkə ona görə məni tanımadınız, – deyə mızıldandı.
Bayatın bu səmimi etirafı gülüşqarışıq bir ortam yaratmışdı. Bu zaman yaşlı müəllim:
– Yaxşı, yaxşı… inandıq şeirin sənin olmağına. Gəncsən, yaşının şeirini oxu görək necə yazırsan. Məhəbbət şeirin varmı? Bayat bir az çəkinsə də:
– Var, müəllim,-dedi.
– Elə isə, de gəlsin.
Bayata da elə bu lazım deyildimi? Tələsik “Yolunu gözlərəm sabahdan bəri”, “Sevgilim gələcək qabaqdan bəri” misralarının yer aldığı şeirini riqqətlə oxumağa başladı. Şeir bitər-bitməz yaşlı müəllimin güləş sifətinə nurlu bir təbəssüm yayıldı:
– Bala – dedi, – siçan olmamış dağarcıq yırtırsan, hələ universitetə qəbul olmamış, gənc müəlliməni işarə edərək gözümüzün qabağında bizim qıza eşq elan edirsən, ayıb deyil?
Bayat bu sözləri ciddiyə alıb:
– Müəllim, vallah, yox, mən bunu kəndimizdəki qıza yazmışam, mənim bu müəllimə ilə nə işim var…
Qızqarışıq müəllimlərin hamısı bir-birinə qoşulub güldülər. Sonra yaşlı adam: – İkinci sualın cavabını bilirsənmi? – dedi.
Bayat anında:
– Bilirəm, müəllim, danışımmı?
– Cümlə təhlilini necə?
Müəllimlərdən başqa birisi:
-Mən soruşmadan ona “beş” verirəm,- dedi.
Bu zaman yaşlı müəllim:
– Bax, biz sənə “beş” veririk, amma unutma ki, beş hər adama verilmir, qiyabi şöbədə sənin nə işin var, yaxşı oxu, yanvardan əyaniyə keç, gündüz oxu, sənin kimi istedadlar gərək gündüz oxusun, Bakı mühitində yaşasın ki, sənətin cikini-bikini bilsin.
Və sonra yaşlı müəllim nə fikirləşdisə:
– Sənin ədəbiyyat müəllimin kim olub, Məmmədağa müəllimmi?
Məmmədağa müəllim o zaman Tovuzun ən adlı-sanlı ədəbiyyat müəllimlərindən biri idi, rayon mərkəzindəki orta məktəbdə dərs deyirdi. Bayat bir istədi, canqurtaran bir cavab versin: – Bəli , – desin. Nə biləcəklər, kimdi mənim hansı orta məktəbi bitirdiyimi bu iki daşın arasında öyrənən, bir halda ki, yaşlı professor (Adamın professor olmağını özündən uydururdu: Hər halda, belə yaşlı adam, özü də üniversitetdə qəbul imtahanı götürən bir adam mütləq professor olmalıydı, Bayata görə ) Məmmədağa müəllimin adını çəkmişdi və o da verilən suallara yaxşı cavab vermişdi, deməli, onun müəllimi başqası yox, elə məhz Məmmədağa müəllim olmalı idi.Tez də ağlından ani keçən bu yalana “dur”, – dedi. Niyə yalan danışıram ki, yaxşısı budur düzünü deyim, birdən yalan danışdığımı bilsələr, onda halım-günüm necə olar?
– Yox, mənim ədəbiyyat müəllimim İmamverdi müəllimdir, – dedi.
Və yaşlı professora yalan danışmadığına görə öz-özündən xoşlandı da…
Bayatın gözlədiyi kimi olmuşdu, imtahan listinə bir yağlı əla yazılmışdı, sanki dünyanı ona vermişdilər. İmtahan otağından tüstü kimi çıxmaq istəyirdi ki, orta yaşlı adam:
– Oğlum, tarixdən necə, keçə biləcəksənmi?
Bayat hardan ağlına gəldiyini sonralar yüz dəfə fikirləşib bir yana çıxarma­dığı bir cavab verdi:
– Nə bilim, müəllim, bilməyinə bilirəm, amma adamın gərək dayısı, adamı olsun.
Bu cavab müəllimləri çaşbaş saldı. Orta yaşlı gözü eynəkli o biri müəllim:
– Nə boş-boş danışırsan, sənə beşi dayına görə verdik?
Bayat qapı ağzında söz güləşdirməyin ona baha başa gələcəyini anlayıb “asta qaçana göy imam qənim olsun” deyib, dabanına tüpürüb oradan baş götürüb getdi. Xəyalı göylərdə uçurdu, qələm tuta bilməyən qırıq barmağına görə ilk yazılı imtahandan üç alsa da, zarafat deyil, şifahidən beş almışdı. Fikrində hesablamışdı, əgər tarixdən də heç olmasa, bir dörd ala bilsəydi, əzəli arzusuna çatmış olacaqdı…
Haçan, harada troleybusa minmişdi, yataqxananın yolunu tutmuşdu, yadında deyildi, dünya gözündə cənnətə dönmüşdü, içi aşıb-daşırdı, öz-özünə gülüb danışırdı… Bu zaman çiyninə bir əl qonduğunu hiss etdi. Qanrılıb baxanda iş icraçısının olduğunu gördü. İş icraçısı onun bəxtiyarlıq yağan üzünə baxıb:
– Nə olub , nə məsələdi, yenə göynən gedirsən?
– Beş almışam, ey, beş almışam! – Sonra birdən iş yerindən arayış almaq üçün başına gətirilən oyunu xatırlayıb, – daha sizin o xarabaya qayıdan deyiləm, – dedi.
İş icraçısı qarşısında oturan gəncin yay günəşindən tunclaşmış sifətinə, qara qaşları altından içində ilğımlar oynaşan gözlərinə baxıb nə deyəcəyini bilmədi… Keçmişlə gələcəyin, tərəddüdlə inadın kəsişdiyi bu anda iş icraçısının onun haqqında nə düşünəcəyi Bayatı əsla maraqlandırmırdı… Çünki imtahanın sonu nə olursa-olsun artıq bir də o xarabaya qayıdan deyildi. Doğrudur, içinin içində yanaqları Ordubad əriyi kimi haldan-hala düşən “desyatnik”ə qarşı mənasını özünün də aydınlaşdırmadığı bir hiss vardı. Amma bu hissin yenidən onu o xarabaya aparmağa gücü yetməyəcəkdi… Qəbul olsam da, olmasam da (Yox, yox, “olunmasa da” sözünü heç ağlına belə gətirmə, deyirdi öz-özünə). Sonra yenə də şər deməsən xeyir gəlməz, – deyirdi. Yəqin ağlımızdan keçən bəd fikirlər elə bu atalar sözünə görə oyanır. Atalarımızın da deməyə başlarına söz qəhətmiş, deyirdi, sonra da özü-özünü qınayırdı, atalar, sözü elə-belə demir ki?
Beynində aldığı xalları hesablayırdı. Birinci imtahan üç, ikinci beş, toplam səkkiz edir, şükür, hələlik ki, pis deyil. – Nə yaxşı ki, şifahidən beş aldım. Verdilər demirdi, demək istəmirdi… Yox, qardaşım, aldım demə, verdilər de. İçindən bu etiraf da keçməmiş deyildi. S.Vurğunun yubileyində iştirak etdiyinə, cəsarəti çatıb söz istəməyinə və orada sanki salonda heç kim yoxmuş kimi gözünü bir nöqtəyə-S.Vurğunun rəyasət heyəti ilə üzbəüz salonun arxa tərəfindən asılmış şəklinə zilləyib şeir oxuduğu günə min dəfə şükürlər oxuyurdu. Bu bir təsadüfdümü? Yox, bu boyda da təsadüf olardımı? Bəlkə elə ona S.Vurğunun ölümsüz ruhu kömək etmişdi, kim bilir? Uşaqlığından özünü belə şeylərə inandırmamışdımı? Atalılar, arxalılar atalarına, arxalarına arxayın olur, elə isə bəs yetimlər kimə və nəyə sığınmalıdır?! Bəxtdən, taledən, gözəgörünməz qüvvədən başqa yetimin sığınacaq yeri yoxdur ki. Elə isə niyə “verdilər” deyim, məgər dədəm oğlu, qardaşımdılar ki, durub dururkən mənə beş verəydilər, belə, o beşi alın tərimlə aldım.
Özü-özü ilə içində mübahisə edirdi. Sonra sanki üçüncü bir güc onun yadına gözəgörünməzləri salırdı…
Tarix imtahanı üç gündən sonra olacaqdı…Vaxt gəlib çatmış, imtahan başlamışdı… Universitetin həyətindən keçib imtahan otağını axtarıb tapması xeyli çəkdi: Kor kimdi, nabələd! – Demirlərmi? Mayın sonları olsa da, hava küləkli idi. Və bu külək universitetin həyətini adamı sərxoş edən gözəgörünməz bir ətirlə doldurmuşdu. Hardansa iydə çiçəyinin qoxusu gəlirdi. Bakının neft, mazut, tozqarışıq bir surroqat yağan havasından iydə ətrini duymağın ayrı bir ləzzəti vardı. Və bu ətir onu bir andaca dağlar arasındakı kəndlərinə götürdü. Sanki uğuruna qədəmi sayalı bir mömin çıxmışdı. Və içindən keçdi ki, bu xeyirliyə işarədir, əgər bu neft, mazut qoxulu şəhərin havasını iydə ətri doldurmuşdusa, deməli, burada nəsə bir sirr gizlənib. Burnunun duyduğu ətrin ünvanını gözü ilə aramağa başladı. Qoxu onu əzəmətli universitet binasının yavaş-yavaş qaralmağa başlayan küncünə tərəf yönləndirdi. Qara fonda sapsarı çiçəkləri, gümüşü yarpaqları ilə gəlin kimi bəzənmiş bir iydə ağacı ucalırdı…
Başı bu düşüncələrə elə qarışmışdı ki, az qala imtahana gecikəcəkdi…Özünü tələsik imtahan gedən sinfin önünə yetirdi. İçəridə biri yaşlı qadın, o biri şişman, iki müəllim oturmuşdu…Bir neçə adam bilet çəkib fikirləşirdi. Ədəbiyyat şifahi­dən fərqli olaraq, Bayatı bu dəfə bilet çəkməyə daha tez çağırdılar. Yenə əyni-ba­şı bərbad gündə idi. Neçə gün idi, nə hamama getmiş, nə də paltarını dəyiş­mişdi, sızanaqlı üzünü tük basmışdı, quruyub çöpə dönmüşdü, ordu ordundan keçirdi…Amma bütün bunlar onun vecinə də deyildi. Əsas olan o idi ki, imtahanları başarı ilə verib universitetə qəbul olunaydı, sonra xoşbəxtliyin kələfi corab ilməsi kimi söküləcəkdi…İçəri girəndə saçları bəmbəyaz olan qadın müəllimə eynəyinin altından onu bir müştəri gözü ilə süzdü. Bayat biletini çəkib nömrəsini deyib arxa partalardan birində oturdu. Sualları bileti çəkən kimi gözdən keçirmişdi, üç sualın üçü də bildiyi şeylərdi. Birinci sual İkinci dünya müharibəsində düşmənə vurulan on zərbə idi. Bu suala elə cavab verəcəkdi ki, heç ondan, ədəbiyyat şifahi imtahanında olduğu kimi, o biri sualları soruşmaya­caqdılar. Suallar könlüncə idi. Hələ imtahana girmədən içəriyə boylanmış, divardan asılmış tarix xəritəsini görmüşdü. Həm də bu xəritənin üzərində müharibədə faşistlərə vurulan on zərbə böyük və qırmızı oxlarla işarətlənmişdi. İndi bileti çəkərkən məhz bu sualın da onun çəkdiyi biletdən çıxmasını gələcək uğura yozmuşdu, inşallah, bundan da beş alacaqdı. Alsaydı, əlbəttə, iş stajı olmasa da, universitetə qəbul oluna bilərdi…Cavab verməyə hazırlaşan gənclərdən biri yerindən qalxıb xəritəyə yaxınlaşanda Bayat da xəritəyə baxmaq fikrinə düşdü. Yenicə xəritənin önündə dayanmışdı ki, əvvəlki gənc yerinə qayıtdı. Bunu görən şişman müəllim:
– Sən orda nə edirsən, kimdən icazə alıb xəritəyə baxırsan, keç yerinə, lap beşə bilsən də, iki xalın kəsiləcək, – dedi. Bayat kor-peşman yerinə qayıtdı. İçində ondan əvvəl xəritədən istifadə edən tanımadığı gənci sallaqxana keçisinə bənzətdi. Sallaqxana keçisi qoyunları ölümə- qəssab bıçağına aparıb özü aradan çıxdığı kimi, bu gənc də xəritədən istifadə edib yerinə oturmuş, beləcə Bayatı həvəsləndirmiş, çanaq onun başında çatlamışdı. Bütün bunları fikirləşə-fikirləşə Bayat çıxılmaz vəziyyətdə qalmışdı, – kaş ayaqlarım qırılaydı, heç xəritəyə yaxın düşməyəydim, indi doğrudan da mənə “beş” yerinə “üç” versələr, halım-günüm necə olacaq? Bayat bu fikirdə ikən şişman müəllim əlinin işarəti ilə: – Sən gəl görək, – dedi. Halbuki, ondan əvvəl bilet çəkənlər hələ cavab verməmişdilər. Bayat imtahan vərəqini müəllimlərin qarşısına qoydu. Yaşlı qadın eynəyinin altından bir imtahan vərəqinə, bir Bayata baxıb şişman müəllimə tərəf əyilib qulağına nəsə pıçıldadı. Mal bir yana gedər, iman hər yana deyirlər. Bayat bu pıçhapıçı yüz yerə yozdu: Yəqin qiymətimi kəsməyi məsləhətləşirlər. Birinci sual “On zərbə” idi. Bu zərbələri harada, hansı mövqedə hansı ilin, hansı ayın, hansı günündə vurulduğunu saat dəqiqliyi ilə söylədi. Birinci suala könlü istədiyi kimi cavab vermişdi, amma şişman müəllim:
– Birinci sualı bilmədin, tarixləri də xəritədən yazmısan, keç ikinci suala, – dedi.
İstədi etiraz etsin, amma etmədi, – onsuz da bayaqdan məni qaralayıblar, indi də acığa salmayım, – deyə düşündü. İkinci sualı da bülbül kimi ötdü. Amma yenə də şişman müəllimin səsi ovqatını təlx etdi:
– İkinci sualı da bilmirsən, keç üçüncü suala.
Üçüncü suala könülsüz cavab verəcəkdi. Yox, onunku gətirmirdi, gətirsəydi, bu tanrıtanımaz müəllimlər onu yox, xəritədən ondan əvvəl istifadə edən gənci cəzalandırardılar.
Üçüncü sualın cavabını tamamlamağa imkan vermədilər:
– Heç nə bilmirsən, get, gələn il daha yaxşı hazırlaşıb gələrsən.
Bayatın başından sanki bir qazan qaynar su tökdülər:
– Müəllim, mən tarix kitabını əzbər bilirəm, harasından istəyirsinizsə sual verin, kəsməyin məni, yetim oğlanam, kimim-kimsənəm yoxdur, insafınız olsun, – deyə mızıldandı.
Yaşlı qadının eynəyinin altından baxan gözlərində dumanlı da olsa bir şəfqət işartısı vardı. Bayat gözucu da olsa bunu sezmişdi. Belə idisə, niyə bu şişman müəllimə belə Allahsız hərəkət etməyə imkan verir, deyə düşündü. Şişman müəllim ötkəm bir əda ilə:
– Başımızı aparma, çıx eşiyə, işimiz-gücümüz var,- dedi. Bayatın bütün ümidləri suya düşmüşdü, buna görə də suyu süzülə-süzülə qaralamalarını da ovcunda əzib qapıya doğru yönəldi, sanki arzularını gözündə qoyan bu müəllimlərin acığını ovcundakı kağızlardan çıxırdı. Qapının ağzında imtahana girməyə növbə gözləyənlər onu sual yağışına tutdular:
– Neçə aldın?
– Nə aldın?
– Nə düşmüşdü?
Bayat acıqlı-acıqlı:
– Nə alacam, kəsildim, – deyib imtahan gedən sinfin önündən uzaqlaşmaq istəyirdi ki, içəridən çıxan başqa bir gənc: – Bayat kimdir, Bayat, – dedi. Bayat geriyə döndü. Gənc:
– İmtahan listini kimə qoyub gedirsən, al vərəqini, təbriklər, beş almısan, – dedi.
Bayat imtahan vərəqini almağa macal tapmamış, bayaqdan ondan neçə aldığını soruşan gənclər yer-yerdən:
– Utanmırsan yalan danışıb, kəsildim deyirsən, biz sənin düşməninik?
– Ə, tapşırılıb, ona görə gözdən pərdə asırdı ki, tapşırıqla beş aldığını kimsə bilməsin.
Bu zaman imtahan vərəqini gətirən qarabuğdayı gənc:
– Nə kişinin üstə düşmüsünüz, onun necə cavab verdiyini, müəllimlərin ona kəsilirsən dediklərini öz qulağımla eşitdim və onun üstünə nahaq yerdən necə düşdüklərini öz gözlərimlə gördüm, amma sonra imtahan vərəqinə “beş” yazıb mənə verdilər ki, ona çatdırım, – cavabını verdi.
Bayat olub bitənlərə bir anlam verə bilmirdi. Bu pişik quyruğu ilə oynamalar, bilə-bilə heç bir şey bilmirsən demələr nə, bu sonradan verilən “beş” nə idi? Yataqxanaya gedə-gedə beynini çatladan bu cavabsız suallara cavab arayacaqdı. Amma sevincinin də həddi-hüdudu yoxdu, sizə zarafat gəlir, üç imtahandan on üç bal toplamışdı. Amma bu sevincə kölgə salan ixtisası üzrə işləməməsi idi.

* * *

İmtahanlar bitmişdi…Bir neçə günə qəbul olanların siyahisi asılacaqdı.Bayat yerində dura bilmir, gecələr yuxusu, gündüzlər qərarı yox idi, nə olacaqdı, necə olacaqdı? Universitetin həyətində qəribə şayiələr dolaşırdı. İmtahanların hamısından qiymət alanların sayı az idi. Amma deyirdilər ki, lap imtahanların hamısından üç almış olsalar da, ilk öncə, ixtisası üzrə işləyənlər qəbul olunacaqdı. İçini şübhələr didirdi. Bu şübhələrdən qurtarmaq üçün özünü qəbul komissiyasına – sənədlərini verdiyi yerə salmışdı. Şüşənin arxasında özündən razılığı hər hərəkətindən bəlli olan bir qadın əyləşmişdi. Sakitlikdi. Xanım Bayatın bir əzik-üzük paltarına, bir sızanaqlı tüklü üzünə baxıb:
– Nə var, nə istəyirsən, – dedi. Bayat adəti xilafına çəkinə-çəkinə:
– Mən on üç bal toplamışam, öyrənmək istəyirəm görüm, bu balla qəbul oluna biləcəyəm, ya yox?
Xanım etinasızlıqla – iş stajın var, ixtisasın üzrə işləyirsən? – dedi.
Bayat cavabında:
– Yox, iş stajım yoxdur.
– Onda daha boşuna ümid etmə, iş stajı olmayan heç kim qəbul olunmayacaq, istəsən sənədlərini ala bilərsən, sonradan it-bat olmasın.
Bu vaxt gözlənilməz bir hadisə baş verdi. Bayatın arxa tərəfindən bir səs:
– Salam, Səhəryaz xanım, necəsiniz, nə var, nə yox? – Qadın səs sahibinin qarşısında duruş gətirməyib tez yerindən dik atıldı:
– Çox sağ olun, Əlövsət müəllim, Siz… yetər ki, siz yaxşı olun, Allah kölgənizi üstümüzdən əksik eləməsin.
Qadının əzilə-büzülə söylədiyi bu sözlər hara, bayaq onunla danışandakı ədası hara? Bayat əlüstü geriyə qanrıldı. Qarşısında ədəbiyyat şifahidən ona beş yazdıran orta yaşlı müəllim dayanmışdı. Tez-tələsik salam verdi. Orta yaşlı müəllim zəndlə qarşısındakı oğlana baxdı və sanki nəyisə xatırladı:
– Sən burada neynirsən?
Orta yaşlı müəllimin bu sualına Bayatdan daha çox xanım çaşbaş qalmışdı. Bayat, dili tutar-tutmaz:
– Gəldim, öyrənəm görəm, mən qəbul olunacam, yoxsa yox.
Orta yaşlı müəllim:
– Ürəyini buz kimi saxla, mütləq qəbul olunacaqsan, daha sənin kimi bir şairi də qəbul etməyib kimi qəbul edəcəyik?
Xanım:
– Şairmi?
Orta yaşlı adam:
– Səhəryaz xanım, özünü bundan gözlə, bilirsən gözəllərə necə gözəl şeirlər qoşur, bilirsən necə şairdi?- dedi.
Səhəryaz deyilən xanımın bu sözlərdən sonra ağzı açıla qalmışdı…Bayat ba­yı­ra çıxmaq istəyirdi ki, orta yaşlı adam üzünü ona tutub,- uzağa getmə, indi mən də çıxıram,- dedi. Çox keçmədən orta yaşlı adam da bayıra çıxdı. Bayat bu ada­ma indi peyğəmbərə baxan kimi baxırdı. İçində tarix imtahanından aldığı beşlə bu orta yaşlı adam arasında bir bağlantı qurmağa çalışırdı. Birdən yadına düşdü ki, yaşlı qadınla şişman müəllim pıçıldaşarkən sanki bir Əlövsət adını da çək­mişdilər. Deməli, Əlövsət müəllim onu tarixdən imtahan götürən müəllimlərə tapşırmışdı və onlar da onunla heç nə bilmirsən deyə məzələnirmişlər…Yoxsa bu orta yaşlı adam onun qəbul olunacağını hardan bilə bilərdi ki?
Orta yaşlı müəllim bayıra çıxmağı ilə onun qoluna girib həyətdəki iydə ağacına tərəf addımlamağı bir oldu. İydə ağacından bir az aralıda yaşıl bir “Volqa” dayanmışdı. “Volqa”nın yanı kölgəlik olduğundan oraya gəldilər. Orta yaşlı adam, yəni Əlövsət müəllim:
– Canını sıxma, sənin məsələn rektorluqla da, qəbul komissiyası ilə də danışılıb, hər şey yaxşı olacaq. Bayat bilmədi bu təmənnasız yaxşılığın əvəzində nə cavab versin, necə təşəkkür etsin, burası sözün bitdiyi yer idi. Yenə də riqqətdən ağlamsınmış bir şəkildə:
– Mü-əl-lim, mü-əl-lim! – Orta yaşlı adam ona sözünü davamını deməyə imkan vermədi:
– Yaxşı, yaxşı! İndi de görüm, rayona nə zaman qayıdacaqsan?
– Allah qoysa, qəbul kağızımı aldıqdan sonra.
– Kimin var rayonda?
– Bir anam var.
– Bəs atan?
– Atam yoxdu, müəllim, ölüb.
Yaşlı adamın qaşları çatıldı, qəhər onu elə boğdu ki, kəlmələri deməyə sanki çətinlik çəkdi:
– Gəl, səninlə bir şərt kəsək.
Bayatın içində bir səksəkə, şübhə oyanmağa başladı:
– Aha, indicə Ələkbərin keçən il söylədiyi hadisə baş verəcək, nə şərtdi görə­sən, yoxsa bütün bu etdiklərini təmənna üçün edirmiş? Təmənna üçün etsə də mənim nəyim var ki, ona da verəm, üstümdən – başımdan halım aşkar deyilmiə
Orta yaşlı adam əlini cibinə salıb bir dəstə pul çıxartdı:
– Belə bir iş edək. Universitetə qəbul olub, ananın yanına gedəcəksən. Mən istəyirəm sevincini ananla tam bölüşəsən. Yanlış başa düşmə, mən sənə bir az pul verəcəm, gedib özünə əyin-baş al, ondan sonra get rayona…
Bayat bu qəfil təklifin qarşısında donub qaldı, nə edəcəyini, nə cavab verə­cə­yini bilmədi. Bu iki daşın arasında keçən il Ələkbərin ali məktəb müəllimləri ilə bağlı dediyi xoşagəlməz sözləri xatırladı. Müəllim deyəsən bu qaraqaş, qaragöz, əynindəki nimdaş paltarı bədəninə və qüruruna sığmayan, yaraşmayan bu kəndli balasının içində qopan tərəddüd fırtınalarından xəbər tutmuşdu ki:
– Nə tərəddüd edirsən? Al görüm! – dedi.
– Yox , müəllim, elə şey olarmı? Vallah, mənə pul-para lazım deyil, burada fəh­lə işləyirdim, barmağım sındı, ona görə maaş ala bilmirəm, siz mənim əyin-ba­şı­ma baxmayın, rayonda vəziyyətimiz pis deyil. – Bunları deyə-deyə yalan söy­lədiyinə görə özünə nifrət edirdi, amma yalan söyləməkdən başqa çarəsi də qal­mamışdı. Müəllimdən elə-belə, ya da borc pul almazdı, ala bilməzdi, nə adla alasıydı ki\? Bu müəllimə nə düşüb ki, durub-dururkən mənə pul verir, bunun arxasında kim bilir nə məqsəd var. Sanki orta yaşlı müəllim Bayatın içindən keçənləri bilmiş kimi:
– Yaxşı, elə-belə almırsan, borc verirəm, əlin gətirəndə qaytararsan, mənim də oğlum yoxdu, elə bilərəm sən də mənim oğlumsan, al görüm, al.
Müəllim zorla pulu Bayatın döş cibinə soxmaq istədi. Bu arada Bayat yenə öz-özünə filosofluq eləməyə başladı. Görünür, dünyada nə varsa qaralara, ağlara bölündüyü kimi, insanlar da qaraya – ağa bölünürlər, Allah adamı, şeytan adamı var. Baxır sənin yollarına hansısı çıxacaq? Qarşına çıxanların hardasa elə sənin öz içinlə də birbaşa əlaqəsi var… Mizan-tərəzi deyilən adını eşidib üzün görmədiyin şey bəlkə elə budur. Amma qərarı qəti idi:
– Müəllim, vallah, almaram, niyə məni utandırırsınız, yəqin mənə yazığınız gəlir, hə?! Müəllim, vallah, düşündüyünüz kimi deyil, mənə yazığınız gəlməsin, mən yazıq gəlinəsi adam deyiləm. Bunları deyə-deyə pulu almadığına görə içində bir peşmanlıq hissi də baş qaldırmışdı. Amma o belə hisslərini içində boğmağa ac-yalavac böyüdüyü uşaqlıq illərində çoxdan alışmışdı. Kəndlərində “Şəmşəd xəngəl yemir” deyimi dillər əzbəri idi. Uşaqlıqdan dili lal, bədəni şikəst olan Şəmşəd gününü qapılarda keçirər, onun-bunun verdikləri ilə qarnını doyuzdurardı. Kəndin bicəltək uşaqlarının hərdən Şəmşədi ac qoymaqları vardı. İçəridən qurudlu xəngəlin soğança iyi bayıra vuranda, sinilərə xəngəl çəkiləndə, Şəmşədə də pay düşəndə uşaqlardan kimsə ortalığa bir söz atardı:
– Şəmşəd xəngəl yemir.
Aclıqdan qarnı quruldayan Şəmşəd beləcə inada düşüb xəngələ əlini vurmazdı. Bayatın da başqa yerlərdə bəlkə yüz dəfə ağzı sulansa, acından ölsə də, qürurundan və inadından nəfsinə “tət” deməyi vardı. Yemək üçün ürəyi getsə də inada düşüb yeməzdi. Bu, onun çoxdankı adəti idi.
Orta yaşlı müəllim:
– Oğlum, – dedi. – Mən də çox çətinliklər çəkə-çəkə bu yerlərə gəlmişəm, əlimi geri çevirmə, bu, sidq-ürəkdən etmək istədiyimdi.
– Müəllim, elə siz mənə yüksək qiymət verməklə ən böyük yaxşılığı etmisiniz, bunu ömrüm boyu unutmaram.
– Oğlum, bəlkə də düşdüyümüz vəziyyət hamımızın təsəvvürünü korlayıb, mənim, səninə bölünmüşük, millətin hər istedadlı gəncinə öz övladımız kimi baxmasaq, o zaman millətimizin axırı nə olar? – Bu dəfə də müəllim filosofluq eləməyə başlamışdı.
Bayat bu böyük insanın pulunu almayacaqdı. Cibi onsuz da boşdu, amma qəlbi elə dolacaqdı ki, atasızlığını da, yetimliyini də unudacaqdı. Hətta ata əvəzi qarşısındakı bu mübarək insanı qucaqlayıb öpmək istəyəcəkdi. Amma fikrindən keçənləri etməyəcəkdi… Müəllim Bayatın inadını görüb:
– Görürəm, qürurlu oğlansan, yaxşı, qoy sən deyən olsun. Universitetə qəbul olacağına şübhən olmasın. Amma bir məsələni unutma, ali məktəbə qəbul olunmaq bir başqa şeydir, oranı oxuyub bitirmək bir başqa… İndidən sənə başarılar diləyirəm. Əyər bir problemin-filanın olsa, çəkinmədən mənə söyləyə bilərsən. Yetər ki, yaxşı oxuyasan, həm də gözəl bir şair olasan…
Bayatın içi bu ilıq ümidli sözlərdən riqqətə gəlmişdi. Və ona elə gəlirdi ki, qarşısındakı adam heç də ona ədəbiyyat şifahidən beş yazan müəllim deyildi, xəyalında yaratdığı gözəgörünməzlərdən biri idi…Bu gözəgörünməzlərin gözə görünəni orta yaşlı müəllimə bütün varlığı ilə ikicə kəlmə şükranını hayqırmışdı:
– Sağ olun, müəllim!

* * *

Universitetə qəbul olunanların siyahisi asılan lövhələrin önü qarışqa yuvasına dönmüşdü. Bayat bir güclə adamların arasından siyahını görə bildi, ən sonuncu ad onun, Bayatın adı idi… Sevinci yerə, göyə sığmırdı, utanmasa qarşısına çıxan hər kəsi bağrına basıb öpərdi… Nədənsə bu ekstaz anında ilk öncə Akifi xatır­ladı… Hətta şofer, traktorçu kurslarına belə yazılmağının çətin olduğunu düşün­düyü böhranlı zamanlarında qarşısına ağ atlı oğlan kimi çıxıb ona ali məktəblərin qiyabi şöbəsinə sənəd qəbulunun başlandığını xəbər verən Akifi! Universitetin kitabxanaçılıq şöbəsinə iş verəndə də, sonra qəbul imtahanları zamanı da gözü hər yerdə onu aramışdı. Amma heç yerdə rastlaşmamışdı, sanki yağlı əppək olub göyə çıxmışdı. Hərdən fikirləşirdi ki, bəlkə heç yerli-dibli Akif adlı birisi ilə qarşılaşmayıb. Akif elə onun xəyalının məhsulu idi. (O xəyalında hansı mənzərələri qurmurdu ki? Əslində ona “dava dağarcığı” deyənlərin onun iç dünyasından xəbərləri olsaydı ona “xəyal dağarcığı” adını verərdilər… Onun iki əl barmağından bir az artıq olan həyat yolu demək olar ki, xəyallar, arzular içində keçmişdi. Bəlkə boşluğun yerini xəyallarla doldurmaq atadan, ya da anadan yetim qalanların tale qismətidir?) Amma qırıq barmağı hələ əməllicə sağalmadığından onun poliklinikaya getməyinin və orada Akiflə tanış olmağının hazırca şahidi deyildimi? Görəsən onun – Akifin vəziyyəti necə oldu? Axı o da sənədlərini kitabxanaçılığa verəsi idi… Versəydi, necə olsa imtahanlarda görər­dim. Bəlkə də elə ilk yazılı imtahandan kəsilib, daha harda görəsiydim ki? Başıma lənət, gərək elə poliklinikada görüşümüz zamanı adresini alaydım.
İlk sevincini anası ilə bölüşmək istəyirdi… Yox, bu dəfə ehtiyatlı olacaqdı, bu da keçən dəfəki deyildi ki, qəfildən anasının qarşısına çıxsın, özündən getməsinə səbəb olsun…Yaxşı xatırlayırdı, Bakıya gəlişinin dördüncü ayında işdən yataqxanaya qayıdanda birinci mərtəbədə növbətçinin qırmızı mahud örtüklü masasının üstünün məktubla dolu olduğu gözünə çarpmışdı. Gözünün ucuyla o, məktublara baxıb yuxarı qalxmaq istəyirdi ki, növbətçi adresini kənddə düz-əməlli bilən də yoxdu. Anasına da çoxdandı məktub yazmırdı. Bir də nə yazası idi ki? Bəlkə gələn teleqram dostu Oqtaydandı. Hələ Bakıda əli ətəyindən uzun idi. O isə tam başqa ümidlərlə gəlmişdi Bakıya. Durub anasına uğursuzluqlarındanmı, usta ilə savaşdığından, qadınlarla eyni maaş aldığındanmı, otaq yoldaşının güdazına, anası demiş, “barmağını becərdiyindənmi” yazaydı? İndi “sənə teleqram var” sözündən ona görə bir anlığa tutulmuşdu. Teleqramı oxuduqda dünya başına dar olmuşdu. Kimin vurduğu bilinməyən teleqramda anasının bərk xəstə olduğu və təcili kəndə gəlməsi yazılmışdı…
Dünya gözündə qaraldı, nə edəcəyini bilmədi, dizləri taqətdən düşdü, yaş gözlərini alacalandırdı… Yoxsa… Allah eləməmiş, anamın başında bir işmi var?.. Sabahı gözləmək olmazdı, özünü elə indi gecə qatarlarına yetirib rayona getməli idi… Cibində də ki, siçanlar oynaşırdı, Allah qoymasa, Bakıdan anasının yanına gedirdi, əli boş, tullana-tullana.Qatar ayağına gedənəcən dağı arana, aranı dağa daşımışdı… Hətta aradabir özünü tramvaydan atmaq belə istəmişdi. Öz-özünə için-için ağlayır, göz yaşı tökürdü: -An-am-dan son-ra, anam-dan son-ra ya-şa-mağın nə mənası var”. Ətrafdan heyrətli gözlər ona çəp-çəp baxırdı… Bayat onsuz da heç nəyin fərqində deyildi. Bir təhər ümumi vaqona bilet ala biləcəkdi… gecə boyu vaqonu dolduran çeşid-çeşid adamların xorultuları arasında səhəri diri gözlə açacaqdı. Bu boyda insan arasının gecə tənhalığında onun halına aşağıda təkərlə polad relslərin taqqıltısı, öndə isə buxar lokomotivin siqnal səsləri şərik olacaqdı… Səhər bazara açılırdı və Bayat fikirləşdi ki, yaxşı ki sabah bazardı, heç olmasa, bazarda tanış-bilişdən birini tapıb anasının halını soruşa bilər, yoxsa kəndə maşın tapıb gedənə, anasından səhih xəbər tutana qədər bağrı çatlayacaq…
Qatardan düşən kimi gözü tanış adam aramağa başladı. Amma tanış adam onun halını hardan biləsiydi ki, qarşısına da çıxaydı… əlac dəmir yolunun dağlara tərəf uzanan səmtində yerləşən bazara qalırdı. Anasının az qala hər bazar yumurtadan, toyuqdan, merdən-meyvədən bir şey götürüb bazara gəlməyi vardı. Sonra düşündü ki, nə umudlanırsan, məğər ananın başı üstündədir ki, hələ bir bazara da gəlsin…Dəmir yolunun qırağı ilə bazara tərəf üz tutmuşdu. Hətta bir istədi ki, hərdənbir anasıyla birlikdə bazara gəldikləri zamanlarda olduğu kimi ürəyində anası ilə bağlı niyyət tutub gözlərini yumub bəlli bir nöqtəyə qədər relsin üstünə çıxıb getsin, əgər yıxılmasa, deməli anasının başında heç nə yoxdur, yox, əgər, Allah eləməmiş, yıxılsa, onda heç, deməli vəziyyət ağırdır. Amma uşaqlığında alışdığı bu vərdiş indi fikrindən keçsə də təkrarlamağın mənasız olduğunu düşündü, yaxşısı budur gedib bazardan tanış bir adam tapıb anamın vəziyyətini soruşum, – deyə fikirləşdi. Bu zaman uzaqdan tanış birinin gəldiyini gördü, bu, qonşuları Öksürüklü Qara idi. Tənbəki eşməsindən dişləri, bığı, saqqalı sapsarı saralmış bu kişidən Bayatın uşaqlıqdan zəhləsi gedərdi. İndi heç bunu xatırlamağın yeri idimi? Bayat özünü Öksürüklü Qaranın üstünə saldı:
– Ay Qara əmi, – dedi və… sözünün dalını gətirə bilmədi, hönkür-hönkür ağ­lamağa başladı. Öksürüklü Qara qarşındakının əvvəlcə kim olduğunu anşıramadı, sonda handan-hana: – Əyə, a bala, Bayatsanmı, noluf, niyə ağlıyırsan?
– Qara əmi, sən imanın, dinin, düzünü de, anama noluf?
Elə bil Qaranın üstündən dağ götürüldü:
– Ə, a bala, noluf anana? Maşallah, sapsağlamdır, odu ey bazarda yumurta satır, bir az əvvəl orda qoyub gəlmişəm.
– Qara əmi, sən Allah, məni aldatma, doğrudanmı anam bazardadır?
– Ə, a bala, səninlə ikidən-birdən zarafatımmı var, odu ey, inanmırsan get özün gör…
Bayat verdiyi bu şad xəbər üçün heç Öksürüklü Qaraya “sağ ol” belə demədən bazara tərəf götürüldü… Amma Öksürüklü Qaranın sözünə inanmaq istəsə də, içində bir səksəkə də vardı… Bəlkə pis xəbər verib vayqanlı olmaq istəmir. Amma nə də olsa ağsaqqal kişi idi, bu qədər yalan danışmazdı ki? Bir də adama nə düşüb ki, yalan da danışsın?
Bazar qazan kimi qaynayırdı. Belə yerdə deyirlər ki, iynə atsan yerə düşməz… Boz ayın bozbulanlıq havası çisək gətirmişdi. Bazar yerinin nəmişli torpağı ayaqlanmaqdan zımıra dönmüşdü. Bayat dörd gözlə anasını axtarırdı, bircə onu sağ-salim görsəm, bircə onu bağrıma basa bilsəm, sonra ölsəm də dərdim olmaz… Toyuq-cücə, yumurta satılan yeri ələk-vələk elədi, anasının izi-tozu yoxdu, tərs kimi tanış bir adama da rast gəlmədi ki, burada olub-olmadığını xəbər ala. Əlac bazarı dörd dolanmağa qalırdı. Bazarın ən gur yerində uzaqdan tanış bir fiqur gördü. Oydu, anasıydı, adamları sağa-sola itələyə-itələyə anasına tərəf götürüldü. Ürəyi əsim-əsim əsirdi. Bu qəfil sevincdənmi, ya da anasını sağ-salamat gördüyündənmi nə ağıl elədisə səssizcə arxa tərəfdən anasına yaxınlaşıb arxadan əlləri ilə gözlərini tutdu. Anası bu qəfil hərəkətdən çaşdı, geri çevrildi və… qarşısında ciyərparasını görəndə birdən-birə camaatın arasında bazarın ortasında oğlunun qolları arasından yerə yıxıldı. Bayat bu ani gəlişmədən elə çaş-baş qaldı ki, nə edəcəyini bilmədi, anasını havada tutmaq istəsə də tuta bilmədi və anası palçığın içinə yıxıldı. Bayaqdan onun itələyə -itələyə özünə yol açdığı adamlar da bir anlığa bu mənzərə qarşısında yerlərində narazı-narazı dondular. Qadınlar bir anda ətraflarına yığışdılar, kimi isə ananın üzünə səpmək üçün su gətirdi… Sonra adamların qınağı başladı:

– Yekə oğlansan, beyqafıldan nə işdi gördüyün? Yazıq arvadın qorxudan bağrı yarıldı ki!
– Kimsən sən, bu qadının nəyisən?
– Axmaq adam, adam da belə iş tutarmı?
Bayat xəcalətdən nə deyəcəyini bilmirdi. Fikirləri başında ərəb saçına dönmüşdü, ayağının birini qaldırıb birini qoyurdu. Dili tutar-tutmaz:
– Anamdır, – dedi.
Amma tutduğundan nə qədər utanıb xəcalət çəksə də, anasını sağ-salamat gördüyünə elə sevinirdi ki?!..
O teleqramı kim göndərmişdi, niyə göndərmişdi, nə anası bilirdi, nə Bayat öyrənə biləcəkdi. Mal bir yana, güman hər yana gedər, onun da gümanı yüz yana getmişdi: Yəqin kimsə onu işindən-gücündən etmək üçün qəsdən belə bir teleqram vurmuşdu. İçindən bu fikirlər keçirdi, sonra bir başqa səs də ilan quyruğunun üstə qalxırdı, – yaman da işin, gücün var, kimin hansı ağ gününə paxıllığı tutacaq? Kim fikirləşsə də gərək sən belə fikirləşməyəsən, orda, şəhər tünlüyündə başına gələnlərdən kimsənin xəbəri olmaya bilər, bəs özün? Özün özünü necə qandıracaqsan? Bu zaman içində başqa bir hiss də baş qaldırırdı; yəqin anası orda-burda ondan o qədər giley eləyib ki, poçtda işləyənlər tək oğlunun həsrətini çəkən ananın dərdinə əlac üçün bu qabırğası qalın oğluna bir teleqram qulaqburması veriblər. Əgər belədirsə ( yəqin ki, belədir), sağ olsun o gözəgörünməz xəyali adam, özünə qalsaydı cibində siçanlar oynaşdığı vaxtda qoynuna diri ilan salsalar da kəndə gələn deyildi. Yaxşı ki, o teleqramı çəkdilər, Allah kömək olsun onu çəkənə, mən də məcbur olub kəndə anamı görməyə gəldim, həm anamın ürəyi təskinlik tapdı, həm mən bir az suyumu dəyişdim…
Yox, bu dəfə acı təcrübəsi vardı, qəfil-filan gedəsi deyildi. Hətta universitetə qəbul olunduğunu da birdən-birə anasına xəbər verməyəcəkdi, yenə, Allah eləməmiş, bu dəfə də sevincdən özündəngetməsi tutar. Anasının özündən­getməsi çoxdan vardı, lap çoxdan…
O illərdə anası evdə az-az olardı. Gündüz səhərdən axşamacan kolxoz işində, axşamlar isə bir-birini əvəz edən vergi iclaslarında. Bir evə nə qədər vergi qoyularmış: tüstü pulu, könülli vergi, naloq, ağac vergisi, ev vergisi. Hətta meyvə verməyən ağaclara da vergi qoyulurdu, kimin nə həddi vardı ki, bar verməyən ağacını kəssin, evdəki uşaqların sayı, dolanışığı, öldüsü, qaldısı kimsəni maraqlandırmasa da bar verməyən ağacların heç birinin kəsilməsinə imkan verilməzdi. Buna görə də axşamlar davamlı vergi iclasları keçirilirdi. Bir fikirləşən yox idi ki, dünən keçirilən iclasda vergini verə bilməyəcəyini göz yaşı tökə-tökə söyləyən, həm də bütün günü kolxoz işində çalışan adam, bir gün sonra pulu hardan tapasıydı ki, onu yenə iclasa çağırırdılar. Gündüzlər dərdini üzə vurmayan ana, gecələr Bayatı yatmış bilib yerinin içində xısın-xısın dil deyib ağlardı: “Qovğa günü qoç iyidə meydan gendi, gen, Qılıncının tiyəsindən axan qandı, qan”, “Ya məsərləcaim, ya Murtaza Ali…”Bəlkə də bütün bu vergi əzablarından dövlətin xəbəri yoxdu, yerlərdəki tanrıtanımazlar edirdi bunu, amma edilənlər dövlətin adına edilirdi.Anası bütün bu dərdlərdənmi, ya nədənsə özündəngetmə tapmışdı. Tez-tez özündən gedirdi. Bayatın gözünün yolda, qulağının səsdə qaldığı dərdli-ələmli belə payız axşamlarının birində evlərinin yuxarı idarənin yerləşdiyi tərəfindən hər dəfə olduğu kimi itlərin hürüşməsi başlamışdı. Deməli, anası hardasa yaxınlıqda idi. Anası gecə iclaslardan qayıdan zaman hər dəfə eyni hadisə təkrarlanırdı. Evləri yox ey, daxmaları kəndin ən aşağı, ucqar yerində yerləşdiyindən yolboyu anasının iş-boyunduruq yoldaşları bir-bir evlərinin-damlarının yanında tökülüb qalır, anası isə bundan sonra yoluna təkbaşına davam edirdi. İt hürüşmələri də yolüstü kənd həyətlərindən qanadlanır, ananın ayaq səslərini bir-birinə ötürürdülər. Sanki yolçunun yolda yalnız başına olduğunu hiss edir, onu qorxutmağın tam zamanı olduğunu bir-birinə xəbər verirdilər. Damların altında axşam-axşam yalnızbaşına qalmaqdan bağrı yarılan Bayat artıq bu səslərə, it hürüşmələrinə adət etmişdi, əslində bu səslərə sevinirdi də. Bu səslər ona anasının artıq evlərinə yaxınlaşmaqda olduğunu xəbər verirdi: Qorxma, bir az da döz, bir azdan anan yanında olacaq. Tənha qəlbi bu axşam da həmişəki kimi təskinlik tapırdı. Bax, indicə tüccar Qaranın səlvərinin quyu dibindən çıxan ölü zingiltisi eşidiləcək, sonra Saqqallı Sadığın Bozdarı haray qoparacaq və Bayat biləcək ki, anası Güllü çökəyin döngəsini burulur. Dartınıb göyə zəncir salan isə Hasan Hasanoğlunun qanıxmış köpəyidir. Sahibi kimi harın köpəyin səsi hər dəfəkindən daha qəzəbli səslənirdi. Bayat köpəyin səsindən hiss etmişdi ki, irəli, geri gedir, atılıb düşür, zənciri gəmirir, bağından qopub, gecənin bu vaxtı şirin mürgüsünə haram qatan yolçunu basmarlayıb altına almaq istəyirdi… Bəlkə, elə bu həyasızlığına, sərtliyinə, atlını atdan saldığına görə də onu həmişə zəncirdə saxlayırdılar. Uzaqdan-uzağa dartınan sanki köpək deyil, səs idi, eləcə alçalıb, ucalır, kəndi başına götürürdü. Bu qərib payız gecəsində də köpək əvvəlki vərdişindən qalmırdı. Bayat bir anda hiss etdi ki, köpəyin səsi bağlandığı yerdən yox, həyət qapısından bir xeyli yuxarıdan, Güllü təpənin çökəyindən gəlir, görünür, zəncirini qırmışdı ya da onu qəsdən açıb buraxmışdılar. Mal sahibinə oxşamasa haramdır, demirlərmi? Bəlkə də təkcə gəlin ocağa gəlmir, itlər də ocağa gəlir…Hasan Hasanoğlunun hərdənbir qonum-qonşulardan hansısınınsa pisliyinin əvəzini çıxmaq, gözlərinin odunu almaq üçün köpəyi açıb buraxmağı, iş işdən keçəndən sonra da yalandan, – vallah, gözünə quduz dəymiş, özü zəncirini qırıb mən neylim,- deyə yalan danışmağı vardı. Deyəsən, bu dəfə də belə olmuşdu. Bayat, bəlkə, bir az buna görə toxtamışdı, Hasan Hasanoğlunun bizimlə nə qəsdi-qərəzliyi ola bilər? Yəqin, yoldan keçən başqa adamdı. İtin yol qırağında çatmağı ilə səsinin xırıp kəsilməsi bir oldu… Elə bil ürəyinə nəsə damdı… Birdən, Allah eləməmiş, anam olar. Qəlbinə damanın başına gəldiyi az olmamışdı. Və bir göz qırpımında çölə fırladı. Özgə vaxt olsaydı, qorxusundan ətini də kəssən təkbaşına gecənin bu vədəsində ayağını bir addım da çölə atmazdı. Amma indi qorxumu yada düşürdü?! Ayaqyalın, başıaçıq səs gələn, əslində, kəsilən tərəfə qaçırdı. Ürəyinə daman başına gəlmişdi. Ayın Kəmər qayasının arxasından macal tapıb tuşlandığı yerdə qəribə bir mənzərə vardı. Köpəklə əlbəyaxa olan ana qanıxmış köpəklə birlikdə yolun ortasına düşüb qalmışdı. Amma yerə-göyə zəncir salan köpək də elə bil heç o qanıxmış köpək deyildi. O da sanki tutduğu işdən peşiman kimi başını ananın dizi üstə qoyub uzanmışdı. Bu kənardan görünən mənzərə idi, yaxına gəldikdə isə… Bayat qorxulu-qorxulu özünü anasının üstünə atdı. Nəyi görsə yaxşı idi? Anasını ürəkgetməsi tutmuşdu, ağzından köpük daşlanırdı… Əlləri kəlbətin kimi köpəyin boynunu sıxmaqdaydı… Anlaşılan o idi ki, anası üstünə cuman köpəyin boğazından iki əllə qamarlamış və beləcə də bayılmışdı… Bayat anası özündən gedəndə çox görmüşdü, dişləri və əlləri bir-birinə kilidlənirdi. Onu öyrətmişdilər, – elə ki, gördün özündən gedir, qoyma dişi ilə dilini kəssin. Özündən getdimi kilidlənən əlini və çənəsini ayırmağa beş adamın gücü yetməzdi. Bu dəfə də belə olmuşdu. Qorxulu-qorxulu köpəyin boynundan necə yapışmışdısa, kənddə ad çıxaran qanıx köpək ananın kəlbətin əlləri arasında ölümlə əlləşirdi. Bayatın ani qışqırığı kəndi başına götürmüşdü. Səsə qonşular tökülüşüb gəlmişdilər, hamı ananın hayında idi, köpəyin öldüsü-qaldısı ilə maraqlanan belə yoxdu. Amma qanıx köpək ölməmişdi. Su gətirmişdilər, kimi ananın üzünə su səpir, kimi əllərini, qollarını ovuşdururdu. Ana özünə gələndən, əlləri boşalandan sonra köpək birtəhər sürünə-sürünə qaratikan çəpərinin altından özünü tanış həyətə təpmişdi.
O zamandan sonra kimsə qanıx köpəyin səsini eşitmədi…

* * *

…Bayatın kəndə dönüşü anası üçün toy-bayram oldu. Sən demə, neçə vaxt imiş xəstə yatırmış, Bayatın gəldiyini eşidən kimi sıçrayıb ayağa qalxmış, sapsağlam olmuşdu… Neçə vaxtdır ocaq qalanmadığından mürgüləyən buxarı nəfəsini alıb verməyə başlamışdı. Bir azdan qurumlu bacalarından kəndə anasının məşhur əriştəli plovunun ətri yayılacaqdı. Qonşu arvadları Xatınla Tamam anaya gözaydınlığı verməyə gəlmişdilər. Aradabir Bayata da sataşırdılar:
– Bayat bala, sən elə oxumamışdan doxtur oldun, vallah, billah, anan elə xəstə idi ki, az qala əlimizi üzüb bu dəfə doğrudan da sənə tel vurduracaqdıq ki, başını Bakıda istad, kənddə qırxdır. Yaxşı ki gəldin, bu günü qara gəlməmiş elə bil heç o dünənki yolu oyanlıq olan adam deyil. Gəldiyini eşidən kimi dimdik ayağa qalxdı, səndən yaxşı doxtur olar. Anası da cavabı gecikdirməmişdi:
– Neylim, ay qızlar, vallah, canım gədiyə bağlıdır, onu gördüm, dərdim, ağrım gəldiyi kimi də yox olub getdi. Allah da məni belə yaradıb, neylim?
Təklikdə qaldıqlarında anası:
– Anan ölsün, neçə günlüyünə gəlmisən, xeyirdirmi, çoxmu qalacaqsan? -deyəndə:
– Ana, daha birdəfəlik gəldim yanına, bir də Bakıda fəhləlik eləməyəcəyəm, daha səni tək buraxan deyiləm. Muştuluğumu ver, sənə şad xəbər gətirmişəm, -cavabını verdi.
– Muştuluq məndən, dərdin alım, yetər ki, Allah sənin işini avand gətirsin, di söylə görüm nədi elə o muştuluqluq olanə – Anası Bayatın ali məktəbə girməsini ağlına belə gətirməzdi. Çünki hələ ali məktəblərə qəbula iki ay qalırdı. Kənddə qəbul imtahanlarının vaxtını bilməyənmi vardı?! Hər il, hər evdən də olmasa, kənddə nə qədər uşaq Bakıya imtahan verməyə getdiyindən bu tarixi böyüklü- kiçikli hamı bilirdi. Həm də gilasın, tutun sitib töküldüyü, dəydiyi zaman arıqıran quşlarının bir gün mütləq gəlib yetişmiş meyvələrin yediyini yeyib, yemədiklərini yerlə bir edəcəklərini bildikləri kimi bilirdilər…Qiyabi təhsil yayğınlaşmamışdı, həm də olsa-olsa yaşlı adamlar işləyə-işləyə qiyabi oxuyurdular. Daha ağzından süd iyi gələn işsiz-gücsüz Bayat kimi birisinin qiyabi ali məktəbə qəbul olunacağına kim inanardı. Bəlkə, anası da buna görə:
– Anan ölsün, yoxsa məktəbə qəbul olmusan? – sözünü anında söyləyərdi. Amma söyləmədi. Nəydi bu muştuluqluq xəbər? Ananın vücudu əslində indi bu sual idi. Bayat:
– Ana, – dedi, – daha rahat ola bilər, kəndin içində başıyuxarı gəzə bilərsən, oğlun məktəbə qəbul olundu, özü də universitetə!
Ana çaşbaş qalmışdı. Bu xəbərə sevinsinmi, sevinməsinmi? Amma içindəki ani tərəddüd sevincini üstələyirdi: Bu nə vaxtın məktəbə qəbul olunmağıdır. Yoxsa oğlu ona yalan danışırdı? Kənddə ağzına yalan gətirməzdi, mən onu elə böyütməmişdim, yoxsa, o, ağzıyanmış şəhər, mənim bircə balama da yalan danışmağı öyrətdi?
Amma içindən keçənləri dilinə gətirmədi:
– Bıy, anan gözünə qurban, ay oğul, Allaha min şükür, sonunda dualarım müstəcəb oldu. Allah, sana fəda olum, axırda səsimi eşitdin, eləmi?
Ana əvvəlcə oğlunu bağrına basdı, sonra da əllərini göyə dirək edib dualarına başladı. Bayat anasının yazı-pozusunun olmadığını bilə-bilə yenə qəbul kağızını anasına göstərdi. Ana kağızı alıb dodaqlarına sürtdü, sonra dua kimi öpüb, gözünün üstə qoydu…
Sentyabrın gəlməsinə az qalırdı… Kənddən ali məktəbə qəbul olan bir neçə uşağı çoxdan Bakıya pay-pülüş və sevinc göz yaşlarıyla yola salmışdılar… Amma Bayat hələ kənddə idi. Anası arada bunun səbəbini soruşanda:
– Ana, mən, sən tək qalmayasan deyə qiyabi qəbul olundum, inşallah, ya kənddə, ya da rayonda bir iş tapıb işləyəcək, həm də işləyə-işləyə oxuyacağam, -cavabını vermişdi. Ana oğlunun bu sözlərinə bəlkə də inanmışdı, amma inanmayanlar inanmamışdı. Sentyabrın ilk həftəsində qulağına dəyən sözlər ananın əlini çaşdırmışdı. Tamam arvad idi, qonşusu Xatınla dərdləşirdi, həm də guya qeybət qırırdı. Amma bu qeybəti elə qırırdı ki, sədası ucundan, qulağından gəlib Bayatın anasının qulağına da çatsın:
– Azz, bə mən sana deməmişdimmi o Bayatdı, boyatdı nədi, yazıq arvada yalan danışır, məktəbə-zada qəbul olunmuyub, gördün, dediyim doğru çıxdı, qəbul olsaydı, o da Dıvır İbişin oğlu kimi çoxdan Bakıda olardı, görmürsən, o hələ də buralarda veyillənir? Görmədin, keçən il yazığ arvadın sələmə aldığı pulu necə yelə verdi, indi də belə yalan danışır…
Ana bircə balasına inanır, inanmaq istəyirdi, amma qayanı dələn damlalar kimi qonşu arvadların dedi-qoduları da yavaş-yavaş işini görməkdəydi…
Amma Bayat ali məktəbə bir zülüm-zillətlə qəbul olunmuşdu, həm də ürəyi istəməyən bir şöbəyə. Onun əlinin suyuna yaraşmayanlar daha yaxşı şöbələrdə oxuyur və bununla ona acıq da verirdilər. İçində hər zaman bir sual gəzib dolaşırdı: Axı, onların nəyi məndən artıqdır, niyə onlar məndən pis oxuya-oxuya daha yaxşı şöbələrə qəbul olunurlar, mən yox? Sirr nədədir? Sirrin cavabını çox sonra biləcəkdi. Bunlar bir yana qalsın, hələ bir kənddə onun ali məktəbə qəbul olmağına da inanmırlar…

* * *

Dədə-babadan qalma evləri (buna ev demək olardısa) əmisioğullarınkı ilə bi­ti­şik idi. Bu yanaşı otaqların qara yükünü iki kərən çəkirdi… Əmisioğlu maliyyə texnikumunu bitirib rayonların birində neçə il idi ki, mühasib işləyirdi… Məzuniyyətdən-məzuniyyətə kəndə gəlişlərində: “ev yola çox yaxındır, əvvəllər araba yolu idi, dərd yoxdu, çoxalan yol maşınlarının səs-küyündən, gurultusundan, ələlxüsus da toz-torpağından evə girmək olmur, – deyirdi, həm də təzə yol çəkilir, elə ya belə, onsuz da evimizi sökəcəklər, hökumətlə hökumətlik eləyəsi ha deyilik, yaxşısı budur, onlar buldozerin ağzına verib dağıtmamış, özümüz üzüsulu evlərimizi aşağıya- yoldan aralıya köçürək”.
Nəsillər dəyişdikcə bu kənddə evlərin yeri də dəyişirdi. Bunu ora-bura səpələnən kalafa-köhnə ev yerlərindən də görmək olardı, hələ, Allah bilir, bundan sonra da neçə yol bu yurd yerləri yenidən dəyişəcəkdi…Dəyişməyən nəsil şəcərəsinin çay yatağı kimi sağa, sola burula-burula davam etməsi idi… Bayata nisbətən yaşlı olan əmisioğlu bilməli idi ki, hökumət yol çəkirdisə, evləri plana düşürdüsə, bu evlərin müqabilində onlara pul da ödənməli idi. Amma nədənsə əmisioğlu buna inanmır: – “eh, kimdi bizə pul verən, anası ölmüşdü sovet hökumətinin, dovşanı araba ilə tutur, indi durub bizəmi pul verəcək? On-onbeş günlük məzuniyyətə gəlmişəm, gərək bu müddətdə anama bir kümə qaraldıb gedəm”, – deyirdi. Və evin onlara aid olan hissəni sökdürüb bir az aşağıda bir tövlə qaraltmışdı… Bayatgilin daxması isə bir qanadı qırılmış qarğa kimi yol qırağında əsə-əsə qalmışdı… Artıq orada qalmaq olmazdı, adicə bir təkandan quzulayıb başlarına uça bilərdi… Onların daxması əvvəllər arı damı olmuşdu, ehtiyac bir-bir arıların axırına çıxdıqdan sonra əmisi damın üstündən işıqlıq adına bir baca açmış və hardansa da qalın bir şüşə tapıb bacanı qapatmışdı. Gündüzlər bu bacadan üstlərinə günəş, gecələr ay işığı düşərdi və Bayatın gen dünya ilə ünsiyyəti bu bacadan və bacanın üstünə düşən işıqdan başlayardı. O, çəpəki düşən bu şüaları tutub işıqlı dünyaya çıxmaq istəmişdi, çıxmışdı da… İndi o bacanın işığı birdəfəlik kəsiləcəkdi… Bayata elə gəlirdi ki, o bacanın işığı kəsildikdən sonra işi düz gətirməyəcəkdi, o bacadan düşən işıq adi işıq deyildi, Allahınmı, gözəgörünməzlərinmi nurlu baxışı idi, Bayatın üstünə sayə salır, uğurunu xeyir edirdi. O baca ilə, o bacanın olduğu daxma ilə Bayatın o qədər xatirələri vardı ki… Bəlkə buna görə də heç cür onun yıxılmasını istəmirdi… Ana-bala ayqaranlıq gecələrdə az o daxmanın başına qurbanlıq qoyun kimi dörd dolanmamışdılar. Dillərinin duası evlərinin tilsiminə çevrilərdi:

Bəndi bənd Allah,
Bəndi Qulf Allah,
Qulf Allah açar olsun,
Dörd yanı çəpər olsun,
Qıfılı Həzrət Abbas,
Açarı Allah olsun!

Və bu duanı oxuduqdan sonra əmin-arxayın şirin yuxularına baş qoyub yatardılar, bilərdilər ki, oxuduqları bu dua onları daxmalarıqarışıq bəd nəzərdən, qurddan-quşdan qoruyacaq. Elə gecələr olurdu ki, Bayat yuxularında evlərinin ətrafına gümüşü rəngli bir həlqənin dolandığını görürdü, əslində, bu həlqə deyil, gümüşü ülgücdü, önünə çıxanı biçib doğrayırdı. İndi o daxmanın xarabaya çevrilən sınıq quş qanadını xatırladan görüntüsü yadına nələri salmırdı ki?

* * *

…Əmisigil hörülmüş ocağının gündöyən tərəfinə evin qapağı deyərdilər, elə doqqazları da bu qapağa açılardı. Yazda, payızda deyil, hətta qışda belə ilıq hənirtisi olduğundan çox zaman dərslərini də günəşdən isinmiş daşların üstə oturub hazırlayar və kolxoz işindən qayıdacaq analarının yolunu bu qapaqda gözləyərdilər. Qara qış başlayıb hər yanı qar bürüyəndə ilk öncə qarı əriyən də bu qapaq olurdu. Qapağın hörük daşlarına dəyən günəşin şəfəqləri yerə yansıyır, qar yavaş-yavaş divarın dibindən geriyə çəkilməyə başlayır və elə qapağın özü boyda yer açılırdı. Hərdən Bayata elə gəlirdi ki, açılan heç yer deyil, elə qapağın qara kölgəsi, ya da gözəgörünmək istəyən ruhudur. Evin önündə bir ağcaqayın, iki də dağdağan ağacı vardı. Sulanmadıqlarından, boyları dəyişməz qalırdı. Ağacların aran səmtində balaca bir bağça da gözə dəyərdi. Yazın burnu dəlinəndən qışın qara nəfəsi dəyənə qədər bu kiçik cənnət bağçasından göy-göyərti, yaşıllıq əskik olmazdı. Evlərinin yola dirənən yeri torpaqlıqdı. Torpağın yaratdığı yarğanda külfə düzəltmişdilər… Hərdənbir unun bollaşan vaxtlarında o külfədən çörək ətri aləmə yayılardı .Və anası “nəfsi keçər” deyərək yoldan keçənlərə mütləq o külfə çörəyindən pay verərdi. Elə külfədən qalxan ətirqarışıq tüstünün milləndiyi zirvəyə baxan olsa, orada gözünə ilk dəyən Kəmərin başındakı çörəyi daşdan çıxan tək dağdağan olacaqdı. O tək dağdağanla Bayatın arasında hələ uşaqlıqdan kimsənin anlayıb duya bilmədiyi gizli bir ünsiyyət vardı. Soruşsan, dürüst tarixini bəlkə özü də bilməz. Ağlının təzəcə kəsdiyi hansı ilin hansı ayındasa yetimlikdən, tənhalıqdan dünyada özünə yer tapa bilməyəndə, dərd-qəm torbasına dönüb qıvrıldığı qara günlərin birində gözü qaya başındakı tək dağdağana sataşmışdı. Başının üstündə ildırımlar şaxıyır, atlı burulğanlar oynaşırdı. Ayağı daşda, başı savaşda olan o ağaca baxdıqca, sanki elə o ağacın ucalığından içinə bir şeylər damırdı:
– Zalım oğlu, nə olub, nə dərd edirsən, bir başını yuxarı qaldır, Kəmərin başındakı ayağı daşda, başı savaşda olan tək dağdağana bax. Sənin əlin, ayağın var, heç olmasa, keyfin istəyən zaman istədiyin yerə gedə, dərdini istədiyin adamla bölüşə bilirsən, bəs ayağı qayadan, başı fırtınadan nəm çəkən o ağac neyləsin?
Bu səs nə səsdi, ilahidən gəlirdi, ya elə öz içinin səsi idi?! Bayat bunu kəs­di­rə bilməyəcəkdi. Amma həqiqət bu idi ki, içinə bu mübhəm hisslərin dolduğu vaxt­dan Bayatın həyatında çox şey dəyişmişdi. Ömrünə düzən gəlmiş, əmin-arxa­yınlıq başlamışdı. Allah onun nigaran hisslərinə cavab vermişdi, daha nə istəməli idi ki?!
Amma artıq o daxma da, o daxmanın altındakı xatirələr də o yıxılan daxmanın altında qalacaqdı, özü özünün məzarına çevriləcəkdi. Bayatın gözü görə -görə hər şey sıyrılıb əldən çıxırdı, o, müqavimət göstərsə də, bir şey alınan deyildi. Bu, dönüşü olmayan bir gedişdi.

* * *

Başqa əlac da yoxdu. Ciblərində pulları, ürəklərində umudları olmasa da, ana-bala, bu daxmanı öz əlləri ilə dağıtmaq məcburiyyətində idilər. Görünür, yalnız insanların deyil, daxmaların da ömrü var və zamanı gələndə onlar da ölürlər. Kolxoz sədri də, partkom da yardım edəcəklərinə, kolxozun hesabına (anası qabaqcıl kolxozçu idi) onlara bir koma qaraldacaqlarına söz verirdilər, amma söz söz olaraq qalırdı. Bu sözə arxayın olan, inanan ana-bala bir müddət bir-iki dəst yorğan-döşəyi, qab-qacağı, var-dövlət adına olan-qalanı bir çadırın altına yığıb gözləyirdilər. Amma yetimə ürək verən çox, çörək verən az olduğunu da bilirdilər. Bayat bunun belə getməyəcəyini, payız yellərinin çadırın içini şadaraşavaş etdiyini görəndə özünə kümə qurmağa qərar verdi. O da əmisi oğlu kimi ilk əvvəl tövlə tikəcək, inəkləri ilə bir yerdə yaşayacaqdılar, sonrasına da Allah kərimdir.Və ilk dəfə, anası demiş, “kişi qırığı” kimi ilk yurdunun xımını qazmağa başladı. Hətta xım qazmadan öncə içindəki dörd misra da kağıza köçməyə hazırlaşırdı:

Mənə ev tikirdik o ilin yazı,
Gecəni qalırdıq soyuq dəyədə.
Bizim içimizdə səhər dünyası,
Ümidlə baxırdıq gələcəyə də…

Sonralar hələ neçə dəfə ona yeni evin xımını qazmaq nəsib olacaqdı… Hələ ki, uşaqlıqdan, yeniyetməlikdən yenicə ayrılan gənclik ömrünün ən ağır və müstəqil işini görməyə başlamışdı. Doğrudur, onun az da olsa Bakıdan fəhləlik təcrübəsi vardı, amma bu, acı təcrübə idi, burda nə qədər işə yaraya bilərdi, özü də bilmirdi. Xəyalında nəyəsə, kiməsə elə böyük ümidi vardı ki. Bu ümid olmasa, o, yalnızbaşına nə edə bilərdi ki?! Həyatında yüz cür çilələrdən keçmiş, kirpiyi ilə od götürmüş ana, könülsüz olmaqda haqlı idi, köməksiz, kəsəksiz bu işi necə görə biləcəkdilər? Amma Bayatın ümidli inadkarlığı, deyəsən, ananı da hərəkətə gətirmişdi. İşin ağırı tövlənin torpağını qazmaq idi. Kənd yerində tövlənin daş-divarını torpaq əvəz edir. Buna görə də tövlənin xımı elə dərin qazılmalıdır ki, kövəri atıldıqdan sonra qazılan yer daşı-divarı əvəz edə bilsin. Yəni bunun üçün tövlənin xımı ən azı bir adam boyu qazılmalı idi. Xım kvadrat şəklində qazılır, ortada isə dördkünc torpaq sahəsi qalırdı. Qazılan divarların üstünə kərən, kərənin üstünə pərdi qoyulandan, pərdinin üstünə isə şax-budaq düzüləndən sonra, orta bacadan kəvər deyilən o dördkünc torpaq tövlənin üstünə atılmalı idi. Bu isə təkin işi deyildi. Kəvər atmaq elin işi idi. Elbirliyi, əlbirliyi kəvəratmada özünü göstərərdi. Kənddə kimin ev tikdiyi, kümə qaraltdığı hamıya məlum olardı. Hər iş bir yana, kəvər atmağa təklif-filan gözlənilməzdi. Axşamlar hər kəs ya kolxoz sahəsində, ya da öz bağ-bağatında işlərini görüb qurtarandan sonra kəvər atmağa yığışardılar. Xım qazmaq ev ya da tövlə qaraldanın öz işi idi, bu yükü onun özü təkbaşına çəkməli idi. Dünya və yaşamaq növbəsi çatmışdı, indi bu yükü Bayatın özü çəkirdi… Amma ürəyində səbəbi məlum olmayan elə bir səksəkə vardı ki?! – Birdən, Allah eləməmiş, gördüyüm iş yarımçıq qalar…
Allahdan tövlənin kəvəri sarı torpağa çıxmışdı, işdi, daşa-qayaya çıxsaydı, onda axır-günləri nə olardı? Məhsul verməyə üzüqara olan sarı torpaq xım qazımında üzüyolaydı. Və yaxşı ki, vaxtın, zamanın üzü kimi torpağın üzü bərk deyildi, rahat qazılırdı. Ana-bala xım qazdıqları çiskinli payız günlərinin birində açıq olan aran tərəfdən gələn yolda Bayat ürəyinə damanın baş verdiyini görəcəkdi. Yol yoxuşunda görünən vergi agenti Musa idi. Bayata içinə çökən mənbəyi məchul hissdən bu gün xoşa gəlməyən bir şeylər olduğunu anlamışdı, indi ürəyinə çökən o bəd hissin nə olduğunu görürdü. Anladı ki, kişi elə-belə piyada gəlmir, istəsə yol maşınlarının birinin tərkində çoxdan çıxıb getmiş olardı, piyada gəlirsə və ikidəbir onlara tərəf boylanırsa, deməli, bu gəlişdə nəsə xoşagəlməyən bir bəd xəbər də var. Həm də bu bəd xəbər mütləq onunla bağlıdır. Çünki birinci, kənddə hamı Musa kişinin nə yuvanın quşu olduğunu yaxşı bilirdi, peşəsi vergi yığmaq ya da əsgərliyə gedənlərə povestka- yəni çağırış vərəqəsi daşımaq idi. Gəlişi xoşbəxtlik yox, bədbəxtlik gətirərdi. Əslində, onu da qınamaq doğru olmazdı. Hərə balalarını bir cür dolandırırdı. Musanın da qismətinə belə bir vəzifə düşmüşdü. Bir də, kəndin aran tərəfi onsuz da gözü kölgəli idi. Ta ikinci dünya müharibəsindən bu yana ər, qardaş, oğul, ata yolu gözləyən neçə-neçə gözü kor qoymuşdu bu dolanbac aran yolları. Adamlar yox, Bayata elə gəlirdi ki, hətta kəndin ağacları da aran yoluna tərəf əyilmişdi. İndi bu yol Bayatımı sevindirəcəkdi? Başına döndüyüm ağsuyun yolu, gələndə boş gəlir gedəndə dolu… İndi də həmin tərəfdən üzü ana-balaya tərəf Musa kişinin dilində yağlana-ballana bir bəd xəbər gəlirdi… Bayatın aran yoluna baxdığını görən anası da o tərəfə göz qoydu:
– Nə oldu, nəyə baxırsan?
– O gələni görürsənmi, bilirsənmi kimdir?
Ana təfərinc elədi:
– Belə, bu bizim vergi agenti Musa kişi döyülmü?
– Özüdür ki, var.
– Gəlsin də.
– Xeyirliyə gəlmir.
– Xeyirliyə gəlməyib nə edəcək? Son vergini keçən həftə ödəmişəm.
– Vergi məsələsi deyil.
– Bə nə məsələsidir?
– Belə mənə çağırış vərəqəsi gətirir.
– Pavıskamı?
– Hə, poveska.
– Nə poveskası? Bə demerdinmi instituta qəbul olubsan.
– Yalan ha demirdim. Olunmuşam, amma qiyabidən əsgər aparırlar.
– Ə, ağzını xeyirliyə aç, hələ sənin nə yaşındır ki, əsgərə də çağırsınlar.
– Mən ürəyimə damanı deyirəm. Bax, düz çıxmasa onda mənə nə deyirsən de.
Musa kişi qırğı kimi başlarının üstünü almışdı:
– İşiniz avand olsun,-dedi Musa kişi.Və başladı çantasından bir qalaq kağız çıxarıb araşdırmağa.
– Sağ ol,- dedi, ana.
Bayat dodağının altından:
– Sən qoysan işimiz avand olar,- deyə mızıldandı.
Musa qulağı ağır eşidən adam kimi:
– Hay, – dedi.
Sanki heç bir şey eşitməmişdi. Amma Bayat adına əmin olan kimi əmin idi ki, Musa kişi eşidib, amma özünü eşitməməzliyə vurur. Kağızı Bayata tərəf uzatdı, ayın iyirmi ikisində vayenkomatda olmalısan, saat doqquzda, gecikmə, məndən deməkdi… Sonra üzünü anaya tutub:
– Narahat olma, ay bacı, hələlik əsgərlik-zad yoxdur, eləcə şota salacaqlar,-deyib dabanına tüpürdü.
– Və onlar beləcə yenicə tikdikləri tövlənin yox, dərdin içinə yığışdılar. Bayat anasının tək övladı olduğundan, qanuna görə əsgərliyə aparılmamalı idi. Amma qanuna baxan kim idi. Hələ neçə yol onu oraya-buraya sürüyəcək, çək-çevirə salacaqdılar, anasından aldillə rüşvət istəyəcəkdilər, anası da ondan xəbərsiz onun yolunda quzusundan, qoyunundan olacaqdı. Bayat bundan gec xəbər tutacaq və anasına üsyan edəcəkdi:- A yaradanın yanılmasın, niyə belə edirsən, axı mən kimin tırtıxlı oğlundan əskiyəm, niyə qoymursan gedib əsgərliyimi çəkib gələm, nəyin var bu it-qurda yem edirsən, onsuz da görürsən bu xarabada mənə iş də verən yoxdur, yenə gedib əsgərlikdə rus dilindən-zaddan öyrənərdim.
Anası:
– Bə oxumağın nə olacaq, ay anan ölsün?
– Oxumağım da sənin sağlığın, gələndə dalını davam etdirəjəm.
– Heç olmasa, ağzıyanmışlar səni yaxınlara salsalar nə vardı ki?! Mən ondan qorxuram ki, səni uçurumun dibinə salalar.
Ana da qınanılası deyildi. Ərinin yadigarı əlində-ovcunda qalan tək övladını, kor tutduğunu buraxmadığı kimi gözündən uzağa buraxmaq istəmirdi, itirə-itirə gəl­mişdi, tək tapdığı təsəlli yeri Bayat idi. İndi onu əlindən “ərəseyin” hansı dağıl­mışınasa gözü görə-görə buraxası ha deyildi. Ən azından sonradan özünü yeyib-tökməsin deyə, nəyi bacarırdısa onu da edirdi ki, oğlunu əsgər apar­ma­sınlar. İçində gizlənmiş bir duyğu da vardı ki, heç olmasa, axırda heç nə alın­masa, “neylim, anası ölmüşün yolunda nəyim var tökdüm, amma yenə apardılar” – deyə bilsin.
Qəfil gələn ümidsiz qara xəbərdən bir az da qatılaşan o dumanlı-çiskinli payız günlərinin birində Tanrının kəraməti ilə çətin də olsa, ata yurdunda özbaşına bir kümə qaralda bilmişdi. Elliklə damın kəvəri atılmış, damı qaralmışdı. O ağır zəhmətdən əllərinin qabarı və yamacda qaralan ümid və qürur yeri daxma qalmışdı. Amma bu daxma Bayat üçün ağ saraylardan daha önəmli idi. Bunu edən onu da edə bilərdi. Yəni, Allahın köməyi ilə günəşli günlərin birində elə bu şahid qara damın yanında mütləq bir ağ imarət də qurduracaqdı. Həm də onu başqaları kimi erməni ustalarına tikdirməyəcəkdi. “Arım arı olsa, balı Bağdaddan gələr” misalı o günlər içinə işıq salır, güzgü tuturdu. Nə çoxdu öz ustalarımız, pul olduqdan sonra lap dünyanın o başından gətirdə bilərəm. Bu qaraltdığı daxma onda gələcəyə böyük ümidlər oyandırmışdı: Böyük arzulara ümid oyanar, kiçik arzulara çata biləndə… İş görülüb qurtarıldıqdan, toyuğu, cücəni, qoyunu, keçini qara daxmanın qanadları altına yığdıqdan sonra özünə inamı artmış, əsgərlik – filan gözünə belə görünmürdü. Özünütəsdiqin nə demək olduğunu Bayat yaşda böhran keçirənlər yaxşı bilir. Əsas olan o idi ki, görülən işə Allahın şərik olduğunu anlamışdı, kənd sovetinin sədrinə, partkoma, kolxoz sədrinə qalsa anasını yarıuçuq damın altında qoyub gedəcəkdi. Amma içinə elə bir hiss və inam doldurulmuşdu ki, Bayat yox yerdən bu uşaq deyiləcək yaşında özünə kümə qaralda bilmişdi. Su gələn yerdən bir də gəlmişdi, ata-baba yurdu boş qalmamışdı.Tikilən hisli-paslı bir daxma olsa da!.. Amma mütləq bu qara daxmanın yanında bir imarət tikdirəcəkdi, mütləq.
Bu inam yerdən çıxmamışdı, göydən enmişdi və içinə damanların sonralar mütləq həqiqət olacağına o, artıq özünə inanan kimi inanmağa başlamışdı… Bu düşüncəni həyat yollarında təcrübədən hələ çox keçirəcəkdi.
Sonunda isə əsgərliyin yolu görünəcək, ananın ürəyinə damanlar olacaq, həm də dünyanın o başına, yolların bitdiyi yerə əsgərə gedəcəkdi. Bayat əsgərliyini Vladivostokda – “uçurumun dibində” keçirəcəkdi… Sıxıntılı iki illik əsgərlik həyatından “qazancı” rus dilini öyrənmək və rus balası Sergeylə dostluğu olacaqdı. Bayata baxanda Sergey şanslı idi… Çox da uzağa düşməmişdi, əsgərliyə Sibirdən-İrkutsk vilayətindən gəlmişdi…

Əsgərlik həyatı Bayata çox şeyi öyrətdi, çox şeyi… Hərdən fikirləşirdi ki, onun- Bayatın buraya, Sibirin bu ucqar küncünə düşməyi də təsadüfi deyil. Burdakı yer adlarının dostdoğma türk kəlmələri olduğunun yeni-yeni fərqinə varırdı. Və ağlına belə bir fikir də gəlmişdi ki, tale dədələrimizin bir vaxt buraxıb getdiyi yerlərə onu elə-belə atmayıb. Atıb ki, uzun illər kimsənin bilməsinə imkan verilməyən həqiqətləri o, Bayat öz gözləri ilə görüb dərk etsin, fərqinə varsın, ən azından hansı millətə mənsub olduğunu və bu millətin millətlər içindəki yerini dərk etsin. Beləcə əsgərlik illərində keçmişi, yaşadığı günü, daha çox da gələcəyi uzun-uzadı düşünməyi özünə iş-peşə eləmişdi…
Özündən yüz il əvvəl yaşayanların ruhunu söyürdü, niyə aciz olub bir ovuc erməninin önündə geri çəkiliblər? Niyə Naxçıvanla Azərbaycanın arasında olan torpaq­ları ermənilərə veriblər? O torpaqlar ermənilərə verilməsəydi və erməni­lər aranı ərəbzəngi kimi kəsməsəydilər, Türkiyədən ta Tanrı dağlarına, yəni Sibirə, hətta Kamçatkaya qədər bütün türk dünyasının qan damarları fasiləsiz işləyər, quzeylə güneyin türk vadisində bambaşqa bir gəlişmə olardı. Xəyanətin bundan böyüyü olurmu? Dağlıq Qarabağ hadisələri başlayanda Azərbaycanı idarə edən qanı pozulmuş rusbaşlılar silahlanmaq yerinə Moskvanın əmri, erməninin hiyləsi ilə Azərbaycanda başı qarışdırılan adamların evlərindən ov tüfəngini də yığışdırtdılar. Bu az imiş kimi Bakıdan Mərkəzi komitədən, Nazirlər sovetindən Ermənistanla sərhəd rayonlarına o sərhəd rayonlarının ziyalıllarından təşkil olunmuş təbliğat briqadası göndərmişdilər… Onlara yerlərdə tarix boyu ermənilərlə qardaş kimi yaşanıldığının və bundan sonra da yaşamaq lazım gəldiyinin təbliğatını aparmaq tapşırılmışdı. Həm də elə bir zamanda ki, artıq ox yaydan çıxmış, ermənilər qanıxmış dişlərini Azərbaycan torpaqlarına qıcamışdılar…
Təbliğat briqadası Bayatgilin kəndinə də gəlmişdi. Natiqlər bir-bir söz alıb ermənilərlə azərbaycanlıların tarixi dostluqlarından danışdılar. Hətta kənd ağsaqqalları Bakıdan gələnlərdən daha yerli-yataqlı danışmağa başlamışdılar:
– Bizim uşaqların çoxusunun kirvəsi Çinarlı ermənilərdir.
– Kənddəki evlərin çoxusunu erməni ustaları tikib, onlarla aramız pozulsa, bu işi kim görəcək?
– Yenə bizdə undan, qənddən qıtlıq olanda, sağ olsunlar dükan-bazarlarına gedir, əskiyimizi tamamlayırıq. Bayat bu yaranmaları eşidib Amerika ata sözünü xatırlamışdı:Təmiz su tapmadan kirli suyu atma, təmiz su tapıldıqan sonra kirli suyu mütləq at və ikisinin birləşməsinə imkan vermə. Bizim toplumda nə yazıq ki, bu ikisi birləşdi, indi hansının təmiz, hansının kirli olduğunu bəlkə Allahın özü də müəyyən edə bilməz. Bunları düşünə-düşünə öz-özünə giley eləyirdi:
– Allahım, yoxsa bu gördüklərimin hamısı bir yuxudu, biri dümsükləyib oyadacaq məni… Bu necə iclasdı, Allahım? Bu necə milli ziyalılıqdır, a sənə fəda olum? Biz bunamı layiqik? Bu necə vətən insanlarıdır, Tanrım? Oyat məni bu yuxudan, Allahım, oyat!
Bayat həm Bakıdan gələnləri, həm də, bu yerli ağsaqqalları yaxşı tanıyırdı, işinə yarayanın ağsaqqalı idi onlar. Dünyanın o başında yaşayan erməni dünyanın bu başında yaşayan erməninin səsinə səs verib müdafiə edəndə gör bizim ağsaqqallarımız nələrdən danışır? Dağlıq Qarabağda yaşayan azərbaycanlılar od-alovun içindədir, bunlar burada qardaşlıqdan dəm vurur. Həm də necə qardaşlıqdan. Bayat hələ uşaqlığında Məmmədəli kişi ilə birlikdə balta və dəhrəsini itilətməyə gedəndə görmüşdü erməni dığasının üzünü. Ona görə də yerində durmadı, söz alıb kürsüyə çıxdı. Adamların arasında çaxnaşma, pıçı-pıçı düşdü, -yenə sarsaqlayıb ədalətdən dəm vurub bizi qonaqların yanında rüsvay edəcək. Onların belə düşünməyə haqları da vardı. Çünki Bayat gah rayon qəzetində, gah da elə Bakıda çıxan qəzetlərdə kənd-kəsəyin əyər-əskiyindən, vəzifə sahiblərinin özbaşınalığından, rüşvətxorluğundan məqalələr yazırdı. Bu yazıların beşinin təsiri olmasa da, birininki olur və kimlərinsə başı ağrıyırdı. Aradan bu qədər zaman keçməsinə baxmayaraq, ona pasport almaq üçün arayış verməyən kənd soveti sədrinin kəmfürsətliyi yadından çıxmamışdı. Yaşı altmışı yaxalasa da hələ də oturduğu stoldan bərk yapışan bu kəmfürsətin əməllərini də qəzet səhifələrinə çıxarmışdı… Şişman qarnını kef məclislərində sevimli övladının başı kimi sığallayan və:
– Qadasını alım bunun, düşmən qaraltısıdır,- deyən, gödənini öyən bu adamın əməllərini gün işığına çıxartmışdı. Bu yazıdan sonra kənd soveti sədrinin atası Bayatın anasının yolda qabağını kəsib demişdi:
– Ay qız, küçüyünü baldırına bağla, qulağını aç, eşit, elə bilərəm doqquz oğlumdan biri yoxdur.
Bayatın anası da söz altında qalmamışdı:
– Kişi, hörmətini saxla, ağzını dağıtma, nə doqquz oğlum, doqquz oğlum var deyirsən, yüz qarğaya bir sapand daşı…
Bayat kənddə yüz qarğaya bir sapand daşı idi. Əlinin suyunu yaxşı bilirdilər, onu da bilirdilər ki, bildiyini Allaha da verməz. Ona görə də indi məclisdə söz alanda araya bir şuluqluq salacağını bildiklərindən xosunlaşır, amma cəsarətləri çatıb bir şey də deyə bilmirdilər.
Bayat kürsüdəydi:
– Bayaqdan fikir verirəm, Bakıdan gələn ziyalılar, nədi ey, o bir mahnı vardı hər gün radioda oxudulan. “Qardaş olub Hayastan, Azərbaycan” saxta şuarı ilə yenə başımızı qatmaq istəyirlər. Əskik olmasınlar, Bakıdan zəhmət çəkib biznən görüşə gəliblər. Amma bu sərhəddə biz yaşayacağıq, onlar yox, onlar bu gün burdadırlar, sabah çıxıb gedəcəklər. Mən bir şeyi anlamıram, əyər bu qardaşlıq həqiqətən də yaxşı şeydirsə, niyə ermənilər də bu qardaşlıqdan danışmırlar. Danışsaydılar biz də eşidərdik. Elə beynəlmiləlçilik bizə qalıb? Beynəlmiləlçilik yaxşı şeydirsə, qoy Bakı kimi Yerevan da beynəlmilləlçi şəhər olsun. Beynəl­mi­ləlçilikləri başlarına dəysin. Aqanbekyanlar Yerevandan deyil, Parisdən bizə dil uzadıb Dağlıq Qarabağın erməni torpağı olduğunu bəyan edir. Bəs bizimkilər nə edir? Bizimkilər də cavab vermək əvəzinə gəlib bizə qardaşlıqdan moizə oxuyurlar, necə deyərlər, səni sevəcəyəm sən sevməsən də. Ey mənim həmkəndlilərim, qulağınızı açıb eşidin, bir gün belə gecikmədən bax, odu ey Koxanəbinin sərhədində indidən səngər qazmağa başlayın, bax sonra deməyin ki, söyləmədi. Çox keçəməyəcək ki, ermənilər üstümüzə hücum edəcəklər. O kirvə, usta dedikləriniz dönüb yaraqlı olacaq, üstümüzə gələcəklər. Allaha şükür, kəndimizin dəlmə-deşiyini də əlləri ilə qoymuş kimi bizdən yaxşı tanıyırlar. O günü düşünün. Dediklərim olsa, heç olmasa zəhmət çəkib səngər qazmış olacaqsınız, daha bir də əziyyət çəkməzsiniz, elə məni diri-diri o səngərlərin birinə gömərsiniz. Məndən bu qədər…
Bayat kürsüdən endikdən sonra salon bir-birinə dəymişdi… Kənd sovetinin sədri qoçubəylərinə him eləmişdi. Bayatı süpürləyib bayıra atmışdılar. Bayatın çıxışından bir gün sonra sahə müvəkkili onu rayon milis idarəsinə aparacaqdı. Başqa bir zaman olsaydı, ya da o çıxışı edən başqa birisi olsaydı, çoxdan boynundan vurub donuzluğa salarlardı, amma Bayatın qəzetlərdə çıxan tənqidi yazılarının nə olur, nə olmazıyla, başına “ağıl qoyub” buraxmışdılar. Aradan çox keçməmiş Bayatın dedikləri olacaqdı. Amma Bayat da Bayatdı, artıq kənddə özünümüdafiə dəstələrinin yaradılmasına başlamışdı… Çox keçməyəcəkdi ki, dünənə qədər kirvə kimi, usta kimi gələn ermənilər, özləri ağırlığında çörək­lə­rini yeyib, sularını içdikləri qonşu kəndin üzərinə topla, tüfənglə gələcəkdilər… Amma kəndi Bayatın sayəsində əliyalın yaxalaya bilməyəcəkdilər, aralarında yaralananlar olsa da düşməni geri oturdacaqdılar. Bayatgilin güclü müqaviməti ilə qarşılaşan çinarlılar bir daha Əsriyə yaxın düşə bilməyəcək, uzaqdan-uzağa qrad mərmiləri ilə gözlərini qorxutmağa çalışacaq, kəndə vahimə salacaqdılar. Və hərdənbir də erməni snayperləri yer sulayan, ot çalan adamlardan birini vuracaq və kənd beləcə qurbanlarını verəcək, şəhidlər qəbiristanlığını salacaqdı.
Özünümüdafiə dəstəsinə Bayat rəhbərlik edirdi. Və ürəyində təkrarladığı yalnız bir şey vardı, nə yaxşı ki, vaxtında əsgərliyə getmiş, həm də topçu alayına düşmüş, bir çox hərbi sirlərə yiyələnmişdi, savaşmasa da savaş manevrlərindən başı çıxırdı. Əgər anasının əl quzusu olub rüşvətlə əsgərlikdən qalsaydı, indi dişinə qədər silahlanmış ermənilərin qarşısında necə duruş gətirəcəkdi?.. Və bu qanlı günlərdə sovet ordularında oynanılan oyunların indi-indi fərqinə varırdı. Orduda xidmət edən azərbaycanlıları ya mətbəxdə, ya da inşaatda işlədirdilər. Əslində, günah elə bizim özümüzdə idi. İşin asanına qaçırdıq. Erməniləri isə hərbi işlərlə uğraşan bölüklərə göndərirdilər. Bayatın içini dağıdan o idi ki, ruslar heç, niyə komandirlər arasında çoxlu erməni, gürcü var, bizdən yox, bizim onlardan nəyimiz əskikdir? Bu yöndə baş sındırsa da o zaman bu qıfıla açar tapmaqda çətinlik çəkmişdi. Bayat uşaqlıqdan gözüaçıq böyümüş, türklüyünü vaxtında dərk etmişdi. Doğrudur, bu barədə ona nə evdə, nə də məktəbdə bir şey deyən olmamışdı, Allahdandı, bəndədəndi, nədəndisə bu qənaətə özü gəlmişdi. Həm də əsgərlikdə – uçurumun dibində bunu bir daha dərk etmişdi. Amma bir şeyi anlaya bilmirdi ki, hərbi hissədə əsgərlər arasında dava ruslarla ermənilər, gürcülər arasında düşmür, azərbaycanlılarla qırğızlar, özbəklər, türkmənlər, qazaxlar arasında düşürdü, yəni türklər arasında. Ağzından süd iyi gələn bu gənclər hələ türk olduqlarının fərqinə varmamışdılar, bəlkə heç sonra da varmayacaqdılar.
Bayat nə qədər əlləşsə də kənddə ağızbirliyi olmurdu, hərə bir tərəfə çəkirdi. Başda da, sovetlərin yıxılması bu gün – sabahlıq olsa da, hələ də stolunu buraxmayan, məlum kənd sovetinin sədri olmaqla varı, imkanı olan adamların kənd ilk şəhidini verməyə başlayanda, hamıdan əvvəl ev-eşiyini gizli şəkildə qabqardığını eşitmişdi, bir hay-küy olan kimi dabanlarına tüpürüb kəndi tərk edəcəkdilər… Bayat yalnız sərhədləri qorumurdu, o eyni zamanda kənd adam­larının inamını da qorumağa çalışırdı. Çoxları yır-yığış edəndə Bayat çoxdan arzusunda olduğu evi tikdirməyə, daxmalarının yanında ağ daşdan yeni bir ev ucaltmağa başlamışdı. Çoxları şayiə yayırdı ki, yəqin Bakıdan sərhədi qorumaq üçün silah-sursat üçün göndərilən pulu ev tikməyə xərcləyir. Yoxsa, yetimin biri o boyda evi nəynən tikdirəsi idi. Xım yeri qazarkən bir küp qızıl tapıb indi yavaş-yavaş həzmi-rabidən keçirir – deyə düşünənlər də yox deyildi. Bir Allah bilirdi ki, bu şayiələrin heç bir əsası yoxdu. Bayatın ömrü boyu ev tikdirməkdən, vaxtsız ölmüş atasının yurdunu şənləndirməkdən başqa arzusu olmamışdı. İllər boyu qazandığını qəpik-qəpik bu arzusunu həyata keçirmək üçün toplamışdı, yeməmişdi, içməmişdi, qarnından, boğazından, əynindən, başından kəsib günlərin birində bir kümə qaraldacağını düşünmüşdü… İndi nə yazıq ki, sanki dünyanın sonu gəlmiş, başlar ayaq, ayaqlar baş olmuş, aləm qarışmış, bütün dəyərlər qiymətdən düşmüşdü. Hərdən Bayat göylərə boylanıb sitəm edirdi:
– A şükür kərəminə, atamı əlimdən aldın, çəkilməz dərdlərlə böyüdüm, indi-indi əlim çörəyə çatırdı, bu nə tufandı çıxardın belə, gəncliyimi qara gətirdin. Elə hər dərdi çəkmək mənəmi qalıb? Niyə bir dərzi kimi bütün qəm libasını mənim əynimdə sınaqdan keçirib sonra sayını artırırsan? Niyə mən, niyə mənim gəncliyimə əslinə qalsa, yığdığı pul bir evi tikib başa çatdırmağa yetəsi deyildi, amma Bayat varlı, imkanlı adamların yüklərini qabqardığını duyunca, kasıbların çıxıl­maz vəziyyətdə qaldığını görüncə, kimsənin gözləmədiyi halda ev tikdirmə­yə başladı. Həm uşaqlıq arzularını yerinə yetirəcək, həm də kənddən başlayan köçün qabağını alacaqdı. Elə də oldu. Çeşidli şayiələr yayılsa da Bayat istəyinə nail olacaqdı. Doğrudur, qulağına çatan, canını sıxırdı. Bəziləri deyirdi ki, – kasıb çıxacağını bilsə geydiyi atlas olar, yetimin biridir, neyniyir evi? Hələ üstəlik sərhəd kəndində, sabahı məchul bir yerdə:
– Ayə, mən sizə demişdim dəlinin biridir, dəli olmasaydı, camaat bir ayağını kənddən qaçaq qoyub, bu isə ermənilərçün ev tikdirir, bu gün-sabah, Allah eləməmiş, düşmənlər kəndi işğal etsələr, o ev kimə qalacaq?
– Yox, canım, Bayatın, görünür, bir bildiyi var, yuxarılarla əlaqəlidir, kəndin işğal olunacağını bilə-bilə pulunu havayı yerə daşa-divara verərmi?
Bu sonuncu dedi-qodu Bayatın canına sarı yağ kimi yayılırdı. Adamlar onun ev tikdirdiyini görüb ümidlənir, köçəri quşlar kimi perikməyin qarşısı alınırdı… Bayatın məqsədi elə bu deyildimi? Bayat bu dedi-qoduları eşitdikcə yenə Allaha üz tuturdu:
– A şükür kərəminə, bu nə millətdir, hərəsinin ağzından bir avaz gəlir, bəs nə zaman ağızbirliyimiz olacaq? Bizə nə vermirsən vermə, heç olmasa ağız­bir­liyi ver, a kərəminə şükür. Bayatın öz-özünə etdiyi bir kəşfi də vardı. əgər çox yox, bir günlüyünə, tək bircə günlüyünə Azərbaycanda hamı bir nəfər kimi eyni şeyi düşünə bilsə, Azərbaycan torpaqlarını işğal etmələri bir yana dursun, heç Ermə­nistanda nübar üçün bir erməni də qalmaz. Torpağın bioenerjisi ilə onun üstün­də yaşadığı xalqın bioernerjisi üst-üstə düşmürsə, torpaq o toplumu üstün­dən qovur, ermənilər torpağın sevmədiyi bir toplumdur, tarix boyu yüz yer dəyi­şiblər, bu səfər də olsun yüzbirinci. Amma hardaydı bizdə o ağızbirliyi ki, hamı eyni şeyi düşünəydi və ermənilər də bunu uzaqdan-uzağa hiss edib dabanlarına tüpürüb qədim türk torpaqlarından cəhənnəm olub gedəydilər. Onlar uzaqdan-uzağa yox, uzun illər içimizin içində yaşadıqlarından bizim kim olduğumuzu bizdən yaxşı bilirlər, bilirlər ki, bizdə ağızbirliyi yoxdur, bunu bildiklərindən də fürsət bu fürsətdi deyib aldıqları ilə yetinməyib başqa torpaqlarımıza da göz dikirlər…
– Ya Rəbb, biz nə təhər xalqıq, bir toyda, şənlikdə bir yerə yığılıb xor da oxuya bilmirik, çünki hərəmizin ağzından bir avaz gəlir, xor oxuya bilməyən bir toplumun fikir birliyi haradan olacaq? Hamı sifətinə bir yalan maskası taxıb gününü gün edir… Belə olmasaydı, Bakıdan sərhəd rayonlarına təbliğat – “qardaşlıq” briqadaları göndərilərdimi? Bizim başıboşların sayəsində ermənilər vaxt qazanıb sonra da başımızın üstünü aldılar.
Bakıdan rayonlara kömək yerinə pozucu, ürəkbulandırıcı xəbərlər gəlirdi… Bakı milli düşüncənin mərkəzi olmaq əvəzinə xımına qoyulan beynəlmiləl xəyanəti nəticəsində o biri yerləri də uğursuzluğa sürüyürdü.

* * *

Haraya getməli, nə etməli? Yenə əsgərlik dostu Sergey yada düşmüşdü. Sovetlər birliyi dağılsa da, dostluqları hələ az da olsa davam edirdi. İrkutska teleqram vurub Seryojaya oraya işləməyə gəlmək istədiyini söylədi:
– Gəlsəm, mənə işə düzəlməkdə kömək edə bilərsənmi?
Seryojanın cavabı gecikmədi:
– Gəl, hər halda bir iş taparıq.

Özünümüdafiə dəstələri ləğv olunur və ermənilərə güllə atanlara xalq düş­məni kimi baxılırdı. Bayat fikirləşdi ki, deyəsən, yenə beynəlmiləlçilik zamanı başlayır… Üzüsulu ikən kənddən ayrılmağa qərar verdi. Bu, onun kənddən neçənci ayrılışı idi?.. Gözə görünən yaraları tənziflə sarıyırsan, görünməyən yaraları isə zaman və məsafələrlə. Zamanın vurduğu yaraları sağaltmaq üçün özünü məsafə və məkanların qucağına atdı, sağalda biləcəklərmi görəsən?
Seryoja hansı reyslə gələcəyini bilirdi. Bayatı təyyarə meydanında qarşıladı. İrkutskda iş olmayacaqdı. Seryoja onu meşədə ağac qırmaqla məşğul olan briqadaya işə düzəldəcəkdi… Həm maaşı çox olacaq, həm də elə o qırılan ağaclardan kənddə tikdirdiyi ev üçün bəlkə inşaat materialı da göndərə biləcəkdi. Nə də olsa özü bu işlə məşğul idi… Başının üzərindən qrad mərmiləri uçan evi yarımçıq qalmışdı… Harda yeni tikilən bir ev görürdüsə, öz evi yadına gə­lirdi. Tərs kimi də burada Sibirin ortasında elə gözəl evlər tikilməyə baş­lanmışdı ki! Yaşıl meşələrin arasındakı talalarda qırmızı kərpicdən tikilən evlər, yaşılla alın rəng qovuşağı onda elə şirin xatirələr oyadırdı ki! O da sağlıq olsa, evin yerdə qalan qismini qırmızı kərpicdən hördürəcəkdi. Amma Azərbaycanda hardadır belə gözəl kərpic. Sanki havanın saflığı, meşələrin yaşıllığı kərpiclərə də təsir etmişdi. Buranın kərpicləri bir başqaydı, elə gözəl və saf idi ki, adamın bu kərpicləri sacda qızardılmış xamralı çörəyi kimi yeməyi gəlirdi…
Bayat qədərin iki anlayışını öz həyatında təcrübədən keçirmişdi. Birincisinə kadəriyyə deyilir ki, burada insan öz iradəsi ilə öz taleyini müəyyən edə bilir. Başlangıc budur. İkincisi isə cəbriuyyə adlanır. İnsan öz əlləri ilə öz taleyini də­yişə biləcəyini düşünsə də, yaşanan hadisələri görəndə iradəsinin üstündə baş­qa bir iradənin olduğunu və insanı arxasınca sürüklədiyini və taleyini müəy­yən­ləş­dirdiyini hiss edir. Bayat xeyli hissəsi keçmiş ömrünün keçid dolaylarına dal­dıq­ca heyrətlər içində qalırdı. Buna bəlkə burada – Sibirdə buddist rahiblərlə tanış­lığı da səbəb olmuşdu. Yaşadığı həyat onun öz həyatı idimi, yəni doğru­danmı karma var, yəni doğrudanmı keçmiş həyatlarda etdiyimiz bəd əməllər bizim gələcək həyatlarımızın da sərgüzəştini bəlirləyir. Mən hara, Sibirin tayqa or­manları hara? Bu karma deyilsə, bəs nədir? Yaxşı, bəlkə keçmiş həyatlarında bunu bilmirdi, indi ki, karmanın, yəni insan əməlinin ya bu dünyada, ya da o biri dünyalarda onu qarabaqara izlədiyini və taleyini müəyyənləşdirdiyini an­lamışsa, indi, bundan sonra niyə yanlışlığa yol verir? Bir fərdin satqınlığı, bütün toplumun satqınlığı deyilmi, bir fərdin günahına bütün toplum cavab verəcək düşüncəsi Dədə Qorqud dastanlarından gəlmirmi? İndi bu Sibir ormanlarında xırxının ağzına verib Allaha, bəndəyə sığmayan bir günahla ağacları məhv edərkən Bayat yavaş-yavaş bunların da fərqinə varmağa başlamışdı…

* * *

Hər gecə bir-birindən maraqlı, bir-birinə bənzəməyən yuxular görür. Bu yuxuların bolluğunu səhər oyanarkən qürbətə düşməyinə yozur. Bu onun yozumudur, əslində isə… Bu yuxuları bəzən sistemli, bəzən də düşəndən-düşənə ya yuxular üçün ayırdığı dəftərə, ya da əlinə keçən kağız parçasına qaralamağı var. Amma gündəlik qayğılardan başı açılıb vaxt tapıb bu gəlişinə, səliqəsiz yazıların arasında eşələnəndə gördüyü bir yox, bir neçə filmə hazır ssenari olacaq yuxuların bir əsas süjeti olduğunu fərq eləyincə özü özünə eymənmişdi. Bu yuxuların böyük əksəriyyəti bir evin başında dönüb dolanır, – tənha yetim bir evin başına. Yaşının bu çağına qədər irili, xırdalı iki-üç kümə tiksə, tikdirsə də onların heç birini yuxuda görmür, görmək istəsə də görə bilmir. Gördüyü evlərin heç biri onun görmək istədiyi evlərin heç biri deyil. Çeşidli dəftərlərə səpələnmiş bu yuxu qırıntılarını bir yerə toplasan, orda həyəcandan, intizardan, təəssüf və sızıdan başqa bir şey görməzsən. Bunun bir çox səbəbi ola bilərdi. Ya budur ki, o, arzuladığı, xəyalı ilə illər boyu yaşadığı evi tikdirə bilmədiyindən, arzularında deyil, imkanlarında bir ev tikdirə bildiyindən tikdirdiyi yox, arzuladığı evi və ya evləri yuxuda görür. Bu yuxular yoxluqla varlıq arasında dönüb dolanır, nə yoxluqdan yoxluqdur, nə varlıqdan varlıq. Bu ikilik, ziddiyyət səbəbiylə də elə yuxuları da çox nigarandır. Heç zaman, ən azı yuxularında olsa da, istədiyi evə qovuşa bilmir, qovuşduğu evlərin heç birisi onun gizli arzularına uyuşmur, elə hey nigarandır. Ona onun evi kimi göstərilən evlər ya tərs tikilib, ya da yanlışlıqla qapılarla pəncərələrin, pilləkənlərlə buxarıların yeri səhv qoyulub. Elə aşkarda da aralarından soyuq yellər əsən və onun bu yetim torpağının hətta bir qarışında belə gözü olan qonşusunun yenə bir qə­lət qarışdırdığının şahidi olur. Yuxuda söyür, söyür, söylənir, əsib-coşur, özünü yeyib-tökür, kiminsə qarasınca deyinir, amma bir kimsə də əlinə keçmir. Sə­hər qan-tər içərisində oyandığında həyatda gördüyü kimi canlı yaddaşının ay­na­sında güzgülənən bütün bu olaylara bir anlam verə bilmir… Bu yuxuların pa­ra­lelində və bəlkə də arxa planında təkrar- təkrar gördüyü bir qutsal yuxusu da var ki, bu yuxunu gördüyü günün sabahı, içinə səbəbi onun özünə də bəlli ol­ma­yan bir fərəh dolur, sanki gerçəkdən də yuxuda gəzdiyi yerlər cənnətin özüdür…
Sibirdə kəsdikləri ağaclar da hərdənbir yuxusuna girir. Bu yuxulardan sonra əli işə yatmır. Uzandıqca uzanan, Allaha çatmaq istəyən şüy şam ağaclarına əlləri qalxmır. O, sadəcə kəsilmiş ağacların qol-budaqlarını arıtlayır… Bəlkə heç bunu da etməzdi, amma buraya yuxusunu tez-tez qarışdıran yarımçıq evini tamamlamaq üçün pul yığmağa gəlməmişdimi? Pul da ki, ağac qırmaqdan çıxır… İki daş arasında qalmışdı, nə edəcəyini bilmirdi. Bu ağacları kimdən icazə alıb kəsirik, ağacların özündənmi, yoxsa onları yüz il çiynində böyüdən torpaq­danmı? Onlardan bunu soruşsaydılar, soruşa bilsəydilər icazə verərdilərmi? Çətin! Dərədəki təpələrlə boy ölçmək üçün yarışıb ucalan şamlar şalğam kimi qırılmışdı, indi növbə yamacların lap yuxarısındakı əlçatmazlığa sığınan ağaclara qalmışdı… Bu ağacların arasında hələ bir ağac vardı ki, Bayatın bu ağacın gövdəsinə yox, heç çıl-çırpısına da əli qalxmazdı… Amma bir azdan ona da sıra gələcəkdi…
…O hansı dağ yamacındasa yaşılca bir ağac idi… Yazına yağmurlar yağardı şıdırğı, iynə yarpaqları başına ələnən damlaları içinə çəkərdi. Bu yağışlı-günlü yağmur, üfüqdə bathabatda olan günəşin son şəfəqləri ilə bu şivərək şam ağacını yaşıllığında xırdaca rəngarəng lampalar yanan yeni il yolkasına döndərmişdi; saf və canayatımlı dağ havasında işım-işım işıldayır, par-par yanırdı. Bu şivərək şam ağacının ömrünün ən yaşanası çağlarıydı. Yenicə özünü tanıyan, dərk edən, kimliyini içinə sindirən və dərki çətin duyğunun sevincqarışıq anlaşılmazlığının içərisində nazlanan çağı idi. Ağ atlı oğlanların gələcəyi xəyali yollara boylanan qız kimi bu yağmurdan bəyazlaşan yaz buludları, bu günlü yağış altında əbədiyyətə yaşıllıq məktubları göndərən uçsuz-bucaqsız vadiyə göz və könül dolusu baxır və kim bilir nə arzular qururdu. Tanrıya çatmasa da ən azından gəlib dünyaya düşdüyü yeri müsait idi…
Bayatın yuxusuna da elə bu görkəmdə girmişdi şivərək şam ağacı. Gəl, bundan sonra ona əl qaldır görüm, necə əl qaldırırsan… Bayatın hərdən dalğıcın dənizə dalmağı kimi özünə dalmağı, içində bir şeylər aramağı, saf-çürük eləməyi vardı… Burda – uzaq Sibirdə isə özünə dalmalar daha tez-tez olurdu. O da bunun səbəbini araşdırmaq istəyir, yenə kələfin ucunu itirir, sonunu bir yana çıxara bilmirdi… İnsanın əməli gecə yol gedən maşına bənzəyir. Maşın öz içindən işıq salıb öz yolunu aydınlatdığı kimi, insanın əməli də onun gələcək yoluna işıq tutur. Yalnız bir fərq var; maşın ötüb keçdikdən sonra yollar yenidən qaranlığa bürünür. İnsanın xeyirxah əməli isə hər zaman aydınlığını qoruyur, insan bu dünyadan köçüb getsə belə… Hərdən öz düşüncələrinə özünün də gülməyi vardı. Amma bu düşüncələrini kiminlə bölüşə bilərdi ki?! Üzdə olmasa da ürəkdə ona için-için gülərdilər. Bəlkə onu Sergey anlaya bilərdi, onunla da arası erməni məsələsinə görə dəymişdi. İnsan xəyalından keçənlərin həyata keçdiyini gördükcə bir az da ürəklənir və həyatın boşuna olmadığına və hər şeyin gizli bir məna daşıdığına inanır… Bayatın bu fikirlərə düşməyə haqqı da vardı… Hələ Bakıda fəhlə yataqxanasında yaşayarkən yataqxananın alt qatında olan bilyard otağında bilyard oynamağı öyrənmişdi, elə öyrənmişdi ki, hətta yataqxanada qarşısına çıxacaq bir oyunçu tapa bilmirdi. Hərdən uduzanlar ona acıq vermək üçün sataşırdılar da: – Tovuzdan patafasını çıxarıb dünən gəlib, bu gün burda bilyarddan bizə dərs deməyə çalışır. Qudurassan, qurbağa. Başqa birisi onun səsinə səs verirdi:
– Eh, bir təsadüfdü də uddu, oğuldu gəlsin bir də oynayaq, gününü o zaman görsün.
Bir də oynayırdılar, Bayat bir də udurdu, amma bu söz-söhbətlər yenə davam edirdi. İndi burda – İrkutskda inşaatda çalışdığı vaxtda bilyard oynamağı Bayata əməllicə şöhrət qazandırmışdı, iş elə gətirmişdi ki, onu vilayət birinciliyinə yarışmağa göndərmişdilər. Bayat bu yarışda da birinci yerə çıxmış və qızıl medalla mükafatlandırılmışdı. İnşaat qəsəbəsinə qızıl medalla dönürdü. Amma dönmədən öncə İrkutsk bazarını, dükanını dolaşıb ayından-oyundan alacaq, sonra gecə qatarı ilə yola çıxacaqdı… Şəhər meydanlarının birində səyyar bazar açılmışdı. Tərəcələrin üzəri çeşidli geyim-kecimlə dolu idi… Şıdırğı alver gedir­di. Bayat əsgərlik illərini xatırlamışdı, o zamanlar bir belə bolluğu xəyal belə etmək olmazdı. İndi isə… Tərəcələrin birinə yaxınlaşdı. Üz-gözündən nur yağan, bəyaz saqqallı yaşlı birisi alt paltarları satırdı. Belə bir nurlu sifətin alverlə məşğul olmağına içində bir təəssüf hissi də keçirdi, bundan yaxşı molla, axund olardı, deyə fikirləşdi. Qarşısındakı adamın Sibir tatarlarından biri olduğunu düşündü. Üz-gözündən buralar adamı olmadığı bəlli idi. Orta Asyadan, ya da Qafqazlardan gəldiyini də güman etmək olardı. Elə rusca da aksentlə danışırdı. Bayat əvvəlcə üç alt dəyişəyi seçdi, sonra nə ağıl etdisə də- almışkən çox alım, onsuz da bəzən gündə birini dəyişmək lazım gəlir,- deyə qərarını dəyişdi. Və beləcə 5 dəyişək götürdü, pulunu yaşlı adama uzatdı, çevrəsi alıcılarla dolu olan yaşlı adam Bayatın əlindəki dəyişiklərə bir gözucu nəzər salıb pulun qalığını Bayata qaytardı. Qatar vağzalına bir xeyli yol vardı. O bu səmti pis tanımırdı. İstirahət günləri Seryoja ilə birlikdə İrkutska tez-tez gələrlərdi. Amma aradan uzun zaman keçdiyindən ətrafda xeyli dəyişikliklər olmuşdu. Nə də olsa sovet hökuməti yıxılıb, yerini kapitalizmə buraxdıqdan sonra hər yanda olduğu kimi burda, İrkutskda də bir canlanma vardı, yollar, meydanlar ticarət köşkləri, tərəcələrlə dolub-daşırdı…
Əvvəlcə taksiyə minmək istədi, sonra bu fikrindən vaz keçdi, tələsəcək yeri yoxdu. Saatına baxdı, qatarın yola düşməyinə hələ üç-dörd saat qalırdı. Buna görə də yavaş-yavaş dükan və mağazalara baxa-baxa yoluna davam etdi. Yorulmuşdu, göl kənarındakı parkın yaşıllığında dincəlmək istədi. Həm dincələcək, həm də aldığı şeyləri yerbəyer edəcəkdi. Elə problem də bu yerbəyer etmədən başladı. Üç dəyişik almaq yerinə beşini almış, amma üçünün pulunu vermişdi. Dəfələrlə sınamışdı, əyər bilə-bilə birinə bir yanlışlıq edirdisə, beşi qarşısına çıxırdı. – Mütləq geri qayıdıb o adamın pulunu verməliyəm, ya da dəyişəyin ikisini geri qaytarmalıyam, – deyə düşündü. Amma tərəddüd də baş qaldırırdı: “Necə qayıdacaqsan, buradan oraya ən azı 3-4 km yol var, yenə əlimdə bu zir-zibil olmasa, nə vardı ki? Bir də, canım, mən onu bilə-bilə aldatmadım ki, pulunu verdim, özü pulu səhv çıxıb, burda mənim nə günahım?”.
Bayat inşaat qəsəbəsinə səhərə yaxın çatmışdı, qatarda rahat yata bilməmişdi, içindəki tərəddüd dalğaları hələ də fikrini döyəcləyirdi, ona görə də işə çıxmadı, bütün günü yataqxanada istirahət etdi. Axşama doğru yataqxananın sükutu pozuldu, işçilər işdən qayıdırdılar. Bayatın yarışın qalibi olması və qızıl medal alması həm vilayət qəzetlərində, həm də radioda verilmişdi. Hətta radiodan verilən xəbəri qatarda öz qulaqları ilə eşitmişdi. Axşam yataqxana yoldaşları onunçün sürpriz hazırlamışdılar. Bazarlıq edib gözəl bir süfrə açmışdılar. Yeddi-səkkiz adamdılar. Məclisin gur yerində Bayatın sağlığına badələr qaldırıldı:
– Hə, çempion, göstər görək aldığın qızıl medalı, araq şüşəsinə salaq görək həqiqi qızıldır, yoxsa adını qızıl qoyub sənə saxtasını sırıyıblar. Bayat medalı özü ilə götürməmişdi, niyə də götürməli idi ki, deməzdilərmi ki, görməmişin oğlu oldu, çəkdi … çıxardı… Bayat:
– Nəyinə baxacaqsınız, adi bir medaldır,- deyə mızıldandı. Yoldaşları əl çəkmədi. Bayat otağına gedib medalı gətirəsi oldu, medal əldən-ələ gəzdi, təbriklər, sağlıqlar bir-birinə qarışdı. Gecə gecədən keçəndə hər kəs öz otağına çəkiləndə medal bir də yada düşdü. Amma medal, yeddi-səkkiz adamın arasında yox olmuşdu. Otağın sahibi Sergey çıxılmaz vəziyyətdə qalmışdı:
– Sluşay, çto za bezobraziyi, iz vas kto vzyal? Nemedlenno vernite obratno. A – nu – ka davay.
Hər kəs bir-birinin üzünə baxır, yəni mənimi deyirsən, deyə çiyinlərini çəkirdi. Hətta Sergey bu bəd xəbərin bədliyindən içkili başları avazıyan dostların ciblərini axtarmaq istədi. Buna heç kim etiraz etmədi, hər kəs yarıkönül ciblərinin astarını çevirməyə başlamışdılar ki, Bayat imkan vermədi:

– Seryoja, ne nado, eto ya vinovat. Medal məndə imiş, unudub döş cibimə qoymuşam. Sergey inad etdi:
– A – nu – ka pokaji.
Amma Bayat heç nə çıxarmadı, çıxara da bilməzdi, nə çıxarasıydı ki? O, medalını iki “şmotkaya” qurban vermişdi, bazarda o yaşlı satıcının pulunu düzgün vermədiyi vaxtdan itirmişdi… Günahkar özü idi, yalnız özü. Haramın ona düşmədiyini ta uşaqlıqdan bilirdi. Elə isə niyə nəfsinə qurban getmişdi?
Allah daha betərindən saxlasın. Bəlkə Allah, onu nəfsinin ucbatından gələcəkdə gözləyən bəlalardan qurtarmaq üçün qarşısına belə bir sınaq çıxarmışdı.

* * *

Televiziya, radio, qəzetlər vasitəsi ilə vətəndən gələn qara xəbərlər Bayatı qürbət eldə üzüb haldan çıxarırdı. Bayat buraya pul qazanmaq üçün gəldiyinə görə min peşman olmuşdu. Qalıb nə edəsi idin ki, onsuz da dəstəni ləğv etmişdilər… Yenə başqa bir fikir də baş qaldırırdı. Sən də açıq-aşkar mübarizə aparmazdın, partizan dəstəsi yaradar, ermənilərdən aranda ala bilmədiyin qisası dağlarda alardın… Niyə qırx ildə israillilərə qarşı ölüm-dirim mübarizəsi aparan fələstinlilər bunu bacarırlar, biz yox? Allahım, belə də qısır topluluq olar? Hələ bircə nəfər də Ermənistan ərazisində partizanlıq edib şəhid olmamış, halbuki Ermənistandan gələn, torpaqları əlindən alınmış, erməni dilini ana dili kimi bilən nə qədər soydaşımız var? Onlar harda itib-batıb? Bir nümunə, tək bircə nümunə də yoxdur ki, təsəlli tapasan… Qalıb qul yaşamaq gümanı varsa, ölüb azad olmaq imkanı qalır… Niyə sən bunu başqalarından umursan, özün niyə etmədinə Necə edəydim? Partizan olmaq məgər təkbaşına mümkündürmü? Dağdakı qaçağı, partizanı aşağıdakı el-oba dəstəkləməsə bir gün də partizanlıq etmək olmaz. Xalqdan gileylənməyə dəyərmi? Bu əliyalın xalq nə qədər şəhid verdi, bu azdımı?
Özü ilə həsbi-hal davam etdikcə qürbət canını sıxır, vətən üçün burnunun ucu göynəyirdi.
Sibirə gedəli ağlına gələn fikirləri bir dəftərə yazmağı vardı. Masanın üstündə açıq qalan dəftərdəki son yazıya gözucu baxan olsa, aşağıdakı cümlələri oxuyacaqdı:
“Ey gələcəkdəki düşüncədaşlarım, mən də sizin təki millətimin arzuladığı kimi yaşaya bilməsi üçün yanıb-tutuşurdum; bu yolda nə etməli, necə etməli sualı üzərində illər boyu baş sındırır, çalışıb-çarpışırdım. Bunu elə-belə söz olaraq demirəm. Siz əgər gördüyüm işlərə baxsanız, dediklərimin tarixə yalançı şahidlik etmək üçün söylənmədiyini görəcəksiniz. Amma nə edim ki, tək əldən səs çıxmır, çıxmadı da… ”
Yox, o, bu sözləri kənddə yaza bilməzdi, gərək mütləq bu uzun yolu keçib sonra yazaydı. Bax, sirrin qapısı o zaman açılacaqdı. Açıldı da.
Buralar o on doqquz-iyirmi yaşlarında qoyub getdiyi yerlər deyildi… Həm də o zaman əsgəri qanunlar sərt olsa da, yemək, içmək dərdi, filan da yoxdu. Onunku nümunəvi xidmətdi, onu da edirdi. Sovet ittifaqı zamanı idi, mənim, sənin söhbəti də edilməzdi. İndi burası dədə-baba türk torpaqları olsa da, başqa bir dövlətin ərazisi idi və burda artıq başqa qanunlar işləyirdi. Bayat, bədəni Sibirdə olsa da, fikri hey kəndlərində hörüyünün üstü açıq qalan evində idi. Axşamdan gecə gecədən keçənə qədər çalışsa da, qəpiyi qəpiyin üstünə qoysa da, elə də yaxşı pul qazana bilmirdi. Beləcə, tökə-tökə gəldiklərini yığa-yığa qayıtmaq məcburiyyətində idi. Gəldiyi bu iki ildə cəmi üç min dollar pul yığa bilmişdi, düşünürdü ki, elə Azərbaycanda da toqqanı belinə bərk çəksən bəlkə bu pulu yığmaq olardı… Qərara gəlmişdi, işdən əlaqəsini üzüb vətənə qayıtmalı idi. Hər kəsin vətəni uşaqlığı deyilmi? Vətənə qayıtmaq elə qayğısız uşaqlığa, onun şirinli, acılı xatirələrinə qayıtmaqdı…

Uşaqlığında evlərinin önündə kolxoz bağları vardı. Hələ sovet höküməti de­yi­lən əjdaha da ayaqda idi… Kolxoz bağları da onun – bu gözəgörünməz əjda­ha­nın, yəni kolxozundu. Əslinə baxsan, kənddə yaşayan adamların heç birinin bağında belə nəhəng ceviz ağacları yoxdu. Bunun iki səbəbi vardı; o Sovet deyilən əjdaha kəndə ilk ayaq basanda yaxşı nə varsa ona əl qoymuşdu. Ya da dədə-babadan qalma bağlarının çox az bir qismini əlində saxlayan, acı qışın iliyə işləyən soyuğunda ehtiyac ucundan bir zamanlar qollarının kəsilməyinə razı olan, amma bu ağacların bir budağına qıymayan kənd adamları əlacsız qalıb “torpaqlı meşə” adlandırdıqları bağda bar ağaclarına da balta çəkmişdilər. Bəlkə zəmanənın özü kimi sərt olan qışlar bağlardakı ağacların hamısını çoxdan həzm- rabedən keçirmiş olardı, bar verən, verməyən hər ağaca qoyulan vergi olma­saydı. Amma uşaqları ocağa atan sərt qışlar adamları xəlvəti də olsa, bağdakı ağacları qırmağa məcbur edirdi. Başqa bir çıxış yolu da yoxdu. Göz görə-görə ciyərparalarını soyuqda dondurub öldürəsi deyildilər ki?.. Beləcə qorunan kolxoz bağı, şəxsi bağlardan daha toxunulmaz qalmışdı. Ona görə belə hüröyün və gümrah idilər. Kolxoz bağları çökəkdə yerləşirdi. Minillik qoz ağacları dərə boşluğunu doldurmuşdu… Yuxarıdan-təpədən baxanda adama elə gəlirdi ki, bu ağacların bir belə ucalmasının səbəbi onların təpə ilə bərabərləşmək arzusudur. Payız aylarının sisli günlərində aşağıda ceviz bağları dərəni limhəlim dolduran sarı dumana bənzəyirdi… Uşaqlar səhərin tülküdurmazında isti yerlərindən ilan kimi sıyrılıb hələ hava yellənməmiş, qoruqçular ayaqlanmamış özlərini kolxoz bağlarının nəmli soyuğuna təpirdilər… Və gecənin nəfəsindən islanan sarı pələş yarpaqlarla birlikdə nəm çəkən ceviz qərzəkləri də dodağını açır, göz yaşı kimi meyvələrini aşağı boşluğa buraxırdı… Bunu qış azuqəsi yığan siçovullar bildiyi kimi, bijəltək kənd uşaqları da bilirdi… Və beləcə səhərin gözündən yuxu tökülən tülküdurmazında ceviz ağaclarının dibində sarı pələş yarpaqların arasında şıldır axtaran uşaqların milçək vızıltısı kimi: “Ağ daş, qara daş, buna bir yoldaş” arayış nəğmələri qanadlanardı… Bayat da tay-tuşları ilə o kolxoz bağla­rında qoruqçuların gözündən iraq az belə ceviz yığmamışdı. Hətta Bayat, qonşu uşaqlarından xəlvət, dərədəki belinə örkən gəlməyən və kənddə, payızda çırpmaq üçün Mehralı kişidən başqa belinə ip bağlayıb, ölümünü göz önünə alıb kimsənin çıxmadığı, çıxa bilmədiyini Yastı cevizə dırmanmış və qoynunu-qoltuğunu cevizlə doldurmuşdu. Çıxanda çətinlik çəkməyən Bayat enəndə, enə bilmirdi. Həm yuxarıdan baxanda onsuz da qaranlıqlaşan gecədə qorxudan, vahimədən gözləri bir az da qaralır, həm də qoynuna, qoltuğuna doldurduğu cevizlərin soyuqluğu canına işləyir və ona ağacın gövdəsindən tutmasına mane olurdu. Əvvəlcə qoynundakı cevizləri aşağı boşaltmaq istədi. Amma deyək ki, boşaltdı, sonra onları qaranlıq yerdə bir də təzədən necə yığacaqdı? Yastı cevizin dadı bir başqaydı… Elə Bayatı kolxoz bağlarının ən dadlı cevizinin başına oğurluğa çəkən də yağlı cevizin bu dadı deyildimi? Sanki bu oğurluğun şahidi olmaq istəməyən Ay da çoxdan qara buludların arxasına çəkilmişdi. Göyün Qızıl qayaya dirəndiyi yerdə qara buludların çevrəsini zərə bəzəyib kənara çıxmaq istəsə də çıxa bilmirdi… Əslində, heç Bayat da oğurluq etmək istəməzdi. Qonşu uşaqlardan fərqli olaraq o, səhərin tülküdurmazında qoruqçulardan xəlvət kolxoz bağlarına şıldır yığmağa yox, öz bağlarındakı qoz ağaclarının dibinə enərdi. Amma qonşuların ondan yaşlı uşaqları Novruzla Qoca onu birlikdə kolxoz bağlarına ceviz yığmağa şirnikləndirər, hələ desən, təhrik də edərdilər. Amma Bayatın ağlına da gəlməzdi ki, Novruzla Qoca onu suç ortağı etmək üçün özləri ilə aparırdılar. Bəs çaya balıq tutmağa gedəndə niyə ona – sən uşaqsan, nə yaşın var, otur oturduğun yerdə, bizimlə gəlmə, başına bir iş gələr, ananın əlində qalarıq, gəlmə bizimlə deyərdilərmi? Bağ məsələsində isə vəziyyət bir başqaydı. Bayatgilin çəpəri ilə kolxoz bağları yanaşı idi. Yəni onsuz da Bayat onların gizlicə kolxoz bağlarından oğurluq etdiklərini görəcəkdi. Və sabah bu gördüklərini öskürüyü başından çıxan, cevizlərin dibinin silinib süpürüldüyünü görən “Te indi, te indi” deyə söyür-söyür söylənən qoruqçu Hasan Hasanoğluna xəbər verə bilərdi… Bu dəfəki isə onun öz pəstahı idi. – Mehralı kişinin gündüz çıxdığı ağaca mən gecə də çıxa bilərəm inadı və qışa yastı cöyüzdən torba tikmək arzusu onu bu ağılagəlməz işə sürükləmişdi. Bir də “Anası gəzən ağacı, balası budaq-budaq gəzər, demirlərmi? Mehralı kişi Bayatın yadı ha deyildi, dosdoğma əmisi idi.
Nə edəcəyini bilmirdi, bir zülüm -zillətlə ağacın haçasına qədər endi. Oradan aşağı necə düşəcəyini bilmirdi. Amma ağacın başında qalası deyildi ki? Əlləri nə zaman ağacın gövdəsindən üzüldü, arxası üstə nə zaman ağacın kökünə düşdü, özü də bilmədi… Nəfəs almaq istəsə də, ala bilmirdi, çığırıb bağırmaq istəyirdi, səsi çıxmırdı. Eləcə “Hı… hı… hı… ” səsi çıxara bilirdi. Amma ağlı başında idi. Uşaq yaşında ağlına gələn fikirdən özü-özünə məəttəl qalmışdı: – Allahım, məni bura­dan qurtar, bir də oğurluq etməyəcəm… Handan-hana nəfəs almağa başlamışdı. Yaxşı ki, heç yeri qırılmamışdı. O boyda yüksəklikdən yıxılasan və sənə də bir şey olmaya, lap möcüzə idi. “Allah saxlayanda saxlayır” buna deyirlər. Uşaq ağlıyla bunun bir möcüzə olduğuna inanacaq və ömrü boyu da bu inamla yaşayacaqdı… Yerindən bir zorla qalxdı, üstünü, başını çırpdı, evə-ana­sının yanına toz-torpaq içində getsəydi, şübhələnərdi. Ağacın gündöyər yerindən min zülüm-zillətlə yığdığı şıldırlar yerə, sarı yarpaqların arasına pəsələng olmuşdu. Əvvəlcə əyilib birtəhər toplamaq istədi, amma qıçları, beli əzildiyindən əyilə bilmirdi, bədəni sızım-sızım sızıldadı, bu halda gözünə ceviz toplamaqmı görünürdü?
… Aradan nə qədər vaxt keçmişdi. Yox, bunlar yuxu deyildi, bunlar uşaqlıqda başına gələnlərdi. Bəs niyə indi bu qədər yol keçib qürbətdə beynini qurcalayırdı. Bəlkə o keçmiş xatirələrin corab ipliyi kimi çözələnməsinə qeyb olan medalın itməsi, itirilməsi səbəb olmuşdu? Tərs kimi vətənə səfər ərəfəsində bu gecə də qürbətdə elə həmin o kolxoz bağları yuxusuna girmişdi. Sovet dönəminin kolxoz bağları. Halbuki, sovetlər yıxıldıqdan, torpaqlar kəndlilərə paylandıqdan sonra o bağlarda da bir bağlıq qalmamışdı. Sanki sarı duman o dərə boşluğundan çəkilmiş, yerində isə ceviz ağaclarının başdaşı kimi kötükləri qalmışdı. O dərə boşluğu indi bağdan daha çox ağac gəbiristanlığını xatırladırdı… Elə bir zaman gəlmişdi ki, sözdə də olsa Sovet hökumətinin ellik mal-dövləti bir qrup işbazın əlində cəmlənmişdi, “eybəcər kapitalizm” məzarın­dan xortlamış, sanki iyirminci əsrin əvvəllərində yarımçıq qalan ömrünü yenidən yaşa­mağa davam edirdi… Varlı-hallı adamların villaları yağışdan sonrakı göbələk kimi Bakının ucqar məhəllərində ucalmağa başlamışdı. Və buna görə də qapı-pəncərələrin qoz taxtasından olması dəbdə idi. Dəb olduğundan da az qala qızıl qiymə­tində məzənnəyə minmişdi. Kəndlərdəki qoz ağacları kapitalizm balta­sı­nın zərbəsinə qurban getmişdi… Tamah baltaları işə düşmüş, qoz ağacları doğ­ran­mış, dərə boşluğunu dolduran sarı duman çəkilmiş, kənd gözəlliyini itir­mişdi. Amma yox, Bayatın yuxusuna girən elə sovet dönəminin cah-cəlallı ceviz bağları idi… Bayat o bağların gümrah çağlarını görmüşdü… Həm də qəribəsi o idi ki, Bayat yuxuda özünü bir dəfə çıxdığına min dəfə peşman olduğu Yastı cevizin başında görürdü. Və bu yuxu elə inandırıcı bir yuxu idi ki, Bayat az qala yuxu gördüyünü hiss edə-edə bu yuxunu gördüyünə məəttəl qalmışdı. Ağacın lap uc budağından aşağı baxırdı. Sarı yarpaqların arasında dollar gizlədilmişdi; İki amerikan yüzlüyü… Birdən xatırladı ki, bu pullar onun kiməsə verəcəyi borcudur. Amma yüzlükdə yüzlük qalmayıb, gündənmi, yağışdanmı kənarları didik-didik olub, sanki siqaret közü ilə yandırıblar, uclarında yanıq yerlərinin dairələri aydınca gözə dəyir. İndi bu pulu borc əvəzinə necə verəcək, versə də, adam bunu qəbul edəcəkmi? Çətin. Fikrindən keçir ki, bəlkə ya bankda, ya da dollardəyişmə məntəqəsində bir az ucuzuna dəyişə bilər. Fikrindən o da keçir ki, “bə deyirlər bu “mənfur kapitalizmin” pulları möhkəm olur, budumu möhkəmliyi? Yastı cevizin gündöyən tərəfində isə bir yerdə qomalanmış “paçka-paçka” pullar gözə çarpır, amma bu pullar dollarlar kimi əzik-büzük, piltə-piltə olmayıb. Onlar kimin puludur, hansı dövlətə aiddir, heç fikirləşmir də. Niyə də fikirləşsin, onun borcu dollarladır, onları salmağa çalışmalıdır. İndi bu pulları budağın əlçatmaz yerindən necə salacaq? İstəsə də budağın uclarına qədər gedə bilməz. Yuxuda xatırlamasa da, aşkarda canında Yastı cevizdən yıxılmaq qorxusu hələ də var. Əlac budaqları silkələməyə qalır. Və o, belə də edir. Var gücü ilə budaqları bir-bir silkələyir, uzun əlləşmədən sonra, pullardan biri sarı yarpaqlara qoşulub xırda budaqlara ilişə -ilişə aşağı enir. O biri isə uzun bir budağın ucuna ilişib qalır. Yerə endiyində ağacın dibində adamlar olduğunu görür, tanıdığı, tanımadığı adamlar… Onlar burada nə axtarırlar sualı keçir fikrindən. Şıldır yığmağamı gəliblər? Bəlkə onlar da dollar yığmağa gəliblər, səssizcə davranan bu adamların hallarından Bayatın dərdinə şərik olduqları görünür. Pələş ceviz yarpaqları arasından palçığa bulaşmış dollarları yığmağa çalışırlar, belə çıxır ki cevizin başında sadəcə o iki yüzlük deyilmiş. Bayat da özünü yarpaqqarışıq otların arasına verir, budaqlardan saldığı pulları axtarır, tapmasa necə olacaq? Bu qayğılar içində yarpaqların arasından bir yüzlüyü tapır! Amma yüzlükdə yüzlük qalmayıb. İndi bu pulu borc sahibinə necə verəcək? Bu zaman əlində bir dəstə pul olan bir qadın ona yaxınlaşır, görünür, o da cevizin dibinə pul səpildiyindən xəbərdardır, toplamağa gəlib. Əlindəki puldan bir neçəsini dinməz-söyləməz Bayata uzadır, qəribədir, pullardan biri səksənlikdir, yerdə qalanları birlik, ikilik, beşlik… Bayat səksənlik dolların olmadığını bilir. Amma fikrində özünə təskinlik verir, görünür, mən bilmirəm, yeni səksənlik dollar da çıxarıblar, indi bunun üstünə bir iyirmilik də qoyub borcumu ödəyərəm deyir… Beləcə, bu qat-qarış yuxular içində gecəni səhər edir. – Allah, sən özün saxla, bu nə əcaib yuxu idi belə, mən gördüm? Tərs kimi özü də səfər ərəfəsində, Allah, sən özün xeyirə cala, – deyə düşünür. Döşəyin altında gizlətdiyi pula əlini sürtür. Pulun yerində olduğunu görüb hələ sevinir də… Sanki puldan canına bir enerji də yayılır: Allah, sənə min şükür!

* * *

Əvvəlcə İrkutska gedəcək, oradan Moskvaya uçacaq, sonra Bakı və əlini ver… – Tovuz. Orada vəziyyətə baxacaqdı. İşi üzünə gülsə, dönməyəcəkdi, işdi işlər tərs getsə, Sibir dururdu, o, dururdu. Yenə dönə bilərdi.
Təyyarə ilə Moskvaya uçmuşdu, təkərli kiçik əl çamadanını təyyarə meyda­nında saxlama kamerasına verib şəhərə getmək istədi. Hələ Bakıya uçmasına bütöv bir gün qalırdı. Amma nə olar, nə olmaz düşüncəsiylə çamadanını da yanına alıb əvvəlcə avtobusla, sonra da metro ilə şəhər mərkəzinə gedəcək, oradan da şəhəri gəzməyə çıxacaqdı… Moskva da heç əvvəlki Moskvaya bənzəmirdi. Qanadları sınmış quş kimi idi, elə ilk baxışdan yaralarını sağaltmağa çalışdığı görünürdü. Zarafat deyil, candan can ayrılmış, Rusiyadan neçə-neçə dövlətlər qopmuşdu. Moskva artıq böyük bir imperiyanın deyil, sadəcə Rusiya Federativ Respublikasının paytaxtı idi. Həm də kapitalizmin sosializmlə amansız mübarizəsi indi-indi başlamışdı. Metro meydanlarında bu daha aydın hiss olunurdu. Satış köşklərinin sayı birə-on artmışdı, ətrafda insanlar qarışqa kimi qaynaşırdı… Çeşidli yönlərə gedən yolların kəsişdiyi Novoslobodskaya stansiyasına enmişdi. Bayat Moskvanın bu yeraltı dünyasını yaxşı tanıyırdı, çaşıb-eləyəsi də deyildi. Metronun içinə enəcək, oradan pilləkənlərlə qalxıb Domodedovaya gedən qatarların xəttinə keçəcəkdi… Polisin Qafqazdan olanlara şübhə ilə baxdığını bilirdi. Amma Allahdan, bütün günü qarşısını bircə polis belə kəsməmişdi. Seryoja deyirdi ki, narahat olmağa dəyməz, sən də qrek profili, intelligent üzü var, kimsə sənin Qafqazdan olduğunu bilməz. Sergeyin təxmini doğru çıxmışdı. İnsan axını arxasınca qarşı stansiyaya keçmək üçün pilləkənlərə doğru üz tutdu… İnsanlar bir-birini itələyə-itələyə pilləkənləri qalxırdılar. Pul kisəsini şalvarının arxa cibinə qoyub düymələmişdi. Sanki canı arxa şalvar cibindəydi, ürəyi orada döyünür, nəbzi orada vururdu. Hərdən-hərdən ilan vurmuş kimi diksinib qeyri-ixtiyarı əlini arxasına aparır, qorxduğunun yerində olduğunu hiss edib arxayınlaşırdı. Amma yenə də arxadan kiçik bir təmas hiss edəndə eyni hal təkrarlanırdı… Olub-qopanı, varı-yoxu, Ziynət arvad demiş, canı cibindəydi… Bu zaman heç gözləmədiyi bir hadisə baş verdi; qarşıdan gedən adamlardan tam önünə bir “paçka” dollar düşdü. Amma qəribəsi bu idi ki, düşən pul düşüb mərmər pilləkənlərdə qalmır, hərəkət edib sürünürdü. Bu hadisə elə ani baş vermişdi ki, Bayat olub-bitənlərin nədən ibarət olduğunu düşünməyə macal belə tapmamışdı. Bu elə bir an idi ki, Bayat – mənə nə var, deyib keçə bilməzdi, bu onun adəti deyildi. Ona görə də tam qarşısında gedən adama, – pulunuz düşdü, götürün, – demədi, eləcə çiyninə vurdu. Adam sanki bunu gözləyirmiş kimi tez geriyə qanrılıb əlini dodağına gətirməklə, yəni “suss” işarəsi verməklə pulu yerdən götürməyi bir oldu:
– Səs eləmə, – dedi.
Və sanki min ilin tanıdığı adam kimi Bayatın qoluna girib geriyə nərdi­van­la­rın aşağısındakı skamyalar tərəfə dartdı. Bayat çəkinib qolunu tanımadığı ada­mın əlindən qoparmaq istəsə də, bir şey alınmadı. Bir əlində çamadan vardı, o biri qolundan isə tanımadığı adam yapışmışdı. Əlacsız qalıb adamla birlikdə aşağı endi. Əndişə etməyə gərək görmədi, hələ təyyarənin uçmağına çox vardı və bu adam bu boyda adamın içində ona nə edə bilərdi ki, həm də metronun hər tərəfində polislər dolaşırdı, bərkə qalsa onları çağıra bilərdi.
– Səs eləmə, – deyirdi tanımadığı adam.
Bayat bu darmacalda qarşısındakı adamı kiməsə oxşatmışdı? Adamın rucsa o qədər də yaxşı danışmaması şübhəsini bir az artırsa da, yenə işin sonunu öyrənmək marağı ona güc gəldi.
– Sən gördün, mən götürdüm, şərikik, bölüşərik, səs eləmə.
Kəndlərində qaraçıların xoruz və toyuqları tutmaq üçün qarğıdalı dəninə sap bağlayıb yerə atdıqlarını və toyuqları dimdiyindən tora saldıqlarını, hətta bu barədə qoşduğu iki misranı xatırladı:

Sən demə ip varmış buğda dənində,
Toyuq dimdiyindən çidara düşdü…

Xatırladı xatırlamağına, amma içinə dolan şübhədən niyə nəticə çıxarmadı, bu, bəlli deyil. İnsan niyə belədir görəsən. İçi insanı heç zaman aldatmır. O, qarmaqarışıqlığın içində səni gözləyən təhlükədən xəbər gətirir, sən isə… Görünür, insanın içi göylərdən, Allahdan, çölü – bədəni isə yerdən, torpaqdan olduğundan içinə dolan hissi, gələn təhlükəni zamanında dəyərləndirə bilmir, içi çölünə əngəl olur. Bütün bu fikirlər bir yana, hətta gecə ceviz ağacının başında gördüyü yanları didilmiş dollarlar da gəldi gözlərinin önünə. Bəlkə bu yuxu xatırlanması onu bir az silkələdiyindən Bayat anında cavab verdi:
– Yox, mənə başqasının pulu lazım deyil, sahibi kimdirsə, ona verək, ya da polis çağırıb məsələni ona deyək.
– Dəli olmusan nədir, kim qarşısına çıxan bu fürsəti əldən verər? Cibə girməmişik, oğurluq etməmişik, göydən qarşımıza çıxan puldur, nə bilək sahibi kimdir, polisə versək, sən elə bilirsən polis bizə inanacaq, deyəcək ki, kiminsə cibindən çıxartmısınız, sən Moskva polisini tanımırsan, neçə gün get-gələ salacaqlar, əynindən, başından buralar adamına oxşamırsan, qarşımıza çıxan qismətdir, gedək bir yerdə bölüşək, sonra sən sağ, mən salamat.
Bayat yenə inad etmək istəyirdi ki, bir az öncə endikləri pilləkənlərlə birisi başı alovlu onlara tərəf qaçdı:
– Mən, mən pulumu salıb itirmişəm, bir az əvvəl cibimdəydi, bəlkə, bəlkə təsadüfən görmüş olasınız, əyər görmüşsünüzsə, Allah rizasına mənə yardımçı olun.
Adam onların üstünü elə anında aldı ki, Bayat götür-qoy etməyə macal tapmadı. Pul itirən adam yüzlərlə adamın içində niyə itmiş pulunu gəlib onlardan soruşurdu? Ağzını açmışdı ki, desin:
– Ver bu adamın pulunu çıxıb getsin, mən pay-filan istəmirəm. O biri buna imkan vermədi:
– Nə pul, nə filan, get, işinlə uğraş, bu boyda izdihamın arasında pulmu qalar, bizə mane olma, vacib işimiz var.
Yalana şərik olduğuna görə Bayat içində hələ özünü söydü də. Yalanın sahi­bi sənsən, həqiqətin sahibi Allah, indi özün bilərsən, istər yalan danış, istər ger­çə­yi söylə… Dilin xəyanəti bədənin xəyanətindən daha betərdi. Dil xəyanəti bilə­rəkdən şüurlu bir şəkildə edir… Bədən isə heyvani hissin əsiri olduğundan xə­yanətə girişir. Sözlə əxlaqsızlıq bədəninlə əxlaqsızlıqdan daha dəhşətlidir… Çün­ki söz şüurlu düşüncənin, bədən isə heyvani hisslərin ixtiyarındadır və onlar­dan qaynaqlanır. Yalan da siqaret tərgitmək kimi bir şeydir, gündə bir yalan yaz, bir də görəcəksən ki, yalanın axırına çıxmısan… Ömrü boyu risk etməmiş və hə­ya­tın sakit axarında qocalığa gəlib çatmış, qocalığın imkan və rahatlığından ya­rar­lananlar bəlkə də xatırlanası və anıb da qürur duyacaqları yaddaş köşələrində bir şey tapa bilmirlər. Bax, faciə burdadır. İndi Bayat da bunları düşünə-düşünə tərəddüd içində qalmışdı. Sussun, yalana şərik çıxsın, ya risk eləsin?
Fikrindən keçən bu düşüncə axını onu cəsarətləndirmişdi ki, bu ara Bayata elə gəldi ki, yanındakı adam pulunu itirdiyini söyləyən adama göz vurdu. O da eyni şeyi təkrarladı. Pul itirən adam da bunun fərqindəymişcəsinə gözünə çöp düşmüş adam kimi bir neçə dəfə gözünü yumub-açdı, sanki Bayata demək istəyirdi ki, göz-filan vurmadım bu, mənim adətimdir. Pul itirən adam ümidsizcə yenidən gəldiyi səmtə doğru qaçıb izdihamın içində gözdən itdi… Pul tapan adam Bayatın qolundan tutub:
– Gedək, – dedi, – burda olmaz, dalda bir yerdə pulumuzu bölüşək… Bayat bu dəfə:
– Burax qolumu, – dedi, – yoxsa polis çağıracağam, nə pul, nə filan, indi ki, sahibinə vermədin, nə var sənin olsun, yaxamdan əl çək.
Adam qırsaqqız olub yapışmışdı Bayatın qolundan:
– Elə şey olarmı, – dedi. – Polis çağıracaqsan, mən də sənin üzünə duracağam ki, pulu mən yox, sən çıxartdın. Şahidin var həqiqətin kimin tərəfində olduğunu sübut etməyə? Polis pulu da bizdən alacaq, ən azı yeddi sutka da türməyə salacaqlar. Sən gəl mən deyənə bax, boşuna polis – filan çağırma, gedək münasib bir yerdə qismətimizə çıxan pulu bərabər bölüşək.
Bu zaman Bayatın içində tərəddüdlər başlamışdı… Gözümlə gördüm, o boyda paçkada ən azı əlli-altmış min dollar olar, cibimdəki üç min nəmənə şeydir, onunla ev tikdirmək, evlənməkmi olar? Bölüşsək, payıma dinməzcə 20 min dollar düşəcək, götürərəm, kasıblığın da daşını ataram… Bu fikirdə idi ki “pulunu itirdiyini” söyləyən adam yenə başlarının üstünü aldı:
– Axtarmadığım yer qalmadı, mənim pulum sizdə olacaq, Allah rizasına verin mənim pulumu, – deyə fəryad etməyə başladı.Bu zaman adətinin xilafına Bayat:
– Bizdən nə istəyirsən, nə pul, pul-filan görmədik, dəf ol get,-dedi. Adam bu də­fə də kor-peşman metro qarqaşasında gözdən itdi. – Molodes, – dedi qarşısın­da­kı adam, – bax, indi gəldin Allah yoluna, gedək. Metrodan çıxmışdılar… Adam ön­də, Bayat arxada suyu süzülə-süzülə gedirdi. Çamadanı saxlama kamerasına vermədiyinə görə indi elə peşmanlıq çəkirdi ki. Bu zəhirmar əlimdə olmasaydı, heç olmasa, qaçıb canımı qurtarardım. Canavarın gözlərinin cəzbinə onu qara­ba­qara izləyən qoyun kimi adamın arxasınca düşmüşdü. Adam onu haraya aparırdı? Tamahla insaf bir-biri ilə ölüm-dirim mübarizəsinə çıxmışdılar. İnsaf deyirdi:
– Axmaq adam, haram puldan fayda yoxdu, günahın yarısından da qayıtmaq savabdandır, qayıt bu yoldan, itirdiyin qızıl medal nə tez yadından çıxdı?
Tamah isə:
– Oğlum, – deyirdi, – birdən-birə varlı olacaqsan, ev də tikdirəcəksən, evlə­nə­cəksən də, daha nə istəyirsən? Allah yox yerdən bir qapı açıb başına göydən bə­rəkət yağdırıb, tanrına təpik atıb şadlığına şitlik etmə… Adamın əlinə fürsət bir dəfə düşür, bunu unutma. Bəlkə elə gecə yuxuna girən dollarlar da bunun işarətiymişə
Metrodan xeyli aralanmışdılar, qarşıdakı binanın arxasına keçdilər, bura gediş-gəlişsiz dalda bir yerdi. Bunu görən Bayatı sanki ildırım vurdu. Ruhu bir andaca sanki iki addımlıqdakı böyük təhlükəni anlamışdı, içində çırpınır, haray qoparırdı. Geriyə qayıtmaq, qaçmaq istədi. Bir yandan da içindəki vahimədən qarşısındakının xəbəri olmasın deyə özünü tox tutmağa çalışdı… Adam əvvəlcə cibindən öz pul kisəsini çıxardı, sonra qoltuğunda gizlətdiyi dollar “paçkasını”:
– Bu məndə olanlar, – dedi, – indi də sən pul kisəni çıxart görək,- dedi.
– Mənim pul kisəmlə nə işin var?
– Nəyimiz var, qardaş malı kimi bir yerə qatıb ikiyə böləcəyik, yarısı sənin, yarısı mənim.
Bayatın nitqi tutulmuşdu. Özündən asılı olmayaraq ürəyi istəməsə də əlləri avtomatik bir şəkildə pul kisəsini çıxartdı. Adam bir göz qırpımında kisəni dartıb Bayatın əlindən aldı. Öz dədə malı imiş kimi kisədəki üç min dolları aldı, sonra bir qədər rus rubli vardı, onları da götürdü, yerdə qəpik-quruş qaldı. Və kisəni Bayata qaytardı…
Bu zaman qarşı döngədən yenə pulunu itirdiyini söyləyən adam başı alovlu qaça-qaça gəldi:
– Mən bilirəm, mənim pulum sizdədir, verin mənim pulumu, verməsəniz polis çağıracağam,- dedi, – bax, görərsiniz… – Bu sözləri söyləməyi ilə geriyə qaçmağı bir oldu. Adam da onun arxasınca üz qoydu. Bayat:
– Haraya? Qaytar mənim pulumu, bəs biz pul bölüşdürəcəkdik, – dedi. Adam sanki Bayatın bu harayını gözləyirmiş kimi:
– Polis gəldi, polis, polis, – deyə-deyə qaçmağa başladı. Bayat nə edəcəyini bilmirdi. Qaçsınmı? Qaçsa da əlindəki çamadanla adamı tuta bilməyəcəkdi. əvvəlcə çamadanı atmaq istədi. Amma çamadanını ata bilməzdi, bütün sənədləri də çamadanda idi, onsuz da itirdiyini itirmişdi, sənədlərinidəmi itirəydi? Əgər adamın dediyi kimi doğrudan da polis gəlirdisə nə cavab verəcəkdi? Bəlkə pulunu itirdiyini söyləyən adam doğru deyirdi, polisə xəbər vermişdi. Bayatın ağlı başında olsaydı heç belə düşünməzdi. Pul itirən adamı metronun qarqaşası içində qoyub gəlmişdilər. Adam onların gedəcəyi yeri hardan bilirdi ki, polis də çağıraydı. Bunun bir qurğu olduğunu Bayat anlamaq durumunda deyildi. İki illik zəhmətini iki dəqiqədə yelə vermişdi, indi isə can hayında qalmışdı. Əgər doğrudan da bu çevrədə polis vardısa və onu yaxalardısa, o zaman varı cəhənnəm, canı da gedəcəkdi. Ona görə də varının – o adamın arxasınca deyil, canını götürüb əks istiqamətə doğru qaçmağa başladı… Nə qədər qaçdığını bəlkə özü də bilmirdi. Amma aranın sakit olduğunu gördüyündən polisin gəlmədiyini yəqin etdi. Və içi boşalmış pul kisəsini cibindən çıxarıb baxdı, qalan qəpik-quruş onu təyyarə meydanına qədər apara biləcəkdimi? Metronun qiymətini bilirdi, avtobusun qiymətini soruşdu, yaxşı ki, təyyarə meydanına qədər gedə biləcəkdi… Təyyarəyə bileti vardı, Bakıya uçacaqdı. Bakıdan sonrasına Allah kərimdi, kəndə əli ətəyindən uzun dönəcəkdi…
İnsan saxta pul kəsir, pul saxta adam axtarır. Pul, demək olar ki, nadir hallarda saxtakarın deyil, səxavət sahibinin əlinə keçir… Yol boyu başına gələnləri xatırlayacaqdı… Bu xatirələr içində iki şey ağlından çıxmırdı. İtirdiyi qızıl medal və bir də uşaqlıqda Çinarda gördüyü qəzəbi bülöv daşında qığılcıma dönən erməni dığası… O erməni dığası ilə indicə metroda qarşısına çıxan adam arasında elə qəribə bənzərlik vardı ki!!!

… Qaraçılar qarğıdalıya sap keçirib arxaları ilə sürüyüb kənd toyuqlarını dimdiyindən tora saldığı kimi kvadrat kəsilmiş kağız topasının altına, üstünə saxta yüz dollarlıq yapışdırıb onu tora salan da bəlkə elə Çınarda qarşılaşdığı erməni dığası idi. Fikirləşdikcə, tüstüsü təpəsindən çıxırdı. Min bir ümidlə dişiylə, dırnağı ilə qazandığı pul cəhənnəm, erməninin gülləsi qarşısında duruş gətirən, onları ta çıxdıqları yerə- vəngə qədər qovan Bayat burda erməni hiyləsinin toruna düşdüyünə, qabağından qaçdığına yanırdı. Çinardakı erməni dığası ilə onu metroda qandıran adamın sifətini müqayisə etdikcə ikinci birincinin böyüdücü aynada görünən sifəti kimi gəlirdi. Elə isə niyə indi, iş-işdən keçəndən sonra xatırlamalıydı bütün bunları? Yenə ağlına gələn bir fikir əlfini çaşdırmağa başladı. Erməni demirmi “müslümanın sonrakı ağlı məndə ola”… Müsəlmanın sonrakı ağlı! Həyatdan nə istədiyini bildinmi və sənin istəyinlə Allahın səninçün istədiyi eynidirmi? Bəlkə sən istəyən heç Allah səninçün istədiyi ilə üst-üstə düşmür.

İçində atlı burulğanlar oynaşırdı; bulaq niyə çaya, çay niyə dənizə can atır, görəsən? Bulaq çayda, çay dənizdə adını itirəcəyini, yox olacağını bilə-bilə yoxda var olmağa bu canatım inadı hardan gəlir axı? Onun başına gələnlər də buna bənzəmirdimi? Başına gələnlər, gələcəklər hardan gəlir? Kimdi onları bizə tərəf itələyən? Yoxsa, bütün bunların hamısı biz dünyaya gəlmədən içimizə qoyulmuşdur, hər toxum içindəki xassəni aça-aça özünü böyütdüyü kimi, biz də ba­şımıza gələnləri içimizdən dünyaya-başımıza gətiririk bəlkə? Sonradan heç nəyi dəyişdirə bilmirik, içimizə bizdən xəbərsiz nə qoyulubsa, oyuq. “Əslində olan dırnağında bildirər” atalar misalı boşuna yaranmayıb ki? Birdən-birə Məm­mədəli kişinin bir hədisi fikrinin xatirə deposunda canlanmağa başladı. Birdən-birəmi? Yox, içimizə damanlar da bizdən asılı deyil. Məmmədəli kişinin adəti idi, kənddə birinin başına dolaşıq bir iş gəldimi, özünü o adamın yanına yetirər, gəlmişdən, getmişdən söhbət açar, sözü döndürüb, dolandırıb qarşısındakı adamın başına gələnlərə bağlayardı. Qarşısındakı adam əvvəlcə Məmmədəli kişinin ona mənasız və boş görünən söhbətlərindən bezsə də, sonunda kişinin danışdıqlarından dərdinin azaldığını hiss edər, üstündən dağ götürülərdi… Məmmədəli kişinin hədisləri bitməzdi ki! Bu savadsız adam bu qədər hədisi çinadanına harda, nə zaman yığmışdı, bir Allah bilir… Çay kənarında paltar yuyanlara iş avandlığı üçün “Günün yağlı olsun” deyərlər. Uşaqlığında Bayat bu deyimi eşidəndə içində şübhələr də baş qaldırmışdı. Gün, qoyundumu yağlı ola? Amma deyilən bu alxışlardan, dualardan insanların doğrudan da günün yağlı olduğunu, işinin avand getdiyini Bayat sonralar biləcəkdi. Bəlkə elə Məmmədəli kişinin də içinə bu hisslər bu alxışların, duaların səbəbi kimi elə uşaqlıqdan qo­yul­muşdu. Böyüyəndən bəri əlini kisəsinə aparıb pul çıxarar kimi, yeri gəldi­yində içinə yerləşdirilmiş hədisləri bir-bir sözünə sökək edirdi. Belə idisə bu, haqdan gəlmə bir şeydi, oxumaqla-filanla da bir əlaqəsi yoxdur. Bu hədisi Məmmədəli kişidən Bayat harda, nə zaman eşitmişdi, indi xatırlaya bilməzdi. Əsas olan o idi ki, neçə illər yaddaşının harasındasa ilişib qalan bu hədis indi bu darmacalda yadına düşmüşdü. Düşməsi də, görünür, elə-belə deyildi. Məmmədəli kişi çoxdan dünyasını dəyişsə də, söylədiyi hədis biletsiz-filansız onunla birlikdə Moskvada idi…
Bir padşahın ağıllı bir vəziri vardı. Padşah nəyi olsa onunla məsləhətləşirdi. Amma bir dəfə sözləri çəp gəlmişdi. Sözləri çəp gəldi deyəndə ki, vəzir, padşahını tanımırdımı, bir sözünü iki eləyəydi? Olan etirazı da padşahını yersiz, səbəbsiz bəlalardan qorumaq idi. Padşah deyirdi ki, vəzir, soy-sop, əsil-nəcabət bir yana, əsas olan o dünyadan gətirdiyin deyil, bu dünyada öyrəndiyin, qazandığındır. Vəzir isə başqa cür düşünürdü:
– Padşah sağ olsun, doğru buyurursunuz, amma…
Padşah:
– Nə amma? Amması-filanı yoxdu.
Padşahın Nuh deyib, peyğəmbər deməməyinin də səbəbi yox deyildi. O ax­şam şah sarayının gözləri qamaşdıran çil-çiraqlı sarayında şənlik vardı. Rəqqas­lar, şərqiçilər, məddahlar, oyunbazlar əyanlar qarşısında məharətlərini göstərir­dilər. Bu zaman səhnəyə, bellərinə bağlanmış xonçalar üzərində şamlar yanan pişiklər çıxdı… Pişiklərin bu gözlənilməz, alışılmamış yanar rəqsi salonda alqışlarla qarşılanırdı. Keyfi yerində olan padşah çevrilib məğrur, dediyinin doğru çıxdığından əmin bir ədayla vəzirə baxdı:
– Gördün? Hər şeyə əmma qoymaq sənin əski adətindir. Bax, gözünə işıq gəlsin.
Vəzir:
– Padşah sağ olsun!
Padşah əlinin işarəsiylə vəzirin sözünü ağzında qoydu, yəni kor ha deyilsən görməyəsən. Allahın heyvanına belə vərdişlər öyrədilirsə, o zaman insan hay-hayla öyrənər.
Padşahın əl hərəkətində, ədasında deyilməyən bu sözlərin zindan ağırlığı vardı. Amma vəzir də ağıllı adamdı. Anında cavab qaytarıb, hamının qarşısında padşah tərəfindən alçaldılmasını istəmədi, tədbirli tərpəndi…
… Çil-çiraqlı salonda yenə şənlik vardı. Saray əhli nəşə içində idi… Vəzirə də vəzir deməzdin fürsəti əldən versəydı. Əvvəlcədən ölçüb-biçmiş, tədbirini tök­müşdü… Məddahlar bəy tərifini bitirmiş, rəqqaslar rəngli rəqsləri ilə salon­dakı­ları sehrləmiş, müğənnilər bir-biri ilə yarışmış, sıra oyunbazlara çatmışdı… Bir azdan pişiklərin yanar rəqsi başlayacaqdı… Vəzirə də elə bu lazım idi… Elə ki pişiklər səhnəyə çıxarıldı, torbada gizlətdiyi siçanları xəlvətcə salona buraxdı. Siçan­ların qoxusunu duyan pişiklərin bircə qöz qırpımında pərənləri pozuldu, öy­rəndikləri rəqslər büsbütün unuduldu, anadangəlmə fəhm işə düşdü və bu dəfə yanar rəqs yerinə siçan-pişik qaçdı-qovdusu başladı… Padşah da ağıllı padşah idi. Ağıllı olmasaydı, heç yanında belə ağıllı vəzir saxlardımı? Vəzirin bu hərəkətinə qızmadı. Əksinə, ona ənam verilməsini tapşırdı. Yenilməyi bacarmaq da bir məziyyətdi…
– Allah sənə rəhmət etsin, Məmmədəli kişi, yoxsa, hardasa, haçansa başıma gələnləri hansı ayın hansı günündəsə “A qızım, sənə deyirəm, a gəlnim, sən eşit” misalı, bu hədisi başqa birisinə mənə eşitdirmək üçün danışmışdın?
Bayat Bakıya uçan təyyarədə çıxılmazlıq içində bunları- sonrakı peşmanlığın faydasız olduğunu düşünür, özünə bir təsəlli yeri arayırdı. Sonunda yenə Məmmədəli kişidən eşitdiyi başqa bir əfsanə düşdü yadına… Və bu hədis və əfsanələri xatırladıqca heyrətlər içində qaldı. Allah bilir, bu hədis və əfsanələr onun yaddaşında neçə ildi ki, yol gəlir, xatırlanmırdı. – Bu darmacalda onları mənim yadıma salmaqda məqsədin nədir, a şükür kərəminə, – deyə ürəyində Allahı ilə dərdləşirdi…
… Dənizin ortasında duyğular adası vardı. Bütün duyğular bu adada yaşayırdı. Qabaran dalğaların duyğular adasını dənizə göməcəyi an bütün duyğular qayıqlarına minib dənizdən sahilə çıxmağa çalışır, yalnız Sevgi duyğusu adadan ayrılmaq istəmir. Amma artıq adanın batmaqda olduğunu görən Sevgi də adadan ayrılmağa qərar verir. Ən yaxında Var duyğusunun qayığı idi. Sevgi Var duyğusundan onu da qayığına almasını xahiş edir. Var duyğusu:
– Qayığım qızıl, gümüş, yaqutla doludur; yer yoxdur, səni haraya alım? -deyir.
Bu dəfə Sevgi üzünü Xoşbəxtlik duyğusuna tutur:
– Nə olar, məni də qayığına al.
Başı sevincdən, bəxtiyarlıqdan məst olan Xoşbəxtlik duyğusu da Sevgini qayığına götürmək istəmir:
– Başım onsuz da öz bəxtəvərliyimə qarışıb, sənə bizim aramızda yer yoxdur.
Əlacı kəsilən Sevgi bu dəfə də Dərd duyğusuna üz tutur. Dərd duyğusu:
– Dərdim o qədər çoxdur ki, bir qayığa onları zorla yerləşdirmişəm, səni haraya götürüm?
Bu vaxt dənizdən Sevgiyə kömək əli uzanır; Zaman duyğusuydu.
– Qayığım sənə peşkəşdir, gəl yanıma,-deyir.
Sevgi özünü Zamanın ixtiyarına buraxır.
Bayat da özünü zamanın ixtiyarına buraxacaqdı. Zaman onun günahlarını yuya, yaralarını sağalda biləcəkdimi? Bəlkə, əziz oxucum, sən deyəsən, hə?!

* * *

Əvvəllər yer üzündə heç nə yox idi, elə vaxt da boş-boşuna gəlib keçirdi. Dünyanın nə ağacı-daşı vardı ki, ilişib yaşıl yarpağını saraltsın, qayasını üyüdüb quma döndərsin, nə insanı vardı, cavan ömrünü qoca etsin… Sonra dünya dünya oldu, ağacı-daşı və bu ağaca-daşa “mənimdi” deyən insanı yarandı, beləcə Zamanın iş görmə zamanı gəldi…

Mart-avqust, 2008
Çanaqqala-Bakı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı HİKAYE - ÖYKÜ içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.