Tural Balabəyli – O, bir ceviz ağacıydı…

nazım hikmet ran42

Canından çox sevdiyi Türkiyədən uzaqlarda yaşadı. Kommunust ideologiyasının tərənnümçüsü olmaq, imperializmə qarşı şeirləri ilə mübarizə aparmaq amalı oldu. Vətənsiz yaşadı, amma Vətənini, türklüyünü heç vədə unutmadı. Rusiyanın uzun qış gecələrində özünü daima təqiblərə məruz qaldığı, həbsxanalara atıldığı, lakin BÖYÜK TÜRK xalqı tərəfindən heç kəsə nəsib olmayan, ancaq ona ünvanlanan DƏLİ BİR SEVGİNİN istisində özünü GÜLHANƏ PARKINDA BİR CEVİZ AĞACI misalında gördü: “MƏN BİR CEVİZ AĞACIYAM GÜLHANƏ PARKINDA, NƏ SƏN ONUN FARKINDASAN, NƏ POLİS SORAĞINDA”.
O, TÜRKÜN BÖYÜK ŞAİRİ – Nazim Hikmətdir. 1902-ci ilin qarlı yanvar ayının 20-də isti Türkiyənin Saloniki adlanan balaca bir yerində dünyaya göz açdı. 1963-cü ildə isə soyuq Rusiyanın böyük Moskva şəhərində, isti yay günlərinin birində – iyun ayının 3-də dünyasını dəyişdi. Zadəgan ailəsində dünyaya göz açmış şair, doğma Türkiyədə siyasi baxışlarına görə basqılara, təzyiqlərə, həbsə atılsa da, Vətəndən qürbətdə isə qayğının, diqqətin, yaradıcılığına olan isti münasibətin nəticəsində də dünyadan bir zadəgan kimi köçdü. Ədəbi əsərlərinin fövqündə ucaldı, şöhrətə çatdı, lakin bir Vətən həsrətinin yanıb–yaxdığı nisgil dolu həyat yaşadı.
Şairliyə erkən başlamışdı
Elə siyasi fəaliyyəti də erkən başladığı şairliyinin diqtəsi ilə mümkünləşmişdi. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, burada az da olsa, təhsil ala bilmişdir. Lakin Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oxuduğu Hərbi Dənizçilik Məktəbindən xaric edilmişdir. “Sərvliklərdə” adlı ilk şerini isə hələ Hərbi Məktəbin tələbəsi olarkən 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc etdirmişdir. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur. Bu illərdə gənc şairin yazdığı inqilabi şeirlər müəllifinə hədsiz şöhrət qazandırmaqda idi.
Nazim Hikmət 1924-cü ildə təhsilini başa vurduqdan sonra, Türkiyəyə qayıtmış, inqilabi “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan şair 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilir. Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlir. Paytaxt Moskvada türkiyəli kommunistə yaşayıb-yaratmağa şərait yaradılır. O, vətənin iyini yalnız Bakıdan və bakılılardan alır. Dəfələrlə Azərbaycanda olur. 1928-ci ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabı dərc olunur. Qürbətin havasını canına sindirə bilməyən şair, 1938-ci ildə yenidən Türkiyəyə qayıdır. Vətənə dönüşündən sonra yenidən həbsə alınan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.
Yaradıcılığının çiçəklənən dövrü mübarizələrdə keçdi
1929-cu ildə “835 sətir”, 1930-cu ildə “Baron-3″, 1930-cu ildə “1+1=1″, 1931-ci ildə “Səsini itirmiş şəhər” kitablarındakı şeirlərində xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı “Cokonda və Şi-Ya-u” poeması, 1932-ci ildə yazdığı “Benerci özünü niyə öldürdü” mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəldilmişdir. Onun “Kəllə”, 1932-ci ildə “Bir ölü evi, yaxud mərhumun naləsi”, “Bayramın ilk günü”, 1935-ci ildə “Şöhrət və ya unudulan adam” pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə Türk kommunistlərini yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şeir toplusuna görə 5 il həbs cəzasına məhkum olundu. 1 ildən sonra amnistiya əsasında azad edilsə də, sonralar şair, demək olar ki, hər yeni kitabının nəşrindən sonra həbsə məhkum olunurdu.
Həbsxana, sanki yaradıcılıq ezamiyyətinə getdiyi yer idi
1935-ci ildə yazdığı “Taranta Babuya məktublar” poemasında, 1936-cı ildə qələmə aldığı “Alman faşizmi və irqçiləri” publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – “Şeyx Bədrəddinin dastanı” çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilmiş Nazim Hikmət məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. Həbsaxana, sanki şairin yaradıcılıq ezamiyyətinə göndərildiyi yer idi. Onlarla məşhur əsərləri məhz həbsdə olarkən qələmə alınmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.
SSRİ yenidən şairə vətən oldu
1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə “Türkiyədə”, 1955-ci ildə “Qərib adam”, 1956-cı ildə “İvan İvanoviç vardımı, yoxdumu”, 1960-cı ildə “Domokl qılıncı” və s. pyeslərini, şeir və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kino filmlər (“Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim”) çəkilmişdir. Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı, dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şeir vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir Türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur. 1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə büronun Rəyasət Heyətinin üzvü olmuşdur.
Azərbaycan olmasa, SSRİ–də də yaşamaq mümkünsüz olardı
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycanda olmaq Türkiyəyə yaxın olmaq demək idi ona. Baxmayaraq ki, o dövrün qadağaları buna imkan vermirdi. Lakin qəlblərdə olan sevgini həbs etmək, duyğuları əsir götürmək mümkünsüz bir işdir. Nazim Hikmətin Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır. Nazim Hikmət bütün Türk dünyasının, bəşəriyyətin şairi idi…

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.