VƏFA MÜRSƏLQIZI – BİZİ BİZ EDƏN KƏSLƏR.

VƏFA  MÜRSƏLQIZI

Müəllimlər üçün gecikmiş təbrikim.
Dünən başıma bir maraqlı hadisə gəldi.
Səhər–səhər kefi kök evdən cıxıb işə gedirdim. Bir mərtəbə yuxarıda yaşayan qonşum məni çağırdı:
– Sabahın xeyir, necəsən?
– Sağ ol, yaxşıyam, sən necəsən?
– Axşam sizdən danışırdılar eyyy…
– Bizdən? Yəni kimdən?
– Ay qız, müəllimlərdən də. Deyir, kim “padarka” istəsə valideynlər qaynar xəttə zəng vura bilər…
Qonşum bunu elə tərzdə dedi ki, elə bil əlimdə oğurluq tutmuşdu. Özümü ələ alıb ondan soruşdum:
– Qızına altı il dərs demişəm, mənə bu altı ildə nə vermisən?
Sualım təbii ki, cavabsız qaldı. Qonşum da pərt oldu. Amma mən yaman təəssüf etdim. Etiraf etmək lazımdır ki, bu gün müəllimlərin cəmiyyətdəki əvvəlki nüfuzu və mövqeyi qalmayıb. Bəs günahkar kimdir? Dünən hərçənd ki, biz müəllimlərin şərəfinə təriflər deyildi, sosial şəbəkədəki profillərimizə çiçəklər göndərildi. Amma, atam, olmadı ki, olmadı… Bir zamanlar müəllimin adı gələndə hörmətlə ayağa qalxan bizim nəsilin yerində, bu ada istehza ilə gülümsünən yeni nəsil böyüyür. Bu gün müqəddəs heç nəyi qalmayan, heç nəyi ilahiləşdirəcək bir ürəyi olmayan xələflərimizdən nə gözləyirik? Bu müqəddəsliyin gözlərimiz önündə can verməsinin nəticəsidir ki, bu gün cəmiyyətimizdə valideynlərini atan övladlar, övladını atan valideynlər artıb. Biz müəllimi sevə-sevə, ananı, atanı, vətəni və nəhayət İNSANI sevməyi öyrənmişik. İndi isə bir zamanlar adını göylərə qaldırıb uca tutduğumuzu yerə vurub çirkaba bulayır, rüşvətxor, məsuliyyətsiz, acgöz hesab edirik. Bu gün niyə rüşvət dedikdə müəllim yada düşür? İctimaiyyətə bir az yaxın olan, insanların bilavasitə həyatı ilə bağlı olan dövlət idarələrindən biri olan xəstəxanalarda xidmət pulsuzdurmu? Amma hamımız yaxşı bilirki ki, həkimin cibləri xəstə əlinə tamarzıdı. Hər kəsin şəfa ocaqlarında “sağlamlıq kağızı” üçün verdiyi məbləği yaxşı bilir. Natariat kontorlarında halal atası, anası bəlli balamız üçün şəxsiyyəti təsdiq edən sənədin surətini pulla təsdiq etdiririk. Doğum evlərinə yolu düşəcəyini bilən ata-ana doqquz ay tədarük görür. Bu minlərlə misaldan bir necəsidir. Davamını nə mən deyim, xəcalət çəkim, nə də siz eşidib utanın. Amma elə ki, “Müəllim günü ” kimi qeyd olunan günə bir neçə gün qalır, başlayırlar bar-bar bağırmağa. “Birdən müəllimə bir dəstə gül verərsiniz haa…” , “Müəllimlərdən qaynar xəttə şikayət etməyə tam hüququnuz var”, ” Birdən problemləri başından aşan müəllim əsəbindən şagirdə bir çırtma vurar, bir çırtmanın üstündə ən yaxşı halda işdən atdırın”… Az qalırlar desinlər ki, müəllim cəmiyyətin ən böyük düşmənidir. Onunla mübarizə vasitələrini də başa salırlar uşaqlara. “Qaynar xətt”, “Şikayət”, “Tələb”… Ürəyi ağrıyır adamın… İş o yerə çatıb ki, valideynlər lazım oldu-olmadı müəllimi “Qaynar xətt”-lə hədələyir. Son zamanların valideynləri narahat edən “Qlobal” problemlər isə aşağıdakılardır:
– Uşağın neçənci partada oturması
– Uşağın kiminlə oturması
– Paylanmış kitabın səhifəsinin qonşunun uşağının kitabındakı səhifələr kimi şax olmaması…
Gülüncdür, vallah… Müəllimin də məsuliyyətsizi ola bilər. Hər peşədə olduğu kimi burda da boşluqlar və qüsurlar var. Maaşının azlığı hər bir vətəndaş kimi müəllimə də rüşvət almağa əsas vermir. Amma bunu ümumiləşdirərək, hamıya şamil edərək, uşaqların gözündə aşağılamaq, mənfi bir insan obrazı yaratmaq ancaq və ancaq zərərimizədir . Bir gün gələcək ki, müqəddəs bir dəyəri qalmayan gənclik öz üsulumuzla bizdən qisas alacaq. Əvvəllər nadinc, çətin tərbiyə olunan uşağı müəllimin yanına gətirərdilər. Bəs indi kim çatacaq pənahımıza? Axı şəhər və kəndlərimizdə müəllimlərimiz var ki, soyuq qış günlərində buz kimi otaqlarda balaca balaları ürəyinin odu ilə qızdırır. Az maaşından ehtiyacı olan uşağa dəftər, kitab, karandaş alan, ayaqqabı alan, bu yaşına kimi kimsədən bir qəpik təmənna güdməyən müəllimlərimizin ürəyi qəlpə-qəlpə sınır axı. Əslində müəllim heç vaxt böyümür. Ruhən təmiz, uşaq kimi saf, küsəyən olur. Yetər ki, bizə bilik öyrədəni sındırmayaq. Yetər ki, ancaq pis yöndən fikirləşdik. Bizi biz eyləyən odur. O, yoxsa, yoxuq. Özümüzü yox etməyək!

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı HİKAYE - ÖYKÜ içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.