Mustafa Kamal Paşanın həyatı

ata116

Mustafa Kamal Atatürk: “Azərbaycan gülərsə, biz də gülərik, Azərbaycan üzülərsə biz də üzülərik”

Mustafa Kamal Atatürk Türk Dünyasının imkansızı reallaşdıran, böyük Türkiyəni əsarətin ağuşundan alan sərkərdələrimizdəndir. Görəsən, biz bu böyük şəxsiyyətlə bağlı yetərincə məlumatlıyıqmı? “Azərbaycan gülərsə, biz də gülərik, Azərbaycan üzülərsə biz də üzülərik” deyən dahi şəxsiyyətin həyat yolunu kim təfərrüatı ilə bilir. Bilməyənlərin bilməsi, bilənlərin biliklərini yenilərəməli üçün biz Mustafa Kamal Paşanın mübarizə dolu həyatını sizlərə təqdim edirik.

Kiçik Mustafadan Mustafa Kamala doğru

Mustafa Kamal Atatürk, 1881-ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulmuşdur. Atası Əli Rza Əfəndi, anası isə Zübeydə Xanım idi. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşgul olmuş Əli Rza Əfəndi, 1871-ildə Zübeydə xanımla evlənmişdir. Atatürkün beş bacı və qardaşlarından təkcə Makbule (Atadan) 1956-cı ilə qədər yaşamışdır.

Mustafa əvvəl Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində təhsilə başlamış, sonra atasının istəyi ilə Şəmsi Əfəndi məktəbinə keçmişdir. Bu müddətdə atasını itirmişdir (1888). Bir müddət Rapla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlamışdır. 1893-cü ildə hərbi məktəbə daxil olmuş, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına “Kamal”ı əlavə etmişdir. 1896-1899-cu illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlamışdır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il, 11 yanvarda kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət etmiş, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi almışdır. Sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il, 19 apreldə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi Manevralarında iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlamışdır.

Komendantlıqdan komandanlığa…

1911-12 Türk-İtalyan Müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla birlikdə Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 1911-ci il, 22 Dekabrda italiyanlara qarşı Tobruk döyüşündə qalib gəlmişdir. 1912-ci il, 6 Martda Dərnə komendantı təyin olunmuşdur.
1912-ci ilin Oktyabrında Balkan Müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak etmişdir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olmuşdur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunmuş, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlmişdir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatmışdır. Bu müddət ərzində I Dünya Müharibəsi başlamış, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalmışdı. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərildmişdir.
1914-cü ildə başlayan I Dünya Müharibəsində, Mustafa Kamal Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərmişdir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkrdə vəzifə almış, 1 Aprel 1916-cı ildə general-mayor rütbəsinə yüksəlmişdir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin etmişdir. 15 Avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilmiş, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafia təşkil etmişdir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra, 31 Oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilmiş, bu ordunun ləğv edilməsindən sonra isə 13 Noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlamışdır.

Sərkərdəlikdən cümhurbaşqanlığına…

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna getmişdir. 23 iyul-7 avqust 1919 tarixləri arasında Ərzurum, 4-11 Sentyabr 1919 tarixləri arasında da Sivas Kongresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən etmişdir. Dekabr 1919-cu ildə Ankarada həyəcanla qarşılanmış, 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılmışdır. Məclis və hökümət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib tətbiqinə başlamasını təmin etmişdir.
Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş mübarizəsinin əsas mərhələləri:
– Sarıqamış (20 Sentyabr 1920), Qars (30 Oktyabr 1920) və Gümrünün (7 Noyabr 1920) azad edilməsi.
– Çukurova, Qaziantep, Maraş və Urfa müdafiələri (1919-1921).
– I İnönü zəfəri (6-10 Yanvar 1921).
– II İnönü zəfəri (23 Mart-1 Aprel 1921).
– Kütahya-Eskişehir döyüşləri.
– Sakarya zəfəri (23 Avqust-13 Sentyabr 1921)
– Böyük Hücum, Başkumandanlıq döyüşü və Böyük Zəfər (26 Avqust – 9 Sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 Sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatdı. Beləliklə Sevr Müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 Noyabr 1922-ci xilafət və monarxiya birbirindən ayrılmış, monarxiya ləğv edilmişdir. Beləliklə Osmanlı İmparatorluğu ilə əlaqələr kəsilmişdir. 29 Oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilmiş, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilmişdir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk höküməti qurulmuşdur. Türkiyə Cümhuriyyəti, “Hakimiyyət qeydsiz-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideoloji əsasları üzərində qurulmuşdur.

Prezidentlikdən Atalığa

1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilmişdir.
15-20 Oktyabr 1927-ci ildə Qurtuluş mübarizəsindən və Cümhuriyyətin quruluşundan bəhs edən Böyük nitqi, 29 Oktyabr 1933-cü ildə də 10-cu İl Nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Latife Xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Soyadı Qanununa görə, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilmişdir.
Fransız və Alman dillərini bilirdi.
10 noyabr 1938-ci il saat 9.05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, movzoleyi tikildikdən sonra 10 noyabr 1953-ci ildə oraya köçürülmüşdür.

Böyük Atatürkün inqilab və İslahatları barədə nə bilirik?

Atatürk, Türkiyəni “Müasir mədəniyyət səviyyəsinə çıxartmaq” məqsədi ilə bir çox inqilab və islahatlar həyata keçirmişdir. Bunlar beş ana başlıq altında toplana bilər:

Siyasi sahədə
– Monarxiyanın ləğvi (1 noyabr 1922)
– Türkiyənin cümhuriyyət elan edilməsi (29 oktyabr 1923)
– Xilafətin ləğvi (3 Mart 1924)
İctimai sahədə
– Qadınlara və kişilərə bərabər haqlar verilməsi (1926-1934)
– Papaq və paltar inqilabı (25 noyabr 1925)
– Təkkə, zaviyə və türbələrin bağlanması (30 noyabr 1925)
– Soyadı qanunu (21 iyun 1934)
– Ləqəb və titulların ləğvi (26 noyabr 1934)
– Beynəlxalq saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931)
Hüquq sahəsində
– Osmanlı Məcəlləsinin ləğvi (1924-1937)
Təhsil və Mədəniyyət sahəsində
– Tədrisin birləşdirilməsi (3 mart 1924)
– Yeni türk əlifbasının qəbulu (1 noyabr 1928)
– Türk Dil və Tarix qurumlarının təşkili (1931-1932)
– Universitet təhsilinin nizamlanması (31 May 1933)
– İncəsənətdə yeniliklər
İqtisadi sahədə
– Kəndlilərdən alınan Onda bir vergisinin ləğvi (1925)
– Fermer fəaliyyətinin təşviqi
– Nümunəvi fermer təsərrüfatlarının qurulması
– Sənaye Təşviq Qanununun qəbul edilərək sənaye obyektlərinin qurulması
– I və II İnkişaf Planlarının (1933-1938) tətbiq edilməsi, ölkədə yeni yolların salınması
Əsərləri
– Tabiye Meselesinin Halli və Emirlerin Sureti-Tahririnə Dair Nesayih
– Takımın Muharebe Talimi (Alman dilindən tərcümə-1908)
– Cumalı Ordugâhı – Süvari: Bölük, Alay, Liva Talim və Manevraları (1909)
– Tabiye və Tetbiqat Seyahati (1911)
– Bölüğün Muharebe Talimi (Alman dilindən tərcümə-1912)
– Zabit və Kumandan ile Hasbihal (1918)
– Nitq (1927)
– Vətəndaş üçün Mədəni Bilgilər (1930)
– Həndəsə (1937).

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Mustafa Kemal Atatürk içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.