Nazım Hikmət – Dostum Rəsul Rza

Rasul Reza14

Bugünkü poeziya ilə şərab arasında nəsə bir oxşarlıq var. Belə ki, şərab nə qədər təzədirsə, o qədər təravətlidir, yaşı çoxaldiqca, köhnəldikcə bir o qədər tündləşir. Bunu tamamilə Azərbaycan şairi Rəsul Rzanın şerlərinə aid etmək olar.

Mən Rəsul Rzanın 1958-ci ildə “Qoslitızdat’ın çap elədiyi məcmuəsini oxumuşam. Burada 1931-ci ildə yazılmış şerler var. Məsələn, “Bolşevik yazı”. Bu şerlər indiyəcən öz təravətini itirməyib. İllər keçdikcə onlar yaşlanıb böyüyür, ancaq köhnəlmirlər. Kitabdakı son şer 1956-cı ildə yazılıb. Ancaq mən Rəsul Rzanın lap sonra yazılmış təzə, canlı şerlərini oxumuşam. İnanıram ki, bunlardan çoxu 1975-ci ildə də beləcə təravətli qalacaq.

Azərbaycan ədəbiyyatında gözəl şairlər çoxdur. Vaqif, Sabir, Vurğun, Süleyman Rüstəmin şerlərini imzasına baxmadan əlüstü tanıyırıq. Hətta başqa dilə çevriləndə belə. Rəsul Rza da belə şairdir. Onun şerlərini bəyənib bəyənməmək öz işinizdi, ancaq siz onun şerlərini başqa şairlərin şeri ilə qarışdıra bilməzsiniz. Məncə, şairin şerlərinin bəyənilib bəyənilməməsindən daha çox, onun özümlü və bənzərsiz olması gərəkdir. Məni düz başa düşün. Əsla o fıkirdə deyiləm ki, sənətkarlar bir-birinə təsir etməməlidir. Yer üzündə elə bir şair yoxdur ki, o, sevdiyi bir, yaxud bir neçə şairin təsiri altında olmasın. Rəsul Rzanın şerlərində də Füzulinin, Sabirin, Mayakovskinin təsiri görünür. Ancaq bu təsir öz dərinliyi baxımından çox müxtəlifdir. 0, hər şeydən öncə yağışın taxıl zəmisinə etdiyi təsirə bənzeyir. Yağış dənin üzərində ona görə qalır ki, onun cücərib boy atmasına yardım eləsin.

Ötən il Rəsul Rza İraqa getmişdi. Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparırdı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şerlər İraqda yaşayan türkmənlərin şerləri idi.

Rəsul Rza xalq və klassik ədəbiyyata böyük pərəstiş edən bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorlarından biridir. Üç ildir o, Füzuli haqqında böyük bir poema üzərində işləyir. Axı, novatorçuluq inkar etməkdən deyil, ədəbi irsdən bəhrələnrkdən başlayır. Azərbaycan ədəbi irsində, eləcə də başqa xalqların— onların içində birinci sırada rus ədəbi irsində şair üçün dərin, dəyərli, yararlı nə varsa Rəsul Rza götürüb bəhrələnir.

Rəsul Rza bugünkü Azərbaycan poeziyasına şəhərin danışıq dilini, bu dilin ahəngini gətirib. Danışıq dili deyəndə Bakı, Kirovabad dialektlərini nəzərdə tutmuram, bütün Azərbaycan şəhərlisinin dilini deyirəm. Bu baxımdan Rəsul Rza Sabir gələnəyinin — ənənəsinin davamçısıdır. Məgər yaşadığı çağın poeziyasına şəhərli dilini Sabir getirməyib? Yeri gəlmişkən, demək lazımdır ki, Rəsul Rza yaradıcılığı Sabirdən qeyri-adi şəkildə faydalanmışdır. Sabir poeziyasındakı satirik elementlər, polemik kəskinlik, məntiq üstündə satira və polemika yaratma bacarığı, şer texnikası Rəsul Rza poeziyasına təbii, orqanik bir şəkildə təsir edib. Rəsul Rza sözü nə şişirdir, nə də bayağılaşdırır. O inanır ki, hər bir söz öz yerində olsa, poeziya bağında çiçəkləyə bilər. Məzmunu, mövzu baxımından şerin imkanları nə qədər hüdudsuzdursa, bu mövzunun ifadəsi üçün işlənən sözlər də o qədər sonsuz olmalıdır.

Rəsul Rza şerin texnikasına bir doqmatik kimi baxmır. O, qafiyəni, ölçünü rədd etmir, ancaq nəzm aləmindəki qayda-qanunları da qəbul etmir. Şeri ölçülü də yazmaq olar, ölçüsüz də, qafıyəli də, qafıyəsiz də. Bilə-bilə, qəsdən qafiyəsiz yazmaq və qafkiyə işlətmək xatirinə qafiyə ilə şer yazmaq ən böyük formalizmdir. Rəsul Rza qafiyə məsələsini belə başa düşür: Yorulmadınmı?

Cüt olur qulaqları

insanın,

Nə olsun?

Elə buna görə gərək

bütün sətirləri

divara xalça mıxlayan kimi

qafiyələyək?

Həm də yan-yana,

cüt-cüt.

Şairə yazığın gəlmirsə

oxucuya yazığın gəlsin.

Qoy qulaqları bir az…

Gözləyirsən, deyim:

dincəlsin!

Yox, “sakit olsun”.

Belə!

Qafiyəsiz.

Bu sözlərin

elə bilmə

hər cürə qafiyəyə dairdir

Yox.

Qafiyəyə nə gəlib

Axtaran olsun gərək.

Qafiyəyə nə olub

Çeynəyib gövşəməsək.

Onu yaman günə qoyan

Qələmi küt şairdir.

Sözüm belələrinə dairdir.

Dünya ədəbiyyatında bütün xalqların dilində Lenin haqqında çox şerlər yazılıb. Bu şerlərin hamısını oxuyub qurtarmağa insanın ömrü çatmaz. Məncə Rəsul Rzanın “Lenin” poeması bu mövzuda yazılmış yaxşı poemalardan biridir.

May ayının on doqquzunda Rəsul Rzanın 50 yaşı tamam olur. Dostuma can sağlığı diləyirəm.

“Literaturnaya qazeta”, may, 1960.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.