Nizami Gəncəvi – Həyatı

nizami gencevi4

Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncədə də vəfat etmişdir. Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Yaradıcılığı

Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Avropa yazıçıları NizamiGəncəvi haqqında

avropa yazarları Nizami az
avropa yazarları Nizami eng
avropa yazarları Nizami rus
XƏMSƏ (poemaları)
1. “Sirlər xəzinəsi” poeması
2. “Xosrov və Şirin” poeması
3. “Leyli və Məcnun” poeması
4. “Yeddi gözəl” poeması
5. “isgəndərnamə” poeması
 Nizami Gəncəvinin məqbərəsi Gəncə şəhərində yerləşir

    Şeyx Nizaminin məzarı əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Gəncəyə yolu düşən bütün insanların müqəddəs bildiyi yer olmuşdur. Onlar böyük iftixar hissi ilə şairin qəbrini ziyarət etmişlər. Lakin bunlara baxmayaraq son dövrlərə qədər ulu Nizaminin qəbrinin üstündə tarixi keçmişdən xəbər verən memarlıq quruluşunda tikilmiş, xarici görkəmi səliqəli olan abidə olmamışdır. Yalnız 1940-cı ildə milli memarlıq üslubunda, əvvəlcədən işlənib hazırlanmış layihə əsasında Məqbərənin əsaslı inşasına başlanmışdır. Böyük Vətən müharibəsi bu xeyirxah işi bir qədər ləngitmişdir. Müharibədən sonra Məqbərənin tikintisi tamamlanmış və 1947-ci ildə Nizaminin anadan olmasının 800 illiyi münasibətilə hündürlüyü 15,2 metr olan abidənin təntənəli açılışı olmuşdur.

Müəyyən dövr keçdikdən sonra abidənin vəziyyəti müasir həyatın tələbləri ilə uzlaşmadı. İş onda idi ki, hələ Məqbərə bina edilərkən (1947) çox əzəmətli və cəlbedici görkəmdə olmamış, ətraf ərazidə lazımi səviyyədə abadlıq, quruculuq işləri aparılmamışdır. Tikinti zamanı yüksək möhkəmliyə malik olmayan yerli inşaat materialı olan əhəng daşından istifadə edildiyindən Məqbərənin xarici divarları ətraf mühitin təsirindən ciddi aşınmaya məruz qalmışdır.

Abidə öz xarici görkəmini itirərək, o vəziyyətə düşmüşdür ki, onu yenidən qurmadan, bərpa etmək qeyri-mümkün olmuşdur və beləliklə də, Nizami Məqbərəsinin yenidən qurulması və ətrafındakı ərazinin abadlaşdırılması zərurəti yaranmışdır.

1979-cu ildə Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyev respublikaya rəhbərlik edərkən «Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında» Azərbaycan KP MK-nın qəbul etdiyi 6 yanvar tarixli qərarında bu məsələ də öz əksini tapmışdır.

 Böyük tarixi əhəmiyyətə malik olan bu qərardan sonra respublikada görülən digər işlərlə yanaşı Nizami Gəncəvinin Məqbərəsində də təmir və bəzi bərpa işləri aparılmışdır. Buna baxmayaraq abidənin şairin adına layiq yenidən qurulması ən vacib bir məsələ kimi daim respublika rəhbərinin diqqət mərkəzində olmuşdur.

 Respublikanın rəhbəri Heydər Əliyev 1980-ci il iyulun 4-də Gəncədə «Zərrabi» memarlıq abidəsində Azərbaycan KP MK-nın sözügedən qərarına müvafiq olaraq yaradılmış Nizami poeziya teatrında olarkən, Nizaminin Məqbərəsinin yenidən qurulması üçün həyata keçirilən tədbirlərlə bir daha maraqlanmış və görüləcək işlərin sürətləndirilməsinə dair müvafiq göstərişlər vermişdir.

  Məqbərəni milli üslubda yenidən qurmaq və onun ətrafındakı ərazini abadlaşdırmaq haqqında konkret qərar 1981-ci ildə şairin 840 illik yubileyinin Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin diqqəti və cəsarətli mövqeyi sayəsində sovetlər birliyi məkanında böyük təntənə ilə qeyd olunduğu ərəfədə verilmişdir.

  1991-ci ildə YUNESKO-nun təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyinin dünya miqyasında qeyd olunması nəzərə alınaraq, Heydər Əliyevin bilavasitə qərarı və təşəbbüsü ilə həyata keçirilməyə başlanmış, xeyirxah işə Nizami Məqbərəsinin yenidən qurulmasına yubileyə hazırlıq dövründə xüsusi diqqət yetirilmişdir. 

      Abidənin Məqbərə kompleksi kimi yenidən qurulması üçün hazırlanmış layihə Gəncə şəhər Sovetinin 20 iyun 1989-cu il tarixli qərarı ilə reallaşmağa başlamışdır. Layihənin müəllifi əməkdar arxitektor, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Fərman İmamquliyev, heykəltaraşı əməkdar rəsam Qorxmaz Sücəddinov, konstruktoru Ağakişi Qəhrəmanovdur. Nizami dünyasının böyüklüyü ilə həmahəng olan möhtəşəm Məqbərə kompleksi 1991-ci ilin sonunadək tikilib qurtarmışdır. Məqbərə Azərbaycanın XII əsr memarlıq üslubunda tikilmiş və milli bədii cizgilərini özündə cəmləşdirmişdir. Məqbərənin inşasında yüksək möhkəmliyə malik olan qırmızı qranit daşdan istifadə edilmişdir. Əsasən daş Ukraynadan alınmış, Sankt-Peterburqun «Bazalt» firmasında cilalanmışdır. Məqbərənin hündürlüyü 22,4 metrdir. Məqbərənin en kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Abidənin daxilində onun lap aşağı hissəsində şairin sərdabası yerləşir. Buraya eyni vaxtda sərbəst girişi və çıxışı təmin edən xüsusi konstruksiyalı iki taylı qapı qoyulmuşdur. Şairin sərdabasını ziyarət etmək üçün döşəmədən 3,5 metr yuxarı yarusda abidənin daxili konturu boyunca 1,3 metr enində eyvan şəkilli keçid qalereyası quraşdırılmışdır. Qalereyanın giriş və çıxış qapısı vardır. Məqbərəyə gələnlər qalereya ilə arası kəsilmədən keçərək, şairin sərdabasına toxunmadan, onu yaxından daha yaxşı seyr edərək, özlərindən asılı olmayaraq böyük şairin şəxsiyyəti qarşısında baş əyərək təzim etməklə ziyarət edirlər. Abidənin daxilinin bu quruluşda tikilməsi onu daha da müqəddəsləşdirir. 

     Nizami Gəncəvinin Məqbərəsi Azərbaycan xalqının mənəviyyatıdır, onun qeyrətidir. Abidənin silueti Gəncə şəhərinin embleması kimi qəbul edilmişdir. Gəncənin şərq istiqamətindəki girişində quraşdırılmış, şəhərin adını və simvolik rəmzlərini əks etdirən konstruksiyanın ümumi görünüşündə də Nizami Məqbərəsinin silueti təsvir edilmişdir. Məqbərənin ətrafı başdan-başa yenidən qurulmuş, abadlaşdırılaraq 6 hektar sahədə yaşıllıqlar yaradılmış və ağaclar əkilmiş, «Xatirə» parkı salınmışdır. Əraziyə milli bəzəklə hasiyələnmiş dəmir hasar çəkilmişdir. Ərazidən keçən Bakı-Gəncə magistral yolunda yenidənqurma və yol-tikinti işləri aparılmış, yeni körpülər, tunel və yerüstü keçid körpüləri quraşdırılmışdır. Beləliklə də, Məqbərə kompleksində avtomobil nəqliyyatının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək üçün şərait yaradılmışdır.

        Məqbərə kompleksinə 40 km məsafədə yerləşən Göygöldən içməli sərin bulaq suyu – «Ağ su» çəkilmiş və «Xəmsə» bulağı tikilmişdir. Göygöl Kiçik Qafqazın dağlıq zonasında göldür. Ağsu çayının orta axınında, dəniz səviyyəsindən 1556 m hündürlükdə Ağsu yaşayış məntəqəsindən 7 km məsafədə yerləşir. Göygöl 1139-cu ildə zəlzələ zamanı Kəpəz (Alparaq) dağının bir hissəsinin uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində əmələ gəlmişdir. Göygöl dağ iqlim kurortu zonasıdır. Göygöl cənub göllərin incisidir. Göygölün ətrafında yaxşı istirahət etmək üçün təbiət çox zəngindir. Gəncədən çox da uzaq olmayan Göygöldə Nizami Məqbərəsinə gələnlər çox yaxşı istirahət edə bilərlər. Məqbərə kompleksində qonaqları qəbul etmək, bütün mədəni-kütləvi tədbirləri, xüsusilə də hər il sentyabr ayında böyük ədəbi bayram kimi qeyd olunan Nizami poeziya günlərini yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılmışdır. Məqbərənin şimal tərəfində gülə qərq olunmuş ərazidə 5 yerdə   «Xəmsə» səhnə meydançaları düzəldilmişdir. Burada yerli artistlərin iştirakı ilə dahi şairin poemaları əsasında səhnələşdirilmiş tamaşalar göstərilir. Ətraf ərazinin abadlaşdırılmasında əsas yeri Baş xiyaban tutur. Məqbərənin girişinə doğru gedən bu xiyabanın eni 40 m, uzunluğu isə 120 m-dir. Buradan məqbərənin əzəmətli görünüşü açıq-aydın seyr edilir. Baş xiyabanda çiçəklik yaratmaq üçün eyni ölçülü beş yer ayrılması, ətrafdakı ərazidə hər birində beş ədəd sufışqırdan olan beş güclü fəvvarənin quraşdırılması bir daha Şeyx Nizaminin «Xəmsə»sinin böyüklüyünü təcəssüm etdirməklə, şairin poeziya sənətinin lirik əhval-ruhiyyəsi ilə Məqbərə kompleksinin ğədii estetik tərtibatını daha da zənginləşdirir.

     Məqbərənin şimali-qərbində yerləşən ərazidə kiçik xiyaban salınmışdır. Bu xiyabanın sol tərəfində açıq səhnəsi olan yaşıl amfiteatr, sağ tərəfdə isə ərazinin relyefinə uyğun kiçik süni göl düzəldilmişdir. Xiyabanın qurtaracağındakı meydançada isə şairin «Xəmsə»sinə həsr edilmiş monumental təsviri incəsənət əsərlərinə xüsusi yer ayrılmışdır. Burada qranit kürsülük üstündə şairin hər əsərindən bir fraqmenti əks etdirən tuncdan hazırlanmış heykəltəraşlıq kompozisiyaları quraşdırılmışdır. Kompozisiyalarda verilmiş bədii süjetləri canlı seyr edərək, burada təsvir olunan obrazlar əyani olaraq yaddaşlara həkk olunur. Məqbərə kompleksində əzəmətli heykəltəraşlıq kompozisiyasının yaradılması onun bədii tərtibatını dahi Nizaminin«Xəmsə»sinin müdrik məzmununu ifadə edən epizodlardan dəyərli bir töhfə kimi tamamlayır. Dünya ədəbiyyatının korifeylərindən olan, Azərbaycan xalqının dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsi indiki Gəncə şəhərinin mərkəzindən təqribən 7 km şərqdə, «Şıx düzü» deyilən yerdə, Gəncə-Bakı avtomobil yolunun üstündədir. Dahi Nizaminin dəfn olunduğu bu ərazi VII-XVII yüzilliklərdə mövcud olmuş köhnə Gəncənin cənub-şərqinin 3 km-də yerləşir. Bura vaxtilə qəbiristanlıq olmuşdur. Burada XII əsrdə Şərq qadınlarının mənəvi iztirablarını, dövrünün mütərəqqi fəlsəfi fikirlərini öz rübailərində cəsarətlə tərənnüm edən məşhur şairə Məhsəti Gəncəvi də dəfn edilmişdir. Şairin qəbri əsrlər boyu bu ətraf ərazidə gedən çoxlu qanlı döyüşlərin şahidi olmuşdur. 1231-ci ildə bu qəbiristanlığın yaxınlığında cənub-qərb istiqamətində yerləşən ərazidə Gəncədə Xarəzm şahının oğlu Sultan Cəlaləddinin zülmünə qarşı qaldırılan üsyana başçılıq edən Bəndər qanlı döyüşdə qəhrəmancasına vuruşmuş, şəhidlik zirvəsinə yüksəlmişdir.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT, MEŞHURLAR içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.