Cavad xanın həyat yoldaşı Mələk-Nisə bəyim vida nitqi

Cavad xan

İşğalçılarla son damla qanınadək vuruşan Cavad xan 4 yanvar 1804-cü il tarixində Gəncə Qalasının Hacı-xan bürcündə əlində qılınc şəhid oldu…
Cavad xanın qəhrəmanlığına heyran qalan və Gəncə əhalisinin öz xanına olan hədsiz ehtiramının canlı şahidi olan general Sisianov, Cavad xanı və oğlu Hüseynqulu xanı Şah Abbas məscidinin bağçasında öz babalarının yanında hörmətlə dəfn etməyə icazə verir.
Cavad xanla son görüşə bütün Gəncə və Gəncəbasar axışıb gəlir.
Dəfn mərasimində xanın həyat yoldaşı Mələk-Nisə bəyim Gəncə ağsaqqallarından və axundlarından vida nitqi söyləmək üçün izn alır.
Sözünə başlamamışdan camaata müraciət edərək, onlardan ağlamamağı xahiş edir:
“Vətən uğrunda ölənlər şəhiddir, cənnətməkandır, onları ağlamayın lütfən!”
Hesab edirik ki, Mələk-Nisə Bəyimin ancaq Azərbaycan qadınına xas ola biləcək tərzdə söylədiyi bu nitq tariximizin ən şanlı səhifələrindən biridir!
Onun düşmənlərin də iştirak etdiyi dəfn mərasimində söylədiyi nitqdən ixtisar edilmiş bir parçanı sizlərin diqqətinə çatdırırıq.
Mələk-Nisə Bəyim üzünü Cavad xanın tabutana tutub dedi:
“Ey başımın tacidarı, qəhrəman sərvərim, Xan Cavadım!
Kədər dolu qaranlığa malik bu tabutun mənə günəşin zaman qürubunu andırır…
Bu günəş sirət bir qəhrəmanmış, həm də mücəssəm həmiyyət[*1] !
Sən nuş etdiyin həyatın son qoxusunu hiss edib, aslantək cəngahə[*2] girişdin, atəşbar toplara oturub[*3], üzünü Allaha çevirərək sülhi-əbədiyyətə qovuşdun.
Məsudi-zaman!
Sağəri Şəhadəti[*4] mərdanə nuş etdin, Mərhaba!
Bəli!
Niyyəti-Hürriyyət.., səni məqami-müqəddəsə, Şəhadətə isal etdi!
Ey zahir!
Məramın bu beş günlik dünyanın fənalığında üç günlük hürriyyət qazanmağıydı, ancaq şanlı Şəhadətin səni hüriyyəti-əbədiyyətə qovuşdurdu!
Ey qəhrəman!
Sən səhabələr səfasındasan!
Vətən uğrunda etdiyin fədakarlıqlar, qazandığın niknamlar[*5], hər tərəfdən gözəl mələklər surətində səni istiqbal edirlər!
Ey Ər oğlu Ər!
Sən bu qan dənizlərində əl-ayaq çalarkən ürəklər çırpınması ilə bu taxteyi-tabuta sıçradın.
Şimdi sahili-səlamətə gedirsənmi?
Get!
İndən sonra heç bir əsrdə məsləki-həqiqin[6] olan Hürriyyətin bu sədası, əfradi-millətin[6] qulaqlarından çıxmayacaqdır!
Get… Xatircəm get!
İftixarlı adın Millətin xatirindən ta qiyamətədək silinməyəcəkdir!
Tabutun bu qaranlıq bacalarından məzarın bu soyuq torpaqlarına çəkidə olan Hürriyyətin hürnavər qanları əsla itməyəcəkdir!
Bu qanlar bir qəhrəmanın Vətən uğrunda olan can israrlıqlarını Cənabi-Həqqə isbat edəcəkdir.
Ey Hürriyyət, sən necə aləmrübasan!
Dünənləri bu qəhrəmanın hücumlarına qarşı duramayan bu rus ordularını bu gün bu qəhrəmanın məzarı üzrə başları açıq qara baydaqlarla saxlayırsan[8].
Əfsus, baxtın müsaidəsizliyi..”
_________
Bax budur Azərbaycan Qadını!
Bu Tomrisin, Nüşabənin, Məhsətinin, Burla xatının, Səlcan xatının, Sara xatının Mələk-Nisə bəyim vasitəsiylə öz nəvə-nəticələrinə, müasir Azərbaycan qadınına verdiyi bir nəsihətdir!
Dünya üzü çox müharibələr, çox savaşlar görüb, lakin döyüşdə şəhid olan ərinin məzarı üstə düşmənlə üz-üzə məğrur, başı dik dayanıb, göz yaşı belə tökmədən vida nitqi söyləyən, şəhid olan ərinin hürriyyət savaşını alqışlayaraq bununla xalqını istiqlal mücadiləsinə səsləyən ancaq Azərbaycan qadını ola bilər!
İsmətli, qeyrətli, məğrur analardan qəhrəman oğullar doğular!
Yerin behişt olsun, qəbrin nurla dolsun ulu nənəmiz!
Müzadil Zauroğlu
________
[1]- Mücəssəm həmiyyət- cisimlənmiş(canlı) Vətən(ailə) qeyrəti(namusu)
[2]- Cəngahə girişib- cəngə, savaşa girib
[3]- Cavad Xan topun üzərinə çıxaraq əlində qılınc savaşa-savaşa şəhid olmuşdu.
[4]- Sağəri Şəhadəti- Şəhadət(şəhidlik) badəsini
[5]- Niknam- Yaxşı ad qoymyuş, yaxşılıqla xatırlanan işlər
[6]- məsləki-həqiqin – həqiqi əqidə, etiqad, inam
[7]- əfradi-millətin- Millətin fərdlərinin, şəxslərinin
[8]- Cavad xanın şəhadəti işğalçılarsa belə ona böyük ehtiram doğurub.
Ruslar onu böyük ehtiramla dəfn ediblər. Cavad xanın tabutu top lafedinə qoyularaq, böyük nəzakət və hərbi intizamla İç-Qaladan Şah Abbas məscidinə aparılıb. Qara lent bağlanmış rus bayraqları aşağı endirilmiş, ehtiram əlaməti olaraq top və muşketlərdən atəş açılmışdır.
_______________
Nitqin orijinal dili olduqca qəliz olduğundan onu bir az ixtisar və uyğunlaşdırmalarla vermişik.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı TARİH içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.