İSLAM SƏFƏRLİ

islam seferli38

 
12 fevral 1923-cü ildə bütün Şərqin böyük alimi olan Nəsirəddin Tusi və Azərbaycanda və Rusiyada şöhrət qazanmış Kəngərlilər nəslində indiki Babək rayonunun Şəkərabad kəndində bir körpə dünyaya göz açdı. Adını İslam qoydular. Sonralar şair-dramaturq, gözəl nəğmələr müəllifi kimi tanınacaq İslam Əhməd xan oğlu Səfərli. Özü də bilmədi ki, qısa ömründə Azərbaycan poeziyasına özünəməxsus çələnglər hörəcək, nəğməkar şair kimi daim xalqın qəlbində yaşayacaq.
İslam Səfərli 18 yaşına çatar-çatrmaz Böyük Vətən Müharibəsinin oduna-alovuna sinə gərmək üçün 13 nəfər məhəllə dostu ilə könüllü olaraq cəbhəyə yollanacaq, qısa zaman kəsiyində bir döyüşçü, kəşfiyyatçı kimi ad qazanacaq, cəbhə və yerli qəzetlər onun şeir və sənədli oçerklərini dönə-dönə çap edəcəklər.
Müharıbə qurtardıqdan sonra sinəsini orden və medallar bəzəyən İslam Səfərli bir qəhrəman şair-kəşfiyyatçı kimi doğma Vətənə döndü.
Şair-publisist , bu yaxınlarda dünyasını dəyişmış mərhum Vaqif Məmmədov yazır: “İslam Səfərli 1941-1945-ci illər müharibəsinin iştirakçısı kimi müharibənin bütün dəhşətlərini görmüş və bu keşməkeşli həyat yolu şairin yaradıcılığında, xüsusilə poeziyasında əhatəli şəkildə əks olunmuşdur. Lap yeniyetmə yaşlarından cəbhəyə gedib əvvəllər məşhur 416-cı Taqanroq diviziyasının tərkibində vuruşan, sonralar Şimali Qafqazdan Krıma, Uktraynayadək, Baltik ölkələrinədək ağır döyüşlərdə iştirak edən, mahir kəşfiyyatçı kimi böyük şücaətlər göstərən, yaralı vəziyyətdə də öz əzmini və qürurunu itirməyərək düşmənə ağır həmlələr endirən şairin müharibəyə getduyi ilk gündən Qələbə gününə qədərki hadisələri dolğun şəkildə qələmə alması onun yüksək istedadının, eyni zamanda böyük Vətən sevgisinin təzahüri kimi diqqəti cəlb edir…”
Məhz buna görədir ki, şairin müharibə mövzusu yaradıcılığı boyu onun şeirlərində, poemalarında, oçerklərində daim özünü göstərməkdədir.
1946-cı il onun həyatında ən uğurlu bir il kimi yaddaşında qalır. Artıq o, Bakı Dövlət Universitetinin tələbəsidir. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, Osman Sarıvəlli kimi sənət fədailərindən dərs alır.
XX əsr Azərbaycan poeziyasında poeziyamızın ağsaçlı qartalı kimi şöhrət qazanan Səməd Vurğunun tələbəsi və yetirməsi kimi qısa müddətdə ad qazanan İslam Səfərli hələ tələbəykən 1950-ci ildə “Mingəçevir mahnısı” adlı ilk kitabını nəşr etdirir.
İ . Səfərli bir il sonra,1951-ci ildə tələbəlik həyatından bəhs edən və gənclərin stolüstü kitabına çevrilən “ Darülfunun şeirləri” adlı kitabını çap etdirir. “Darülfunun pillələrində”, “Yataqxana”, “Xidmətçi qadın”, “Təhsil illəri”, “Yasəmən”, “Məktəbdən həyata”, “Təzə müdir” və sairə şeirləri şairin tələbə vaxtı müşahidə etdiyi və qələmə aldığı ən maraqlı şeirlərindən olmaqla yanaşı, tələbələrimizin ən çox sevdikləri şeirlərdən olmuşdur.
Müharibədən illər keçməsinə baxmayaraq şair daim həmin dövrü tərənnüm edən əsərlər yazır. Məhz buna görədir ki, İ.Səfərli yaradıcılığı boyu daim müharıbədə keçdiyi o ağır günləri yada salır, əsərlərində dönə-dönə həmin illərə müraciət edir.
1948-ci ildə onun həyatında ən əlamətdar günlərdən biri olur. Şair sonralar həmin tarixi yada salaraq yazırdı: “Bu gün ömrümün ən xoş günüdür. Axşam toyum olacaq. Şeirimizin ağsaçlı qartalı Səməd Vurğunu dəvət etdim. Vurğun məni ürəkdən təbrik edib əlimi sıxdı.Cibindən təyyarə bileti çıxarıb dedi: “İslam, xoşbəxt olasan, heyif ki, təcili iş üçün bu gün Moskvaya uçuram. Sənin şənliyində iştirak edə bilməyəcəyimə heyifsilənirəm.”
Göründüyü kimi şeirimizin ağsaçlı qartalı Səməd Vurğun İ. Səfərlinin tələbəlik vaxtı ən sevimli müəllimlərindən biri olmaqla yanaşı, sonrakı illərdə sənət yolunda çiyin-çiyinə addımladığlı ən yaxın sirdaşı olmuşdur.
İslam Səfərli həm də gözəl ailə başçısı olmuş, üç övladı- İlham, Dilşad, İradə dünyaya göz açmış, hamısı oxuyub ali təhsil almışdır.
Şair tələbilik həyatına son qoyduqdan sonra, 1953-cü ilədək “Ədəbiyyat” qəzetində incəsənət şöbəsinin müdiri, 1953-1959-cu illərdə Azərbaycan radio idarəsinin müxbiri, sonra ədəbi dram şöbəsinin redaktoru, televiziya ədəbi dram şöbəsinin müdiri kimi fəaliyyət göstərmiş, həmin illərdə qələmi yerə qoymamış, bir çox gözəl şeirlər, poemalar, pyeslər yazmışdır.
Onun “Ələsgər”, “Sınaq gecəsi”, “Qığılcım”, “Yaralı nəğmə”, “Fırtınalar adası”, “Dəfinə” “Çex qızının məhəbbəti”, “İki bacı”, “İnsan ləpiri”, “Birinci katib”, “Qeyrət qapısı”, “Abşeron yatağı” kimi poemaları ilə yanaşı, “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Yadigar” , “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” adlı pyesləri də vardır ki, bu pyeslər müxtəlif illərdə Naxçıvan, Bakı, Gəncə və başqa bölgələrin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Həmçinin şair bir tərcüməçi kimi də qələmini sınamış, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və başqalarından müvəffəqiyyətli tərcümələr etmişdir.
Həmçinin şair oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır.
İslam Səfərli Nəğməkar şair kimi də tanınmış, “Ağ şanı, qara şanı”, “Aylı gecələr”, “Ana”, “Badamlı”, “ “Batabat bulağı”, Bakı, sabahın xeyir”,”Bir könül sındırmışam”, “Dalğalar”, “Həkim qız”, “Qonaq gəl bizə”, “Naxçıvan”, “Nə vaxta qaldı”, “Pıçıldaşan ləpələr”, “Zərif gülüşlüm”, “Zəriflik” və sairə kimi məşhur mahnıların sözlərinin müəllifidir.
Təsadüfi deyil ki, həmin mahnılara Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Ramiz Mirişli, Səid Rüstəmov, Arif Məlikov, Nəriman Məmmədov və başqa tanınmış bəstəkarlar müraciət etmişlər.
Akademik İsa Həbibbəyli yazır: “İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin də görkəmli yaradıcısıdır.Təsviri sənətdə “Naxçıvan yadigarı” silsiləsinin qüdrətli yaradıcısı Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli bu qədim diyarın təbiətinin zəngin palitrasını, insanlarının qürurunu və müdrikliyini rənglərin təbiiliyində böyük sənətin sadə, aydın və möhtəşəm cazibədarlığı səviyyəsinə ifadə etmişdir. Azərbaycan musiqisində isə dillər əzbəri olan “O Naxçıvandır”, “Barı Naxçıvan” mahnıları istisna olmaqla Naxçıvan mahnıkları yaratmaq missiyasını hamıdan çox görkəmli bəstəkarımız Ramiz Mirişli yerinə yetirmişdir. Tərəddüd etmədən demək olar ki, son yarım əsrdən artıq dövrdə ayrı-ayrı şairlər tərəfindən bu mövzuda bir neçə fərqli uğurlu nümunənin yaradılmasına baxmayaraq, şeirimizdə Naxçıvan silsiləsinin yaradılmasında İslam Səfərli birinciliyi və ən uca zirvəni fəth etmiş sənətkar olaraq qalır…”
Ümumilikdə şair daim doğma Azərbaycanımızı öz gözəl şeirlərində tərənnüm etmiş, sevdiyi Xəzərə bir çox şeirlər həsr etmişdir:
Sinən bir ağ gümüşdü, gümüşdü,
Gözüm hüsnünə düşdü, nə düşdü.
Sahilində işıqlar qızıldı,
Yel dəydi,göy köynəyin sızıldı,
Suların çin-çin oldu, Xəzərim,
Ləpən göyərçin oldu, Xəzərim…
Azərbaycanımızın bütün dilbər guşələrini gəzən şair qısa ömür yaşamasına baxmayaraq, əlindən qələmi yerə qoymamış, daim gördüklərini lirik hissilərilə qələmə almışdır.
İslam Səfərli yaradıcılığına daim dövlətimiz tərəfindən qayğı və diqqət göstərilmiş, doğma yurdu Naxçıvanda və paytaxt Bakıda dəfələrlə şairin yubileyləri qeyd edilmişdir. Belə ki, 18 yanvar 2013-cü ildə Naxçıvan MR Ali Məclisi Sədrinin Sərəcamı ilə şairin 90 illik yubileyi geniş şəkildə qeyd olunmuş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturqun “Göz həkimi” pyesi müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.Həmçinin Naxçıvan MR Ali Məclisinin ictimai-siyasi,ədəbi bədii, elmi-publisistik jurnalı olan “Naxçıvan”ın 2013-cü il 26 sayı tamamilə şairin 90 illiyi ilə əlaqədar nəşr olunmuşdur.
Fevral ayının 12-si şairin anadan olmasının 93 ili tamam olur. 1974-cü ildə dünyasını dəyişən şair bu keçən illər daim qəlbimizdə yaşadı, gözəl nəğmələrinə doymadan qulaq asdıq.
Nə qədər ki, Azərbaycan var, adına Bakıda və Naxçıvanda ünvan olan, gəmilərdən biri adını daşıyan əməkdar incəsənət xadimi İslam Əhməd oğlu Səfərli daim ürəklərdə yaşayacaq, mahnıları ürəklərə yol tapacaq…
Azərbaycan Teatr xadimləri, Azərbaycan
Rəssamlar İttifaqının üzvü, Naxçıvan MR
Əməkdar rəssamı Əli Səfərov.

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı EDEBİYAT, Uncategorized içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.